HӘSӘD
Mənfi xüsusiyyətlərdən və böyük günahlardan biri də «həsəd»dir. Ictimai münasibətlərdə insanlar arasında kin-küdurət və ədavətin yaranmasına səbəb olan amillərdən biri də məhz həsəddir. Qur᾽ani-Kərimdə Adəm (ə)-ın yaradılışından söhbət açılarkən yer üzərində baş verən ilk günahın həsəd üzündən baş verdiyinə işarə olunur. Məhz bu xislət Iblisin cənnətdən qovulmasına və tarixdə ilk dəfə yer üzərində qan tökülməsinə səbəb olur. O gündən e᾽tibarən bu Şeytani xislət qəlblərdə özünə yer etmiş və minlərlə haqsız insanın qanının tökülməsinə, kin-küdurətin yaranmasına səbəb olmuşdur.
HӘSӘDIN TӘ᾽RIFI VӘ NÖVLӘRI
Həsəd – hər hansı bir şəxsin başqa birisinin malik olduğu ilahi ne᾽mətlərdən (istər maddi olsun, istərsə də mə᾽nəvi) məhrum olmasını arzu etməsinə deyilir. Belə şəxslər bə᾽zən bu yolda əzab-əziyyətə qatlaşmağa belə hazır olarlar.
HӘSӘDIN NÖVLӘRI
1. Özündə olmasını arzu etməsə belə, başqasının hər hansı bir ne᾽mətdən məhrum olmasını istəyər;
2. Başqa birisinin malik olduğu hər hansı bir şeydən məhrum olmasını arzu etməklə yanaşı, özünün də həmin şeyə malik olmasını istəyər;
3. Həmin şeyin özündə olmasını istəməsə də, ona oxşarına malik olmasını arzu edər. Әldə etmədikdə isə başqalarının həmin şeydən məhrum olmasını istəyər;
4. Başqalarının malik olduqları şeylərin oxşarını özündə də olmasını arzu edər və eyni zamanda onların da malik olduğu şeylərdən məhrum olmalarını istəməz.
Yuxarıda qeyd olunan dörd xüsusiyyətdən üçü mənfi, sonuncu xüsusiyyət isə müsbətdir və buna «qibtə» deyilir. Qibtə nəinki mənfi xüsusiyyət deyil, əksinə insanın əxlaq və mə᾽nəviyyatının təkamülünə də səbəb olur. Bə᾿zən insan başqalarına qibtə etməklə onların malik olduqları şeyləri əldə etmək üçün zəhmətə qatlaşmalı olur və bununla yanaşı başqalarının da zərər çəkmələrini arzu etmir.
Imam Sadiq (ə) bu haqda buyurur:
Mö᾽minlər qibtə edər, lakin həsəd aparmazlar, münafiqlər isə həsəd aparar, lakin qibtə etməzlər.
QUR᾽ANIN HӘSӘDӘ OLAN BAXIŞI
Allah-taala Peyğəmbərə (s) xitab edərək həsədin Şeytani vəsvəsələrlə eyni olduğunu bildirir:
1. «[Ya Peyğəmbər!] De ki: Pənah aparıram sübhün Rəbbinə!
2. Yaratdıqlarının [insanların, cinlərin, vəhşi heyvanların] şərindən;
3. Zülmətə bürünməkdə olan gecənin [və ya batan ayın, ziyası sönən ulduzların] şərindən;
4. [Ovsun oxuyub] düyünlərə üfürən [yaxud cadu edib iplərə düyün vuran] qadınların şərindən;
5. Və bir də paxılın şərindən!»
Başqa bir ayədə Allah-taala mö᾽minlərə, başqalarına verilənləri arzu etmələrini tövsiyə edir. Çünki, hər bir insanın nəsibi vardır:
«Allahın [maddi, yaxud mə᾽nəvi cəhətdən] birinizi digərinizdən üstün tutduğu [birinizə digərinizdən artıq vediyi] şeyi [özünüzə] arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. [Dilədiyiniz şeyi] Allahın lütf və mərhəmətindən istəyin! Şübhəsiz ki, Allah hər şeyi olduğu kimi biləndir».
Digər iki ayədə Allah-taala Peyğəmbərə (s) başqalarına verdiyi ne᾽mətləri istəməsini əmr edir:
«Mən səni [peyğəmbər] seçdim. Sənə vəhy olunanı dinlə!»
Başqa bir ayədə kitab əhlinin müsəlmanların küfr etmələri üçün göstərdikləri sə᾿ylərə və islamı qəbul etdikləri üçün onlara həsəd etmələrinə işarə olunur:
«[Ey mö᾽minlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd [paxıllıq] üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər…»
NӘQL OLUNMUŞ RӘVAYӘTLӘRDӘ HӘSӘD VӘ HӘSӘD EDӘN ŞӘXSLӘR HAQDA
Peyğəmbər (s)-dan nəql olunur ki, Allah-taala Musa (ə)-a xitab edərək buyurur:
Ey Imran oğlu! Camaata verdiklərimə göz dikib həsəd aparma və nəfsini [gördüklərinə] tabe etmə. Çünki, həsəd aparan şəxslər verdiyim ne᾽mətlərdən narazı qalıb bəndələrim arasında böldüyüm ne᾽mətləri əldə etmək istəyər.
Peyğəmbər (s) səhabələrə müraciət edərək buyurur:
«Allahın ne᾽mətlərinə təcavüz etməyin»
Səhabələr soruşdu:
«Ya Rəsuləllah, kimlər Allahın ne᾽mətlərinə təcavüz edərlər?
Buyurdu:
Başqalarına həsəd aparan kəslər.
Әli (ə) buyurur:
Həsəd sağalmayan bir xəstəlikdir.
Həsəd ruhun zindanıdır.
Həsəd xəstəliklərin ən ağırıdır.
Həsəd pisliklərin mənbəyidir.
Həsədin verdiyi səmərə dünya və axirət bədbəxtçiliyidir.
Həsədi tərk edənlər insanların ən sevimlisidir.
Həsəd aparan şəxslərə gəldikdə isə, Әli (ə) buyurur:
Həsəd aparan şəxslər bol-bol həsrət çəkər və neçə bərabərində günaha düçar olarlar.
Həsəd aparan şəxslər heç vaxt faydalanmazlar.
Həsəd aparan şəxslərə insanların malik olduqları ne᾽mətləri itirmələrindən başqa heç nə rahatlıq gətirmir.
Həsəd aparan şəxslər başqalarının qəm-qüssəsində sevinər, onların sevincində isə kədərlənərlər. (Mustədrək, 12-ci cild, 55-ci fəsil, 13401-ci hədis).
Həsəd aparan şəxslər hər hansı bir şəxsin nə isə əldən verməsini özünə qənimət hesab edər.
Həsəd aparan şəxslər dostluğunu dildə aşkar edər, düşmənçiliyini isə qəlbində gizli saxlayar. Bunun üçün də onların adı dost, xisləti isə düşməndir.
Dostların ən pisi həsəd aparan şəxslərdir.
Imam Sadiq (ə) həsəd aparan şəxslər barədə buyurur:
Paxıl və xəsislər heç nədən rahatlıq tapmadıqları kimi, həsəd aparan şəxslər də heç nədən ləzzət almazlar.
Həsəd aparan şəxslər Iblis kimi ziyanı başqalarına vurmazdan əvvəl özlərinə vurarlar. Belə ki, o, Adəmə həsəd aparmaqla özünün lə᾽nətlənməsinə, Adəm (ə)-ın isə peyğəmbərliyə seçilməsinə səbəb oldu.
Küfrün əsasını üç şey təşkil edir: Təkəbbür, həsəd və tamah.
Həsədin əsasını Allahın fəzl və kəramətini inkar etmək təşkil edir. Bu iki şey küfrün qanadlarıdır. Adəm övladının əbədi həsrətə və bir daha nicat tapmamasına səbəb olan şey məhz həsəd oldu.
Bu məzmunda nəql olunmuş digər rəvayətlərdə həsəd, imanı zəiflədən və cismi sağlamlığa xələl gətirən amillərdən biri hesab olunur.
Әli (ə) bu haqda buyurur:
Başqalarına həsəd aparmayın. Alov odunu yandırdığı kimi, həsəd də imanı məhv edib aradan aparır.
Qar suda əriyib yoxa çıxdığı kimi, həsəd də imanı qəlblərdə əridib məhv edir.
Həzrət Peyğəmbər (s) səhabələrə etdiyi tövsiyələrin birində buyurur:
«Agah olun ki, sizdən əvvəlki ümmətin sorağına gələn xəstəlik (həsəd), sizin də sorağınıza gəlmişdir. O, sizin başınızdan bir tük də əskik etməz, lakin dininizi məhv edib aradan aparar.
Imam Sadiq (ə) buyurur:
Dinə xələl gətirəcək şeylər həsəd, xudbinlik və özünü başqalarından üstün tutmaq hissidir.
Әli (ə) həsədi cismi xəstəlik, onun tərk olunmasını isə sağlamlıq hesab edir. Bu haqda buyurur:
Həsəd aparan şəxslər daim xəstə olarlar.
Həsəd cismi süst və zəif edər.
Həsəd aparan şəxslərin sağlamlıqdan xəbərsiz olmaları çox qəribədir.
Cismi sağlamlıq həsədin azalmasından asılıdır.
HӘSӘDӘ SӘBӘB OLAN AMILLӘR
Həsədin böyük günahlardan olduğu və onun qoyduğu mənfi tə᾽sir haqda ümumi mə᾽lumat əldə etdik. Belə bir ağır ruhi xəstəlikdən yaxa qurtarmaq üçün insan hər şeydən əvvəl bunun səbəblərini araşdırmalı və onlarla mübarizə aparmalıdır.
Әxlaq alimləri həsədə səbəb olan yeddi əsas amilə işarə etmişlər:
1. Xəbislik;
Bir çoxlarında həsədin yaranması xəbislik və paxıllıq hissindən doğur. Heç bir əlaqə və düşmənçiliyin olmasına baxmayaraq, onlar camaatın narahatçılıqlarına sevinər, uğur və müvəffəqiyyətlərinə isə narahat olarlar. Bu səbəbdən də onlar kimsənin öz hədəf və məqsədinə çatmasını arzu etməzlər.
2. Düşmənçilik;
Həsədə səbəb olan amillərdən biri də ədavət və düşmənçilikdir. Belə ki, həsəd aparan şəxs düşməninin çətinliklə qarşılaşdığını gördükdə sevinir, onun uğur və müvəffəqiyyət qazandığını gördükdə isə kədərlənir və daxili sarsıntı keçirməyə başlayır.
3. Məqam və var-dövlət sevgisi;
Həsədə səbəb olan amillərdən biri də insanın təqribən dəyişilməz həyat tərzi keçirməsindən irəli gəlir. O, qarşısında rəqib gördükdə dərhal ona qarşı həsəd aparmağa başlayır. Məsələn, ən gözəl «sənətkar» adını almış və ya hamıdan daha çox var-dövlət sahibi olan bir şəxs başqa birisinin ondan daha çox şöhrət tapmasını və ya daha çox var-dövlət sahibi olduğunu eşitdikdə onlara qarşı həsəd aparmağa başlayır və tez bir zamanda uğursuzluğa düçar olmalarını arzu edir.
4. Rəqabət;
Bu hiss adətən yüksək məqam və dərəcəyə nail olmaq istəyən şəxslərdə özünü büruzə verir. Yalnız bir nəfər birinci yerə (və ya ən yüksək məqama) çatdığı üçün başqaları onun yerini tutmaq istədikləri üçün daim ona həsəd apararlar.
5. Təkəbbür;
Bə᾽zi həsəd aparan şəxslər təkəbbürlü olduqları üçün başqalarının müvəffəqiyyət və inkişafını görmək istəməzlər. Çünki təkəbbürlü şəxs öz qarşısında hamının kiçilməsini istədiyi üçün, onları özündən aciz görmək istəyir. Belə ki, başqalarının yüksəlməsi onların qarşılarında kiçilmələrinə bir dəfəlik son qoymuş olur.
6. Xudpəsəndlik;
Bə᾽zi xudpəsənd insanlar özlərini başqalarından üstün tutduqları üçün başqalarının müvəffəqiyyətinə həsəd apararlar. Xudpəsəndlik təkəbbürdən bir qədər fərqlidir. Belə ki, təkəbbürlü şəxslər özlərinin başqalarından üstün olmağını istəyərlər. Bu dəstəyə aid olanlar isə nə başqalarının onlardan üstün olmalarını istəyər və nə də özləri buna can atarlar.
7. Təəccüb.
Bə᾽zi həsəd aparan şəxslər başqalarına hər hansı bir ne᾽mət nəsib olduqda, onların əldə etdikləri şeylərə layiq olmadıqlarını görüb buna təəccüb edər və onların əldə etdiklərindən məhrum olmalarını istəyərlər.
DӘRSIN XÜLASӘSI
Həsəd aparan şəxslər başqalarının malik olduğu şeylərdən məhrum olmalarını arzu etdiyi üçün bu xüsusiyyət xoşagəlməz və mənfi hesab olunur.
Həsəd aparan şəxs bə᾽zən həsəd apardığı şəxslərin malik olduqları şeylərdən məhrum olmaları üçün özünü əzab-əziyyətə salmalı olur. Belə olduqda həm onun özü, həm də başqaları zərər çəkirlər.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Həsədin tə᾽rifini deyin.
2. Həsədin növlərini bəyan edin.
3. Qibtə nədir?
4. Nəql olunmuş hədislərdən istifadə etməklə, həsədin münafiq xüsusiyyəti olmasını izah edin?
5. Həsəd imana nə kimi tə᾽sir göstərir?
6. Həsədə səbəb olan amilləri ixtisarla bəyan edin.
IYIRMI DOQQUZUNCU DӘRS
YALAN
Yalan böyük günah və olduqca mənfi xüsusiyyət olduğu üçün ictimai münasibətlərdə qətiyyətlə pislənmişdir. Yalan, danışanın e᾽timad və e᾽tibarını itirməsi ilə yanaşı, cəmiyyətdə e᾽timadsızlıq, şəkk və tərəddüd toxumunu səpir. Insanların bir-birlərinə e᾽timad etmədikləri bir cəmiyyətdə yaşamaq isə, mə᾽lum olduğu kimi dözülməz və acınacaqlıdır.
Yalan, haqqında kifayət qədər ayə və hədis nəql olunmuş mövzulardandır. Haqqında söhbət açılan ayə və hədislərdə yalanın cəmiyyətdə göstərdiyi mənfi tə᾽sir və nəticələr haqqında ətraflı danışılmış və onun bir çox günahların mənşəyi olduğu vurğulanmışdır.
Yalan danışmaq olduqca asandır və belə bir günaha düçar olmaq bir o qədər də zəhmət tələb etmir. Lakin təəssüflər olsun ki, insanların bir çoxu hədəf və məqsədlərinə nail olmaq üçün yalan danışmağa üstünlük verirlər. Bir məsələyə də diqqət yetirməliyik ki, görülən hər bir iş mənfəət əldə etmək üçün müəyyən qədər zəhmət çəkilməsini tələb edir. Bu səbəbdən də ən az zəhmətlə böyük mənfəət əldə olunan işlər daha çox əhəmiyyət kəsb edir və insanların çox az bir hissəsi bunun nə kimi mənfi tə᾽sir qoyacağına diqqət yetirir. Onları maraqlandıran yalnız əldə edəcəkləri dünyəvi xeyir və mənfəətlərdir. Bunları nəzərə alaraq deyə bilərik ki, zəhmət tələb olunmayan xoşagəlməz iş və xüsusiyyətlərdən biri də yalan danışmaqdır. Belə ki, yalan danışmaqla bə᾽zən hədəfə daha tez çatmaq olur və bu kimi hallarda bunun nə ilə nəticələnəcəyinə diqqət yetirən çox az olur. Yalan məhz belə bir mənfi xüsusiyyətə malik olduğu üçün Mə᾽sum imamların nəzərindən qaçmamış, buyurduqları hədis və rəvayətlərdə yalanın olduqca ağır ictimai xəstəliklərdən olduğuna işarə etmişlər. Hədis və rəvayətlərlə yanaşı, Qur᾽ani-Kərimin bir çox ayələrində yalanın böyük günah və yalançıların şiddətli əzaba düçar olacaqları haqda söhbət açılmışdır.
YALANIN TӘ᾽RIFI
Yalan — Həqiqət və inamın əksinə olan şeylərə deyilir. Demək yalanın iki əsas şərti vardır. Onlardan biri deyilənlərin həqiqətə uyğun gəlməməsi, digəri isə insanın elm və mə᾽lumatları ilə əldə olunan inam və e᾽tiqadla müvafiq olmamasıdır. Bir şəxs özünün həqiqət hesab etdiyi həqiqətə uyğun olmayan bir söz deyərsə yalan hesab olunmamalıdır. Әhəmiyyət doğuran məsələlərdən biri də budur ki, danışılan sözün yalan olması mümkün olduğu kimi, bə᾿zi iş və əməllərin də yalan olması mümkündür. Məsələn, hər hansı bir şəxsin özünü şəxsiyyətli bir insan kimi göstərməsini, amma həqiqətdə heç də elə olmadığını buna misal çəkmək olar. Demək yalan həm sözdə, həm də əməldə ola bilər. Yuxarıda verilən tə᾽rif onların hər birinə şamil olur.
QUR᾽ANIN YALANA OLAN BAXIŞI
Bir qədər əvvəl qeyd etdik ki, Qur᾽anın bir çox ayələrində yalan və onun müxtəlif yönləri haqda söhbət açılmış və insanın bu mənfi xüsusiyyəti tərk etməsinə tə᾽kid olunmuşdur. Biz onlardan bir neçəsinə işarə edirik:
1. Həcc surəsinin 30-cu ayəsində Allah-taala insanları bütlərə pərəstiş etməkdən çəkinmələrini əmr etməklə yanaşı, yalandan da çəkinmələrini əmr edir:
«…Bütlərdən qaçının, yalan sözlərdən də [Allaha şərik qoşmaqdan da] çəkinin.»
2. Nəhl surəsinin 105-ci ayəsində yalan danışmağın imansızlıqla bərabər olduğu göstərilir:
«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsil yalançıdırlar!»
3. Zumər surəsinin 3-cü ayəsindən belə qənaətə gəlmək olur ki, yalançılar Allahın hidayətindən məhrum və aqibətləri acınacaqlı olan şəxslərdir:
«…Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz».
Başqa bir ayədə buyurur:
«…Şübhəsiz ki, Allah [Ona şərik qoşmaqla, böhtan atmaqla] həddi aşanı və yalançını doğru yola müvəffəq etməz».
4. Allahın hidayətindən məhrum olan kəslər Onun qəzəb və lə᾽nətinə düçar olarlar. Ali-Imran surəsinin 61-ci ayəsində Peyğəmbərlə (s) məsihilər arasında yaranmış qarşıdurma haqda söhbət açılarkən Nəcran keşişlərinə xitab edilərək buyurulur:
«…Sonra [Allaha] yalvarıb yalançılara Allahın lə᾽nət etməsini diləyək!»
Başqa bir ayədə deyilir:
«…Әgər yalan deyirəmsə, Allah mənə lə᾽nət eləsin!…»
YALAN – HӘDIS VӘ RӘVAYӘTLӘRDӘ
1. Hədislərin bir çoxunda yalan «imanı aradan aparan» və bu kimi digər ifadələrlə bəyan edilir.
Peyğəmbər (s) buyurur:
Çox yalan danışmaq imanı məhv edib aradan aparır.
Başqa bir hədisdə buyurur:
Yalan danışmaqdan çəkinin. Çünki yalan insanı imandan uzaqlaşdırır.
Әli (ə) buyurur:
Yalandan uzaq olun. Çünki yalan insanı imandan uzaqlaşdırır. Daim həqiqəti söyləyən sadiq insanlar hidayət yoluna qədəm qoyarlar, yalançılar isə bədbəxtçilik və rüsvayçılıqla üzləşərlər.
Nəql olunmuş bir çox rəvayətlərdə deyilir ki, yalan, mö᾽minlərə xas olmayan bir xüsusiyyətdir. Onlar bu günaha çox nadir hallarda düçar olarlar. Yalançılar isə bunu özlərinə peşə edərlər. Həsən ibni Məhbubdan nəql olunan rəvayətdə deyilir:
Imam Sadiq (ə)-dan soruşdum: Mö᾽min paxıl ola bilərmi? Buyurdu: «Bəli». Soruşdum: Bəs yalançı necə? Buyurdu: Xeyr, mö᾽min xain ola bilməz. Sonra sözlərinə davam edərək buyurdu:
Mö᾽min hansı xasiyyətə malik olsa da, xain və yalançı ola bilməz.
2. Yalanın bütün pisliklərin amili olduğu haqda deyilir:
Yalan insanları pisliklərə, pisliklər isə cəhənnəmə sövq edər.
Imam Həsən Әskəri (ə) buyurur:
Günah və pisliklərin açarı yalan olan evlərdə olar.
3. Digər rəvayətlərdə yalanın ən pis əxlaqi xüsusiyyətlərdən biri olduğu göstərilir. Әli (ə) bu haqda buyurur:
Yalan danışmaqdan çəkinin, çünki ən pis əxlaqi xüsusiyyətlərdən olan yalan, pozğunçuluğun bir növüdür.
Yalan danışmaq ən pis əxlaqi xüsusiyyət və insanlar arasında nifaq salmaqdır.
Yalançılıqdan pis adət yoxdur.
Peyğəmbər (s) buyurur:
Әn böyük cinayət yalan danışmaqdır.
Başqa bir yerdə buyurur:
Әn böyük xəyanət odur ki, mö᾽min qardaşın sənin danışdığın sözləri təsdiq edə, sən isə ona yalan satmış olasan.
Həzrət Әli (ə) buyurur:
Düzlük əmanətdarlıq, yalançılıq isə xəyanətdir.
Başqa bir yerdə buyurur:
Sözlərin ən pisi yalandır.
Həmçinin buyurur:
Imanın nişanələrindən biri də budur ki, ziyanına olsa belə, düz sözü xeyrinə olan yalandan üstün tutasan.
Imam Sadiq (ə) buyurur:
Ağıllı insanlar yalan danışmaz, əgər onların xeyrinə olsa belə.
QUR᾽ANDA DÜZLÜK VӘ SӘDAQӘT
Islamın yalana olan münasibəti bəlli oldu. Burada düzlük və sədaqət barədə də söhbət açmağı məqsədəuyğun hesab edirik. Tövbə surəsinin 119-cu ayəsində deyilir:
«Ey iman gətirənlər! Allahdan qorxun və [imanında, sözündə, işində] doğru olanlarla olun!…»
Başqa bir ayədə isə Allah-taala düz danışan və düz yolda olanlara böyük ne᾽mət (Cənnəti) müjdə verir:
«Allah buyurdu: Bu, [qiyamət günü] elə bir gündür ki, düz danışanlara düzlükləri fayda verər. Onları [ağacları] altında çaylar axan cənnətlər gözləyir. Onlar orada əbədi olaraq qalacaqlar. Bu, [mö᾽minlər üçün] böyük uğur və qurtuluşdur!»
Peyğəmbər (s) bu haqda buyurur:
Qiyamət günü sizlərdən mənə ən yaxın olanınız düz danışanlarınızdır.
Әli (ə) buyurur:
Düz danışmaq böyük şərəf və ucalıqdır.
Başqa bir yerdə buyurur:
Düz danışmaq ədalətlə qardaşdır.
Imam Sadiq (ə) buyurur:
Allah elə bir peyğəmbər göndərməmişdir ki, düz danışan və əmanətdar olmasın.
ICAZӘ VERILӘN YALANLAR
Yalan böyük günahlardan olmasına baxmayaraq, bə᾽zi zəruri hallarda həqiqətin gizli saxlanılması və yalanın həqiqət kimi qələmə verilməsinə icazə verilir. Dərsimizin sonunda onların hər biri haqda ayrı-ayrılıqda söhbət açmağı məqsədəuyğun hesab edirik:
1. Zəruri hallar;
Bə᾽zən can, mal, şəxsiyyət böyük təhlükə ilə qarşılaşdıqda yalan danışmaqdan savayı heç bir çıxış yolu qalmır və bu kimi hallarda yalan danışmağa icazə verilir.
Qur᾽ani-Kərim ikrah və çarəsizlik üzündən, habelə təzyiq altında qalan şəxslərin qəlbən Allaha iman gətirib, dildə küfr etmələrindən qəmgin olmamalarını istəyir. Nəhl surəsinin 106-cı ayəsində [bu şəxslərə təskinlik verilərək] deyilir:
«…[Küfr sözünü deməyə] məcbur edilən [dil ilə deyib ürəyində onu təsdiq etməyən] şəxs istisna olmaqla…»
Peyğəmbər (s) bu haqda buyurur:
«Iztirari hallarda (çıxılmaz vəziyyətdə) Allah-taalanın halal etmədiyi bir şey yoxdur».
Qeyd etdik ki, çarəsizlik dedikdə, insanın istər canı, istər malı, istərsə də şəxsiyyəti ciddi təhlükə ilə qarşılaşmış olsun. Cüz᾽i və bir o qədər əhəmiyyət kəsb edən məsələlərdə isə yalan danışmağa heç bir zərurət yoxdur.
2. Islah və vasitəçilik;
Tərəflər arasında (məsələn, ailə və dostlar arasında) ixtilaf və anlaşılmamazlıqların aradan qaldırılmasında — başqa heç bir çıxış yolu olmadıqda — yalan danışmağın heç bir nöqsanı yoxdur. Bu kimi hallarda düz danışıb tərəflər arasında ədavət və düşmənçiliyin daha da güclənməsinə səbəb olmaq isə günah və olduqca nalayiq bir işdir.
Peyğəmbər (s) Әli (ə)-a tövsiyə edərək buyurur:
Ey Әli! Allah, tərəflər arasında sülh və əmin-amanlıq məqsədilə yalan danışmağı sevər, həqiqəti deyib ixtilafların daha da güclənməsinə isə nifrət edər.
3. Döyüş zamanı [düşməni] aldatmaq məqsədilə deyilən yalanlar;
Islamda rəğbətlə qarşılanan hərbi taktikalardan biri də düşmənin aldadılmasıdır. Düşmənin nizam-intizamını pozmaq və ya hərəkət istiqamətini dəyişmək məqsədilə yalan demək, halal və bə᾽zi hallarda zəruri məsələlərdən birinə çevrilir. Peyğəmbər (s) bu haqda Әli (ə)-a buyurur:
Üç halda yalan danışmaq olar. Onlardan biri də döyüş zamanı [düşmənə] kələk gəlməkdir.
4. Zarafat məqsədilə deyilən yalanlar.
Insanların bir çoxu zarafat etdikləri zaman yalan danışır və beləliklə başqalarının könlünü almaq istəyirlər. Bu kimi hallarda onlardan «nə üçün yalan danışırsan!» -deyə, soruşduqda deyərlər: Yalan demirəm, sadəcə olaraq zarafat edirəm. Lakin diqqət yetirmək lazımdır ki, xoşagəlməz bir iş kimi zarafat və ya yalanın ciddi olması arasında heç bir fərq yoxdur. Onların hər ikisi mənfi və olduqca xoşagəlməz xüsusiyyətdir. Peyğəmbər (s) buyurur:
Yalan istər ciddi olsun, istərsə də zarafat, haram və yol verilməzdir.
Başqa bir hədisdə buyurur:
Vay camaatı güldürmək məqsədilə yalan danışanların halına! Vay onların halına!
Imam Baqir (ə) buyurur:
Yalandan, istər böyük olsun, istər balaca və istər ciddi olsun, istərsə də zarafat məqsədilə, uzaq olun.
TÖVRIYYӘ
Tövriyyə — terminalogiyada iki mə᾽nalı (həqiqi və qeyri- həqiqi) cümləyə deyilir. Belə ki, hər hansı bir sözü və ya cümləni özünün həqiqi mə᾽nasında deməsinə baxmayaraq, dinləyici tam başqa bir mə᾽na götürmüş olsun. Tövriyyə özü-özlüyündə yalan deyildir. Lakin ondan əldə olunan təsəvvür yalana bənzəyir. Bu səbəbdən də düzünü demək istəmədiyimiz, eyni zamanda yalan danışmaq istəmədikdə də dediklərimizi «tövriyyə» şəklində bəyan edə bilərik. Məsələn, birisi tanışlarınızdan birini axtardığı zaman onun dəqiq yerini bildirmək istəmədikdə belə deyə bilərsiniz: Onu məsciddə gördüm. Siz həmin şəxsi bir həftə əvvəl məsciddə görmüş olsanız belə, düzünü demiş olursunuz. Həmin şəxs isə onun hal-hazırda məsciddə olduğunu güman edib oraya doğru gedir.
DӘRSIN XÜLASӘSI
Yalan böyük günahlardan biridir. Asan olduğu üçün insanların bir çoxu hədəf və məqsədlərinə tez çatsınlar deyə, belə bir böyük günaha düçar olurlar. Cəmiyyətdə bədbinlik və e᾽timadsızlığa gətirib çıxardığı üçün islam nöqteyi-nəzərindən ictimai münasibətlərin bərqərar olunmasında mənfi və xoşagəlməz xüsusiyyətlərdən hesab olunur.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Yalanın tə᾽rifini deyin.
2. Yalanın hansı mənfi xüsusiyyəti diqqəti daha çox cəlb edir?
3. Qur᾽anın yalançılara olan baxışını izah edin.
4. Nəql olunmuş hədis və rəvayətlərdə yalan necə vəsf olunur?
5. Hansı hallarda yalan danışmağa icazə verilir?
6. Zarafat məqsədilə yalan danışmaq olarmı?
7. Tövriyyə nə deməkdir?
Din təlimləri kitabından…


more post like this