Allah-Taala qadının yaradılışını və ər-arvad arasında olan sevgi, məhəbbət və mehribançılığı, özünün əzəmət və qüdrətinin nişanələrindən hesab edir və Qurani-Kərimdə buyurur: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!”.[1]

 

Ailə qurmaq həyatın zəruri məsələsi, insanın təbii ehtiyacı, onun şad-xürrəm olmasına səbəb və Allah-Taalanın yanında sevimli, bəyənilmiş bir işdir. Allahın Rəsulu, həzrət Məhəmməd Mustafa (s) buyurur: “Allah-Taala yanında izdivacla abad olmuş ev kimi sevimli bir şey yoxdur”.[2]

 

İzdivac  Peyğəmbərimizin (s) sünnətidir. O Həzrət (s) evlənmək istəməyən səhabəsi Osman bin Məzunun sinəsinə əlini vuraraq buyurdu: “Mənim sünnətimdən kənara çıxma ki, hər kəs mənim yolumdan üz döndərərsə, Qiyamət günü mələklər onun yolunu kəsərək cənnətə gedən yoldan kənara çıxardacaqlar”.[3]

 

Peyğəmbərin (s) bu sünnətinin həyatda öz yerini tapması və onu övlad üçün həyata keçirtmək, birinci növbədə atanın öhdəsinə qoyulmuşdur.

 

Ata övladının evlənməsi üçün lazım olan şəraiti yaratmalı və övladı üçün layiqli bir həyat yoldaşı seçməlidir. Bundan əlavə, İslam ümmətinin hər bir fərdi bu mühüm məsələdə məsuliyyət daşıyır. Çünki ictimaiyyətimizdə bir çox cavanlar vardır ki, ata nemətindən məhrum olublar və ya ailəsinin buna maddi imkanı çatmır və bu məsələdə irəliyə doğru bir addım olsa belə ata bilmirlər. Belə olan halda, hər bir kəsin borcudur ki, pulu, sözü və vasitəçiliyi ilə iki cavanı bir-biriylə tanış edib onların evlənməsi üçün lazım olan şəraiti yaratsın.

 

Həzrət Peyğəmbərimiz buyurur: “Hər kəs mömin bir kişi və qadının evlənməsində vasitəçilik etsə, (və onların evlənməyinə səbəb olsa) bu yolda atdığı hər bir addıma, ya dediyi hər bir sözə Allah-Taala bir ilin ibadətinin savabını verəcəkdir. Hər kəs müsəlman qardaşını evləndirsə, Qiyamət günü Allah-Taalanın ərşinin kölgəsində istirahət edəcəkdir”.[4]

 

Buna görə də yaxşı olardı ki, xeyriyyəçi və imkanlı insanlar öhdələrinə düşən bu mühüm vəzifəni layiqincə yerinə yetirib həm xalqın, həm Peyğəmbərin (s) və həm də Allah-Taalanın sevgi və razılığını qazansınlar.

 

 

[1] . “Rum” surəsi, ayə: 21.

 

[2] . “Vəsailuş-şiə”,  Hürr Amuli, 14/3.

 

[3] . “Mustədrəkul vəsayil”, Muhəddis Nuri, 14/151.

 

[4]. “Vəsailuş-şiə”, Hürr Amuli, 14/25.

islammektebi.org


more post like this