Bildiyimiz kimi, Quranı daha yaxşı anlamaq üçün Həzrət peyğəmbərin (s) zamanından indiyə qədər yüzlərlə təfsir yazılmışdır. 14 əsr ərzində yazılan təfsirlər böyük bir külliyyat əmələ gətirmişdir. Təbii ki, ilk zamanlarda yazılan təfsirlərin böyük əksəriyyəti ərəbcədir. Quranın başqa dillərdə, xüsusilə fars və türk dillərində təfsiri nisbətən sonrakı tarixlərə təsadüf edir.
Klassik təfsir növlərinin təsnifində şiə alimlərinin təfsirləri xüsusi yer tutur. Bunlardan bəziləri aşağıdakılardır:
1. Əbul Həsən Əli bin İbrahim əl Qummi (h 4, m 10-cu əsr) “Təfsiri Qummi”
2. Əbu Cəfər ət-Tusi (h 460, m 1068-ci il) “Təfsiri Tibyan”
3. Əbu Əli ət-Təbərsi (h548, m 1153-cü il) “Məcməul-bəyan fi ulumil-Quran”
4. Muhəmməd ibn Murtəza əl-Kaşani (ö. h 1091, m 1670) “Əs-Safi”
5. Muhəmməd əş- Şəvqani( ö.h 1250,m 1834) “Fəthul-Qədir”
6. Muhəmməd Hüseyn ət-Təbatəbai ( ö. h 1388, m 1971) “Əl-Mizan fi təfsiri Quran”

Şiə təfsirlərindən biri də “Kəşful-Həqayiq”-dir. Bu əsərin müəllifinin adı Mir Muhəmməd Kərim əl-Musəvi Mircəfərzadədir. Həzrət Əlinin (ə) nəslindən olan (imam Museyi-Kazımın övladlarından) Mir Muhəmməd 1853-cü ildə Bakıda dünyaya gəlib, 1938-ci ilin mart ayının 15-də isə anti-sovet və dini təbliğat apardığı iddiasıyla güllələnib.
“Kəşfül-Həqayiq” təfsiri klassik mənada “Fatihə”dən “Nas” surəsinə qədər sistematik bir təfsirdir. Müəllif əsərinə qısa bir ön sözlə başlamış və dərhal “Fatihə” surəsinə keçmişdir. O, surələrdəki “Bismillah”ı ayə sayıb, surənin nazil olma səbəbindən qısa şəkildə bəhs edib, surənin neçə ayə, söz və hərfdən ibarət olduğunu bildirib. Ayələrin mənasını geniş şəkildə verdikdən sonra, lazım bildiyi yerlərdə geniş təfsiri izahlar edib. Surələrin sonunda isə (bir neçəsi istisna olmaqla) həmin surənin fəzilətinə dair rəvayətlərə yer verib. Müfəssir qaynaq olaraq əsasən İslam aləmində məşhur olan əhli-sünnə alimlərinin təfsirlərinə müraciət etməyi üstün tutmuşdur. Şiə məzhəbinin müfəssirlərindən isə yalnız Təbərsinin “Məcməul-Bəyan” təfsirindən istifadə etmişdir.

Təfsirin xüsusiyyətləri.
Şübhəsiz ki, hər təfsirin özünə xas bir üslubu və onu digər təfsirlərdən ayıran xüsusiyyətləri vardır. Bunlar müəllifin bilik, müşahidə, məslək, sosial və psixoloji vəziyyəti, özünü yaxın hiss etdiyi düşüncə və əqidə qrupuna aid düşüncələrdən qaynaqlanır, yaşadığı zamanın təsiri ilə formalaşır. Mir Məhəmməd Mircəfərzadəni başqalarından ayıran və yazdığı təfsirdə də əksini tapmış bəzi xüsusiyyətləri qeyd etmək yerinə düşər. Bunlar “Kəşfül-Həqayiq” təfsirinin xüsusiyyətləridir:

1. Şiəlik. Şiə məzhəbinə mənsub olan müəllif, bu cəhətini qabarıq göstərməyi xoşlamayan, yersiz təəssübdən uzaq olan və məzhəblər arası orta yolu tutmağa çalışan bir insan olub. O, şiənin həssas olduğu bəzi məsələlərin izahında mötədil davranmışdır. Bir sıra ayələrin təfsirində Əhli-Beytə olan sevgisini gizlətmədiyi kimi, onların sevgisindən istifadə edib təfriqəyə yol açanları da pisləmişdir. Belə ki, o, Həzrət Əlini (ə) məsum imam kimi qəbul edib, onun vilayətini və haqqında ayə endiyini təfsirində qeyd etmişdir. Lakin Quranı sadəcə imamların təfsir edə biləcəyi fikrinə qarşı çıxmışdır. Həmçinin zinanın qarşısını aldığı üçün “müvəqqəti nikah”ın halal olduğunu bildirsə də, bu mövzudan sui- istifadə edən alimləri qınamışdır. Məzhəblər arası təfriqəyə qarşı çıxan müəllif, haşımoğulları və vəhabilərin adını çəkərək tənqid etmişdir. Əbu Bəkr, Ömər və Osman barəsində heç bir hörmətsiz söz işlətməmişdir. “Qədir-xum”, “Cəməl”, “İfk” hadisələri kimi mövzularda tarixi qaynaqlardan istifadə etmişdir.

2. Fiqhi tərəfi. Müəllif fiqhi məsələlərdə məzhəblərin ortaq fikrini və ya üstün bildiyi bir fikri təsdiqləyib. Bəzən isə hansı məzhəbin fikri olmasından asılı olmayaraq, onu tənqid edib. Çox vaxt öz məzhəbinə uyğun dünyagörüşünü dəstəkləsə də, bəzən öz düşüncələrini də bildirib.

3. Rəvayət və tarixi hadisələr barədə mövqeyi. Müəllif ayələrin izahı, nazil olma səbəbləri və ya hikmətlərini və tarixi hadisələrə aid rəvayətləri geniş nəql edib, amma zəif rəvayətləri qəbul etməyib, müfəssirləri bu mövzuda tənqid edib. Artıq, lazımsız izahlardan uzaq durub.

4. Əqidə məsələlərindəki davranışı. Müəllif bu sahədə əsasən alimlər tərəfindən qəbul edilmiş məsələləri qəbul edib. Yalnız bir neçə məsələdə istisna təşkil edən fikirləri olub. Məsələn, İsanın cismən göyə qalxdığını qəbul etməyib və həmçinin Qiyamət günü sura üfürüləcəyini, ayın yarıldığını həqiqi yox, məcazi mənada qəbul edib.

5. Sosial və elmi mövzular. Təfsirin bir çox yerində mövzuları müasirləşdirən müfəssir bir sıra mövzularda da müasir təfsirlər vermişdir. Onlardan bəziləri aşağıdakılardır:
• vətən sevgisi, idarəetmə kimi siyasi məsələlər;
• havanın insan həyatı üçün əhəmiyyəti;
• “Zariat” surəsinin ilk 7 ayəsinin elmlə əlaqələndirilməsi;
• kosmos cismlərinin də ömrünün olması;
• isbatlanan elmi kəşflərin heç vaxt Quranla ziddiyyət təşkil etməyəcəyi və s.
6. Özünəməxsusluğu. Müfəssir özünəməxsus seçimlər edərək yeni fikirlər ortaya çıxarıb. Onlardan bəzisi bunlardır:
• “Fatir” surəsinin 1-ci ayəsində “Mələk” sözü “ağlın qüvvəsi”, “mələklərin qanadları” isə “ağıldan doğanqüvvələr”dir.
• “Sad” surəsinin 37-ci ayədəsində şeytan – “mahir usta”dır.
• “Bəqərə” surəsinin 27-ci ayəsində “Əhd” – “Allahın verdiyi kamil ağıl”dır.
• “Əraf” surəsinin 172-ci ayəsində “əhd alınan Adəm oğulları” yəhudilərdir.
• “İsra” surəsinin 79-cu ayəsindəki “Məqami-Mahmud”– Məkkənin fəthidir.
• “Nəml” surəsinin 40-cı ayəsində “Bilqeyisin taxtı” – Bilqeyisin hakimiyyətinin simvoludur, həqiqət deyil.
• “Nəml” surəsinin 82-ci ayəsində “Dabbə” – heyvan yox, insandır.
• “Loğman” surəsindəki Loğman – Davud peyğəmbər və yunanlı filosof Pifaqordan dərs almışdır.

7. Tənqidi xüsusiyyəti. Müfəssir demək olar ki, hər addımda səhvləri, ifratları,müsəlmanların birliyinə zərər verən və düşmənçiliyi körükləyən təəssübü çəkinmədən tənqid etmişdir. Bunu edərkən də “İslam milləti” ifadəsindən istifadə etmişdir. Tənqidlərinə özünü də qatıb və özünütənqiddən də istifadə edib. Xurafatlara, hətta Peyğəmbərin (s) hədsiz müqəddəsləşdirilməsinə qarşı sərt münasibət bəsləyib və hələ indi- indi məşhur olan “Quran ölülərə gəlməyib” ifadəsini o zamandan dilə gətirib.

Nəticə olaraq “Kəşfül-Həqayiq” 29-ci əsrin əvvəllərində yazılmış, Quran ilə yaşadığı zamanın insanını üzləşdirməyi hədəfə alan bir əsərdir. Müəllif zamanının problemlərini görən ziyalı bir şəxs olaraq, məzhəb təəssübü və ideoloji təəssübdən qat-qat yüksəkdə duran bir insan olub. O, İslam dünyasının böyük problemlərini görmüş, işıqlandırmış və həlli yollarını göstərməyə çalışmışdır. Məqsədi hər hansı bir ideologiya və ya məzhəbi haqlı çıxarmaq yox, insanların düşüncələrini Qurana tərəf yönləndirmək və Quranı müsəlmanların həyatına daxil etmək olub. Bu təfsirin nəşr olunmuş 3 nüsxəsi var: Biri Hacı Zeynalabdin Tağıyev tərəfindən Sultan 2-ci Əbdülhəmidə bağışlanmış (hal-hazırda dil və tarix qurumu kitabxanasındadır), biri əlyazmalar institutunda, digəri isə Mir Məhəmməd Kərim ağanın qızının evindədir. Təəssüf ki, hələ də bu əsər əski əlifbadan latın qrafikasına çevrilməyib. Uzun sürən təcavüzkar Sovet dövrünün bitməsindən 20 ildən çox vaxt keçsə də, bu diqqətəlayiq təfsir hələ yeni-yeni kəşf edilib. Artıq türk ilahiyyatçıları bu kitab üzərində araşdırmalar aparıb müəyyən əlavə və dəyişikliklərlə onu çap ediblər. Ümid edirik ki, azərbaycan dilində yazılmış ilk sanballı bu təfsir kitabı Azərbaycanda da tezliklə işıq üzü görəcək.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this