ƏQİDƏLƏR (3)
1. And içmək barəsində vəhhabilərin nəzəri nədir?
3. AND İÇMƏK
Vəhhabilərlə sair firqələr arasındakı ixtilaflı məsələlərdən biri də budur ki, onlar yalnız Allahın adına və sifətlərinə and içməyi caiz bilir, Allahdan başqa bir şeyə and içməyi şirk və haram hesab edirlər. İbni Teymiyyə deyir: «Şirk iki cürdür: Böyük şirk, məxluqdan şəfaət istəmək, onlara təvəssül və sair; kiçik şirk, riya, süm᾿ə, Allahdan başqasına and içmək kimi.» Sən᾿ani deyir: Qəbri ziyarət edənlər müşriklər kimidir. Onların əməl və rəftarları eynidir və onların adlarına and içirlər. Hətta əgər bir vaxt Haqq sahibi Allahın adına and içsə ondan qəbul etməzlər, amma öz böyüklərindən birinə və yaxud bir vəliyə and içilsə, qəbul edərlər. Bütpərəstlər də belə idilər. Qur᾿anda belə buyurulur:
«Allah təklikdə yad edilərkən axirətə imanları olmayanların qəlbləri ikrahlı olur. Əgər Allahdan başqası yad edilsə, o zaman şad olub fərəhlənərlər».
Həmçinin hədisdə qeyd olunur: «Hər kəs and içmək istəsə, Allahın adına and içməlidir, əks halda sakit olmalıdır».
Rəsuli-Əkrəm (s) bir kişinin Lata and içdiyini eşitdikdə ona göstəriş verdi ki, tövhid kəlmələrini yenidən desin. Bu da göstərir ki, bütə and içmək küfrdür.»
TƏNQİD VƏ ARAŞDIRMALAR
Bu nəzərin araşdırılmasını da üç istiqamətdə aparmaq lazımdır.
Birincisi: Allahı başqalarının haqqına and verməyin caiz olub-olmaması;
İkincisi: Allahdan başqasının adına and içmək;
Üçüncüsü: Vəhhabilərin istifadə etdikləri hədislərin araşdırılması və dəyərləndirilməsi.
Birinci mehvər:
Vəhhabilər Allahı başqalarının haqqına and verməyi caiz bilmir, onu haram və şirk kimi qələmə verirlər. Onlar bu barədə iki dəlil gətirirlər: Birinci dəlil əvvəlki dərsdə təvəssül bölməsində bəyan olundu. Peyğəmbərdən (s) bu barədə nəql olunan hədislərdən məlum oldu ki, onu bid᾿ət və haram hesab etmək olmaz.
Vəhhabilər bu işin caiz olmamasına dair gətirdikləri ikinci dəlildə deyirlər: «Allahın məxluqlarından heç birinin üzərində haqqı yoxdur ki, Allahı onların haqqına and verək». Amma ayə və rəvayətlərə müraciət etdikdə görürük ki, Allah-taala Öz bəndələri ilə əlaqədar bə᾿zi haqları öhdəsinə almış və həm də peyğəmbərlər bəndələrin Allah nəzərində olan hüquqlarını zikr etmişlər. Bu barədə bə᾿zi ayə və rəvayətləri mülahizə edin:
«Mö᾿minlərə kömək etmək Bizə olan bir haqqdır».
«Allahın haqq və᾿dəsidir ki, Tövrat və İncildə gəlmişdir».
«Beləliklə, mö᾿minlərin qurtuluşu onların Bizim üzərimizdə olan haqqıdır!»
«Həqiqətən nadanlıq üzündən çirkin əməllər görən kəslərin tövbəsini qəbul etmək Allahın öhdəsindədir».
Peyğəmbəri-Əkrəm (s) buyurur:
«Öz iffətini qorumaq və Allahın haram buyurduğu işlərə düşməmək üçün izdivac edən şəxslərə kömək etmək Allahın öhdəsindədir».
Həmçinin buyurur:
«Üç kəsə kömək etmək Allahın üzərindədir: Allah yolunda cəhad və çalışmaq, məkatib (yə᾿ni, bir qul öz ağası ilə qərar bağlayır ki, müəyyən məbləğ pul vermək müqabilində öz azadlığını əldə etsin) və öz iffətini qorumaq məqsədilə evlənən şəxs».
Buna əsasən, Allah və Onun Peyğəmbəri (s) camaat qarşısında müəyyən hüquqları rəsmi olaraq qəbul etmişsə, onda heç bir məxluqun Allah üzərində heç bir haqqı olmadığını necə iddia etmək olar?! Aydındır ki, bu hüquqlar Allah-taala tərəfindən bəndələr üçün lütf və mərhəmət olaraq və᾿də verilmişdir. Halbuki, təkvini baxımdan heç kəs Allah yanında haqq sahibi deyildir.
İkinci mehvər:
Vəhhabilər Allahdan başqasına and içməyi haram və şirk hesab edirlər. Amma unutmaq olmaz ki, həm Quranda, həm də Peyğəmbərin (s) sünnəsində Allahdan başqa şeylərə and içməyin çoxlu nümunələri qeyd olunub. Allah-taalanın Özü Qur᾿anda sair varlıqlara and içmişdir, o cümlədən: «vəl-əsri», «vəttin», «vəz-zəytuni», «vəturisininə vəhazəl bələdil əmin», «vəşşəmsi və zühaha…»
Burada deyilə bilər ki, Allahın Özündən başqasına and içməsinin caiz olmasını başqalarına aid etmək olmaz. Başqa sözlə desək, Allah-taala bütün varlıqların Xaliqi olduğu üçün istədiyi şeyə and içməyə haqqı vardır, amma insanlara belə bir icazə verilmir.
Cavabında deməliyik ki, Allahdan bu fe᾿lin baş verməsi Onun çirkin və qəbahətli olmamasını göstərir. Əgər biz bu işi şirk hesab etsək, onda necə mümkün ola bilər ki, Allah-taala Özü Özünə şərik qoşsun?
Peyğəmbərdən (s) nəql olunan rəvayətlərdə də Allahdan başqasına and içilməsi gözə çarpır. Məsələn, «Vəbikə» (and olsun atanın canına), «Vələəmri» (öz canıma and olsun). Bu kimi ifadələr o həzrətin sözlərində nəzərə çarpır. Belə olan halda (nəuzibillah) demək olarmı ki, Rəsuli-Əkrəm (s) kiçik şirkə düçar olub?
Bundan əlavə, səhabələrin də kəlmələrində Allahdan başqa şeylərə and içməyin çoxlu nümunələri müşahidə olunur. Məlum olduğu kimi, Peyğəmbəri-Əkrəm (s) onları bu işdən çəkindirməmişdir.
Üçüncü mehvər:
Vəhhabilər öz nəzəriyyələrini əsaslandırmaq üçün Peyğəmbərdən (s) rəvayət olunan iki hədisə istinad edirlər:
Birincisi: Peyğəmbər (s) Ömərin atasının canına and içdiyini eşitdikdə buyurdu: «Allah sizi öz atanıza and içməkdən çəkindirmişdir. Hər kəs and içmək istəsə, Allaha and içsin, əks halda sakit olsun.»
İkincisi: Bir kişi Ömərin oğlunun yanına gəlib dedi: «Kə᾿bəyə and içirəm!» Ömərin oğlu dedi: «Yox, mən Kə᾿bənin Allahına and içirəm, çünki atam (Ömər) atasına and içdikdə Rəsuli-Əkrəm (s) buyurdu: «Atana and içmə. Çünki, hər kəs Allahdan başqasına and içsə, müşrikdir».
Birinci rəvayətdə iki incə nöqtəyə işarə etməliyik. Birincisi: ataların canına and içməkdən çəkindirilməyin səbəbi budur ki, İslamın əvvəllərindəki müsəlmanların əksəriyyətinin ataları müşrik idilər. Buna görə də onların heç bir hörmət və müqəddəsliyi yox idi ki, and içməyə layiq olsunlar. Halbuki, bir şeyə and içmək onun əzəmət və hörmətini çatdırır.
Bu müddəanın şahidi bu hədisdir: «Peyğəmbər (s) bütlərə and içməyin yanında ata-analara and içməyi qadağan etmiş və buyurmuşdu: Ata-analarınıza və bütlərə and içməyin».
Digər məsələ bundan ibarətdir ki, ataya (yaxud Allahdan başqa hər bir şeyə) and içməkdən çəkindirilməsi sadəcə olaraq mübahisəli məsələlərdə mühakimə yürüdüb münaqişəni sona çatdırmaq məqsədi güdür. Çünki bütün İslam alimlərinin fikir birliyinə əsasən, bu kimi hallarda andiçmə Allaha və Onun sifətlərindən başqa bir şeylə gerçəkləşmir.
İkinci rəvayətə də birinci rəvayətlə əlaqədar digər mühüm bir məsələni əlavə etmək lazımdır: Ömərin oğlu öz ictihad və şəxsi nəzərinə əsasən, (Ömərin) atasına xitabən buyurduğu kəlamı ümumi mənada götürərək, Kə᾿bə kimi müqəddəslərə and içməyini də ona daxil etmişdir.
Buna əsasən Peyğəmbərin (s) və bir çox səhabələrin Allahdan başqasına and içdiyini göstərən rəvayətlər, həmçinin Allahın Özündən başqasına and içdiyini çatdıran ayələri belə izah etmək olar ki, müşrikə, yaxud şirkin təzahürü olan şeyə, (məsələn bütə) and içmək, ona e᾿tiqad bəsləmək və onu təsdiq etmək mə᾿nasına olduğundan caiz deyildir. Amma Allaha mənsub edildiyinə görə müqəddəslik tapan sair müqəddəslərə and içmək ümumi halda caizdir. Əlbəttə, münaqişəni həll etmək məqamında Allahdan başqasına and içmək kifayət deyildir və bu işin şər᾿i və hüquqi təsiri yoxdur.

SUALLAR VƏ TAPŞIRIQLAR
1. Vəhhabilər Allahdan başqasının adına and içməyi inkar edərkən hansı Qur᾿an ayələrinə istinad edirlər?
2. Nə üçün vəhhabilər Allahı başqalarının adına and verməyi caiz bilmirlər?
3. Doğrudanmı mö᾿minlərin Allah yanında heç bir haqqı yoxdur?
4. Allahdan başqasının adına and içməyin caiz olmasını necə isbat etmək olar?
5. Ömərin oğlundan nəql olunan hədis necə izah olunur?
İslam məzhəbləri ilə tanışlıq kitabı.


more post like this