–Peyğəmbərlərin göndərilmə zərurəti
–Bəşər elminin kifayət etməməsi
–Peyğəmbərlərin göndərilməsinin faydaları
PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏ ZƏRURƏTİ
Nübüvvət bölməsinin ən əsaslı məsələlərindən ibarət olan bu məsələni isbat etmək üçün aşağıdakı üç müqəddiməni təqdim edirik:
1.İnsanın yaradılışında əsas hədəf, onun ixtiyari işləri yerinə yetirməklə təkamülə, son kamala doğru yolunu qət etməsidir. Elə bir kamal ki, ixtiyar və seçki yolundan başqa bir şeylə ələ edilmir. Başqa sözlə desək, insan buna görə yaradılmışdır ki, Mütəal Allaha itaət və ibadət etməklə, kamil insanın xüsusiyyətlərindən olan ilahi rəhmətləri əldə etməyə ləyaqət tapsın. Allahın hikməti ilk növbədə insanın kamal və səadətə çatmasını iradə edir. Amma bu səadət və yüksək məqam ixtiyari fe’lləri yerinə yetirməkdən başqa yolla hasil olmadığından insanın həyat yolu iki istiqamətdə qərar verilmişdir ki, onun üçün istədiyini seçməyə şərait yaransın. Təbiidir ki, onlardan biri insanı bədbəxtçiliyə və əzaba doğru aparacaqdır və bu da ilahi iradədən asılı olaraq baş verir. (Yə’ni ilahi iradəyə tabedir).
Bu müqəddimə ilahi ədalət və hikmət bəhslərində də aydın oldu.
2.Agahlıq üzündən olan seçki və ixtiyar bir işin görülməsinə qüdrət və bacarığın, müxtəlif işlər üçün xarici şəraitlərin və insan daxilində onlara doğru meylin varlığından əlavə yaxşı və pis işləri, layiqli və nalayiq yolları seçməkdə düzgün mə’rifətə də ehtiyac duyulur. İnsan o zaman özünün təkamül yolunu azadlıq və agahlıq üzündən seçə bilər ki, həm hədəfi, həm də ona aparan yolu tanıya bilsin, onun eniş-yoxuşlarından, uçurum və ya döngələrindən agah olsun. Deməli, Allahın hikməti belə bir mə’rifətin əldə edilməsi üçün lazım olan vasitələri insanın ixtiyarında qoymasını tələb edir. Əks halda, bu iş bir kəsi qonaqlığa də’vət edib amma evinin yolunu ona göstərməyən şəxsə bənzəyər. Aydındır ki, belə rəftar hikmətin əksinə və məqsədin ziddinədir.
Bu müqəddimədə artıq izaha ehtiyac duyulmur.
3.Əql və hiss vasitəsilə əldə olunan adi insanlar arasındakı mə’rifətlər həyat və məişət ehtiyaclarının tə’min olunmasında mühüm əhəmiyyət ifa etməsinə baxmayaraq fərdi və ictimai, maddi və mə’nəvi, dünya və axirət yönlərində həqiqi səadət və kamal yollarını tanımaqda kifayət deyildir. Əgər bu ehtiyacların tə’min olunması üçün başqa bir yol olmasa, Allahın insanı yaratmaqdakı hədəfi gerçəkləşməyəcəkdir.
Bu üç müqəddimədən belə nəticə alırıq ki, Allahın hikməti hərtərəfli təkamül yolunu tanımaq üçün əql və hissdən kənarda olan digər bir yolun bəşərin ixtiyarına qoyulmasını tələb edir ki, insanlar birbaşa, yaxud başqa şəxs və ya şəxslərin vasitəsilə onlardan bəhrələnə bilsinlər. O da peyğəmbərlərin (ə) ixtiyarına verilən vəhy yolundan ibarətdir ki, onlar birbaşa, başqaları da onların vasitəsilə həmin yollardan bəhrələnir, son kamal və səadətə çatmaq üçün lazım olan şeyləri əldə edirlər.
Bu bürhanın müqəddimələri arasında sonuncu müqəddimədə şəkk edilə bilər. Buna görə də bunun ətrafında daha artıq şərh veririk ki, bəşər elminin insanın hərtərəfli təkamül yolunu ayırd etmək üçün naqis olması, eləcə də vəhy yoluna ehtiyacı olması tamamilə aşkar olsun.
BƏŞƏR ELMİNİN ÇATIŞMAZLIĞI VƏ KİFAYƏT ETMƏMƏSİ
Düzgün həyat yolunun özünün bütün yönlərində aydın olması üçün insanın varlığının başlanğıcı və sonu, başqa varlıqlarla olan bağlılığı, öz insan növləri və sair varlıqlar arasında bərqərar etdiyi rabitə, müxtəlif rabitələrin onun xoşbəxt və ya bədbəxt olmasında göstərə biləcəyi tə’sirlər aydın olmalıdır. Həmçinin, müxtəlif fayda və qazanclar, məsləhətlər və zərərlər arasında hesab-kitab ayırd edilməli və dəyərləndirilməlidir ki, müxtəlif ruhi və fiziki xüsusiyyətlərə malik olan, müxtəlif təbii və ictimai şəraitlərdə yaşayan milyardlarla insanın vəzifəsi müəyyən olunsun. Lakin bu işlərin hamısının öhdəsindən gəlmək nəinki bir və ya bir neçə nəfər üçün müyəssər deyildir, hətta minlərlə mütəxəssis belə, insanla əlaqədar, onların fərdi və ictimai, maddi və mə’nəvi, dünya və axirət mənafeyinə zəmanət verə biləcək, müxtəlif mənfəət və zərərlər arasında yaranan qarşıdurmalarda daha mühüm olan məsləhəti tə’yin edəcək elm sahələrinin mürəkkəb formullarını kəşf edərək dəqiq qayda-qanunlar şəklində bəyan edə bilməzlər.
Tarix boyu bəşəriyyətdə baş verən qanuni və hüquqi dəyişikliklərin inkişafı göstərir ki, minlərlə mütəxəssis və alimin yorulmaz tədqiqatları və sə’yləri min illərlə davam etsə də, hərtərəfli, kamil və hüquqi bir sistem yarada bilməmiş, dünyanın bütün hüquqi və qanunçu təşkilatları özlərinin yaratdıqları qanunların yetərli olmadığını dərk etmiş, müəyyən müddəaları əlavə etməklə, yaxud qüvvədən salmaqla təkmilləşdirib islah etmişlər.
Unutmaq olmaz ki, bu qanunların yaradılmasında belə ilahi hüquq sistemlərindən və asimani şəraitlərdən çox istifadə etmişlər. Diqqət yetirməliyik ki, bütün hüquqçuların və qanunçuların sə’y və himmətlərinin hamısı ictimai və dünyəvi məsləhətlərin tə’min olunmasına sərf olunur. Onlar insanların axirət məsləhətlərinin tə’min olunmasına, maddi və dünyəvi məsləhətlərinin axirət ilə uyğunlaşdırılmasına heç vaxt sə’y göstərməmişlər və bu cür ən mühüm cəhətə riayət etmək istəsələr belə, heç vaxt qəti bir nəticəyə çata bilməzlər. Çünki maddi və dünyəvi məsləhətləri elmi təcrübələrlə müəyyən qədər ayırd etmək olar, amma mə’nəvi və axirət məsləhətləri təcrübə ilə hiss olunmağa qabil deyildir və onları dəqiq şəkildə dəyərləndirmək, maddi və dünyəvi məsləhətlərlə qarşıdurma yarandığı şəraitdə onlardan hər birinin əhəmiyyətinin dəyərini tə’yin etmək olmaz.
Bəşər qanunlarının mövcud vəziyyətinə diqqət yetirməklə insanların elminin min, yaxud yüz minlərlə il qabaq nə qədər yararlı olmasını təxmini ehtimal vermək və belə bir qəti nəticəyə çatmaq olar ki, ibtidai insanlar həyatın düzgün yolunu ayırd etməkdə müasir insanlardan çox-çox aciz imişlər. Müasir dövrdəki insanların min illik təcrübələrdən istifadə edərək düzgün, kamil və hərtərəfli bir sistemə çatdığını və belə bir sistemin əbədi və axirət səadətinə də zəmanət verməsini fərz etsək, yenə belə bir sual yaranır ki, tarix boyu milyardlarla insanı boşlayıb onları cəhalətdə qoymaq ilahi hikmət və insanların yaradılmasında olan məqsədlə necə uyğun gələ bilər?!
Bir sözlə, insanların əvvəldən axıra qədərki yaradılışında hədəf o zaman gerçəkləşə bilər ki, hiss və əqldən başqa həyat həqiqətlərini, fərdi və ictimai vəzifələrin ayırd edilməsində digər bir yol mövcud olsun və o, vəhy yolundan başqa bir şey olmayacaqdır.
Həmçinin, aydın olur ki, bu bürhana əsasən ilk insan Allah peyğəmbəri olmalıdır ki, düzgün həyat yolunu vəhy vasitəsilə tanısın, yaradılışın hədəfi onun barəsində həyata keçsin və sonra başqa insanlar onun vasitəsilə hidayət olunsunlar.
PEYĞƏMBƏRLƏRİN GÖNDƏRİLMƏLƏRİNİN FAYDALARI
İlahi peyğəmbərlər insanın həqiqi təkamülü üçün düzgün yol göstərməkdən, vəhy alıb camaata çatdırmaqdan əlavə, insanların təkamülündə digər mühüm tə’sirlərə də malik olmuşlar ki, onların ən mühümləri aşağıdakılardır:
1.İnsan əqli çox mətləbləri dərk edə bilər. Lakin bunun üçün zamanın keçməsinə və çoxlu təcrübə əldə etməyə ehtiyac var. Bir yandan da insanların maddi işlərə baş qoşması, heyvani xislətlərin və meyllərin onlara qələbə çalması nəticəsində qəflət və unutqanlığa düçar olmaq və yaxud da düzgün olmayan tə’limlər və pis təbliğatlar sayəsində bu mətləblər xalq kütlələrindən gizlin qalır. Belə mətləblər peyğəmbərlərin vasitəsilə bəyan olunur, ardıcıl xatırlatmalar vasitəsilə onların tamamilə unudulmasının qarşısı alınır, düzgün və məntiqi tə’limlərlə pis tə’limatlara və çaşdırıcı fikirlərə sipər çəkilir.
Buradan da peyğəmbərlərin müzəkkir (xatırladan) və nəzir (ilahi əzabdan qorxudan), Qur’ani-kərimin isə zikr (xatırlatma) və təzkirə adlanmasının mühüm səbəbi aydınlaşır.
Əli (ə) peyğəmbərlərin be’sətinin hikməti barəsində belə buyurur: “Mütəal Allah Öz peyğəmbərlərini bir-birinin ardınca göndərmişdir ki, öz fitri əhdi-peymanlarına vəfa etməyi camaatdan istəsin, unudulmuş ne’mətləri onlara xatırlatsın, həqiqətlərin təbliğ və bəyan edilməsi ilə höccəti onlara tamam etsin.”
2.İnsanın tə’lim-tərbiyə, inkişaf və təkamül amillərindən ən mühümü davranış və rəftarda nümunə və ülgünün olmasıdır. Bunun əhəmiyyəti psixologiya elmində sübut edilmişdir. İlahi peyğəmbərlər kamil insanlar və Allahın tərbiyə etdiyi şəxslər olmaqla bu rolu ən gözəl formada ifa edir, müxtəlif tə’limatlardan əlavə, insanların ruhən tə’lim-tərbiyəsinə və ruhlarının aludəliklərdən təmizlənməsinə sə’y edirlər. Bildiyimiz kimi, Qur’ani-kərim tə’lim (elm öyrətmə) və təzkiyəni (saflaşdırma) yanaşı zikr etmişdir, hətta bə’zi hallarda təzkiyə tə’limdən qabaqda gəlir.
3.Peyğəmbərlərin insanların arasında olmasının bərəkətlərindən biri də budur ki, lazımi şərait yarandıqda camaatın ictimai-siyasi və mühakimə nəzərindən rəhbərliyini öz öhdələrinə alsınlar. Aydındır ki, mə’sum və günahsız bir rəhbər Allahın cəmiyyətə təqdim etdiyi ən böyük ne’mətlərdən biridir; onun vasitəsilə ictimai pozuntuların çoxunun qarşısı alınır, cəmiyyət ixtilafdan, pərakəndəlikdən, əyintilərdən xilas olaraq istənilən kamala doğru hidayət olunur.
SUALLAR
1.İnsanın yaradılmasında məqsəd nədir?
2.Allahın ilahi hikmət əsasında olan iradəsi insanın səadət və rəhmətinə aid olduğu kimi, onun bədbəxtçiliyinə və əzabına da aidiyyatı varmı? Bunların arasında fərq varmı?
3.İnsanın ixtiyari əməlləri, agahlıq üzündən seçim etməsi üçün hansı işlərə ehtiyacı vardır?
4.Nə üçün bəşər əqli lazım olan bütün mə’rifətləri tə’min etməkdə kifayət deyildir?
5.Peyğəmbərlərin be’sətinin zərurətini göstərən dəlilləri qeyd edin.
6.Əgər insan uzun təcrübələrdən istifadə edərək özünün dünya və ictimai səadətini tanıya bilsəydi, onda vəhyə ehtiyac qalardımı? Niyə?
7.İlk insanın peyğəmbər olmasına əqli dəlil gətirmək olarmı? Necə?
8.Peyğəmbərlərin varlığlının digər faydalarını bəyan edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this