Bismilləhir-Rahmənir-Rahim!

 

Mübarək İslam tarixində silinməz izlər buraxan Kərbəla hadisəsini, Aşura fəlsəfəsini başa düşmək, o hadisədə olan bütün çalarları dərk etmək üçün İmam Hüseynin (ə) şəxsiyyətini, kimliyini və Aşura gününə qədər hansı mərhələlərdən keçməsini araşdırmaq zəruridir.

“Hüseyn (Ə) məndəndir və mən də Hüseyndənəm (ə)” fəlsəfəsi

İmam Hüseyn (ə) hicrətin 4-cü ilində Şaban ayının 3-də Həzrət Əli (ə) və Həzrət Fatimənin (s.ə) ailəsində dünyaya göz açan ikinci övladdır. O zaman bütün gözlər Əhli-beytə (ə) dikilmişdi. İnsanlar Əhli-beytin (ə) hər addımına diqqətlə nəzər salır, Peyğəmbərin (s) nə etdiyini, Peyğəmbərin (s) öz balaları ilə bağlı nə edəcəyini izləyirdi. İnsanlar öz yaşayış tərzini Peyğəmbərin (s) hər bir əməlinə və rəftarına uyğunlaşdırırdı. Hətta Peyğəmbərimizin (s) yanında bir iş görülərkən, əgər ona mənfi reaksiya vermirdisə, bunu birmənalı düzgün yol kimi qəbul edirdilər. Müsəlmanlar öz atdıqları addımlarını Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) addımları ilə uyğunlaşdırırdı. Gözlər Əli (ə) və Fatimə (ə) evinə dikilmişdi. Altı il və bir neçə ay İmam Hüseynin (ə) əziz babası Peyğəmbəri (s) dərk etmək imkanı olur. İmamın (ə) altı yaşı olan zaman Peyğəmbər (s) bu dünya ilə vidalaşır. İmam Hüseynin (ə) babası İslam Peyğəmbəri (s) ilə yaşadığı dövrü bir cümlədə toplamaq olar. Peyğəmbər (s) buyurdu: “Hüseyn (ə) məndəndir və mən də Hüseyndənəm (ə)”. Yəni Peyğəmbərdə (s) nə var idisə, Hüseyndə (ə) də onlar var idi. Hüseyndə (ə) nə var idisə, Peyğəmbərdə (s) də o var idi.

 

İmam Hüseynin (ə) atası Həzrət Əlidən (ə) aldığı dərslər

Artıq bundan sonra yeni bir mərhələ başlayır. İmam Hüseyn (ə) otuz il öz atası Həzrət Əmirəlmöminin Əlidən (ə) faydalanmaq, onun hüzurunda olmaq imkanından istifadə edir. Həzrət Əlidən (ə) insaf dərsini, paklıq dərsini, bəndəlik dərsini, Allahı tanıma, Allahdan başqa bu dünyada heç nəyi görməmək dərsini, Allahdan başqa heç kimdən heç nə istəməmək dərsini öyrənir. Həzrət Əlinin (ə) zahiri xilafətindən öncəki dövrünü görür.

İmam Hüseyn (ə) – Bəni-Səqifə fitnəsini yaşamış insanlardandır. Əli (ə) kimi cəngəvərin “evdə oturmaq” dövrünü evin içərisindən görmüş insanlardandır. Anası Həzrət Zəhranın (s.ə) başına gələn müsibətləri görən insandır. Fədəkin qəsbindən tutumuş, Əhli-beytin (ə) başına gətirilən bütün müsibətləri bir-bir yaşayır. İmam Hüseyn (ə) Həzrət Əlinin (ə) xilafət dövrünü də görür. İmam Hüseyn (ə) Cəməl döyüşünü, Siffeyn döyüşünü, Nəhrivan döyüşünü yaşayır. Yəni, bütün bunların hamısının içərisindən keçə-keçə inkişaf edir. Həzrət Huseyn (ə), Peyğəmbər (s) dövründən sonra İmam Əlinin (ə) əsgəridir.

 

İmam Hüseyn (ə) – qardaşı İmam Həsənin (ə) əsgəridir

Daha sonra (ə) İmam Hüseynin (ə) həyatının İmam Həsənlə (ə) bağlı hissəsi başlayır. İmam Həsənlə (ə) bağlı olan ən mühüm hadisə – sonradan əbədiyyətə qədər bütün müsəlmanların qəlbini yandıracaq hadisə – Müaviyyə (lən) ilə sülh sazişi olur. Peyğəmbərdən (s) sonra artıq ümmət xeyli dəyişmişdi. İmam Hüseyn (ə) bütün bunları görürdü. Sülhün acılığını yaşayan insanlardan biri də elə İmam Hüseyn (ə) olur. Qardaşı İmam Həsənin (ə) dövründə də görürük ki, İmam Hüseyn (ə) qardaşının əsgəridir. Zəmanə İmamının (ə) yolunu gedir. Zəmanə İmamı (ə) nəyi buyurursa, İmam Hüseyn (ə) onu yerinə yetirir. İmam Həsənin (ə) düşmənlər tərəfindən zəhərlənməsi, meydanda tək qalması, ətrafında heç bir kəsin olmamasını da yaşayan şəxslərdən ən mühümü – məhz İmam Hüseyn (ə) olur.

 

http://www.islamtimes.org

 


more post like this