Kəbə təvafı-1Hər il minlərlə zəvvar dolanır o müqəddəs evin ətrafına, Allahın evinin ətrafına. Boşdur axı onun içi. Bütün bütlər yıxıldı onun içində. Dörd quru divar qaldı orda. Allah da o evin içində deyil ki, Onu təvaf etsinlər. Bəs nədir təvaf olunan? Cahiliyyə ərəblərindəndəmi cahil olduq? Onlar bilirdilər nəyi təvaf edirdilər. Bilirdilər ki, orda onları “qoruyan” bütlər var. Bütlərin də içində müqəddəs ruhlar var. Bəs indi nə var orda? Heç nə… Hər bir şey də elə həmin “heç nə”nin ətrafında baş verir. Vaxtilə filosof Parmenid demişdi ki, “heç nədən heç nə yaranır”. Sonra kimsə dedi ki, “hər şey heç nədən yaranır”. Hər ikisi düz dedi, amma heç biri “heç nə”nin nə olduğunu bilmədi. Hər şey elə “heç nə”nin özüdür. Heç nəyin olmaması elə hər şeyin olmasıdır. Çünki hər şey əslində yoxluqdur, bir az dəqiq desək, yoxdur. Əvəzində “heç nə” var. Ona görə, hər şey “heç nə”dir, “heç nə” isə hər bir şeydir. Yoxluq varlığı təmsil edə bilməz. Yoxluq varlığı ifadə də edə bilməz. Ona görə də, hər bir şey əslində yoxluq olub varlıq kimi görünən hər şeyin içindəki “heç nə” ilə ifadə olunur.

Kəbədə heç nə yoxdur, deməli hər bir şey elə onun içindədir. Kəbədə olan mütləq həqiqətdir. Həqiqətin isə maddi surəti yoxdur. Kim onu necə görmək istəsə, elə də görür. Haqqın gözü ilə baxanlar isə onu olduğu kimi müşahidə edir.

Kəbədə heç nə yoxdur. Çünki onun içindəki elə insanın özüdür. Kəbə kamil insanın qəlbidir. Kəbə insanın evidir. İnsan qəlbi isə Allahın evi. Buna görə, Kəbə Allahın evidir. Kəbədə olan böyük ruh, Məhəmməd həqiqətidir. O ruh Allahın ruhundandır. Hər insanın ruhu isə ondandır. Deməli, Kəbədə olan ora gedən hər bir kəsin özüdür.

Kəbə qəlbin rəmzidir. Kəbəni Adəm (ə.) tikmişdi. Yəni ilk qəlb Adəmə verilmişdi. Allahın ilk evi də Adəmin qəlbi idi. Onu İbrahim (ə.) bərpa etdi. Yəni divarları bütlərin nəmindən çürümüş bəşər qəlbini təmizlədi, böyük ruhun həqiqətini Yer üzündə ayağa qaldırdı. Məhəmməd (s.) Kəbənin möhürünü vurdu. Yəni bəşər qəlbi öz yüksəlişinin son nöqtəsinə çatdı. Ona görə, meracda Məhəmmədi (s.) ötən olmadı. Həqiqət həqiqətə qovuşdu və dövrə qapandı. Hüccət tamamlandı. Əli (ə.) isə Kəbənin içində doğuldu. Çünki o Məhəmməd həqiqətinin özü idi. Zatı o qəlbdən, mütləq həqiqətdən ayrı deyildi. Məhəmməd (s.) ruh idi, Əli (ə.) isə cisim. İbn Ərəbi buyurur ki, “Allah “Könüllü surətdə və ya məcburi olaraq gəlin” (Fussilət, 11) deyə xitab etdikdə ilk olaraq yerdən Kəbə məkanı, göydən isə Kəbənin müqabilində olan göy səthi cavab verdi”. Yəni Allahın “gəl” xitabına ilk dəfə cavab verən insanın qəlbi oldu. Mövlana Cəlaləddinin car çəkdiyi “gəl, kim olursansa ol, gəl” xitabı bu deyildimi? Allah öz bəndəsinin dili ilə danışmışdı.

ardı var…

http://canderyasi.com


more post like this