İLK XƏVARİCLƏRİN AQİBƏTİ
1. Əmirəl-mö᾽minin Əlinin (ə) zamanında xəvaricin fəaliyyəti nədən ibarət idi?
2. Əli (ə) xəvariclə necə rəftar etdi?
Keçən dərsdə xəvaric cərəyanının necə formalaşmasını şərh etdik və İbni Abbasın İtab ibni Ə᾽vərlə münazirəsini açıqlamaqla, bu qrupun əqidəvi əsasları və təfəkkür-tərzinin bir qismini aydınlaşdırdıq.
Bu dərsdə xəvaricin işinin davamı, Əmirəl-mö᾽minin Əlinin (ə) onlarla necə qarşılaşması və o həzrətin xilafəti dövründə onların aqibəti, bu qrupun nəzər və əqidələrindən bir hissəsi bəyan olunacaq.
NƏHRAVANDA TOPLANTI
Əmirəl-mö᾽minin Əlinin (ə) ibni Kəvva ilə münazirəsindən, ibni Kəvvanın onlardan ayrılmasından sonra xəvaric öz əqidələrində israr edərək qərara almışdılar ki, Nəhravanda düşərgə salsınlar. Sonra Əbdüllah ibni Vəhəb Təmili Rasibi və Hərqus ibni Züheyr Bəcəlini özlərinin iki əmiri seçdilər və Şüreyh ibni Ovfa Əbəsinin evində yığıncaq təşkil edib qərara aldılar ki, Bəsrədəki köməkçilərinə məktub yazıb onları Nəhravana də᾿vət etsinlər. Bəsrə xəvaricləri məktubu aldıqdan sonra Müs᾽ər ibni Fədəki Təmiminin başçılığı altında Nəhravana doğru yola düşdülər. Onlar malik olduqları mənfi fikirlə yolda rastlaşdıqları hər kəsdən Əmirəl-mö᾽minin Əli (ə)-a olan nəzərini soruşur, əgər o həzrətlə müvafiq olsaydı, əziyyət verir və yaxud da öldürürdülər. O cümlədən Peyğəmbər səhabəsi və Əmirəl-mö᾽minin Əlinin (ə) köməkçilərindən olan Əbdüllah ibni Xəbbabı, onun həyat yoldaşı və onlarla səfər edən bir neçə qadını faciəli şəkildə qətlə yetirdilər.
Bu faciələrin, eləcə də xəvaricin müharibəyə hazırlıq xəbəri Əli (ə)-çatdıqda Haris ibni Mürrə Əbdini göndərdi ki, bu xəbərlərin düzgün olub-olmamasını araşdırsın. Amma o, Nəhrəvana çatdıqda xəvaric tərəfindən qətlə yetirildi. Harisin ölüm xəbəri Əli (ə)-a çatdıqda bir qoşun hazırlayıb Nəhrəvana yola düşdü. Nəhrəvanın yaxınlığında həmin tərəfdən gələn bir kişidən xəvaric barəsində soruşduqda kişi cavab verdi: Xəvaric sənin gəlişindən xəbərdar olduqda, qaçmaq məqsədilə çayı keçdilər.
Əli (ə) soruşdu: Onların çayı keçmələrini özün gördünmü?
Dedi: Bəli.
Həzrət dedi: Məhəmmədi haqq olaraq peyğəmbərliyə seçən Allaha and olsun ki, onlar heç vaxt çayı keçməyəcək və Kəsranın qızı Puranın qəsrinə çatmayacaqlar. Allah onları mənim əlimlə öldürəcək, onlardan on nəfərdən çox sağ qalmayacaqdır. Mənim dəstəmdən də on nəfərdən artıq şəhid olmayacaqdır. Bu imzlanmış bir əhd və labüd bir qəzadır.
ƏLİNİN (Ə) XƏVARİCLƏ OLAN MÜNAZİRƏSİ
Əli (ə) Nəhrəvana çatdıqda xəvaric nizələrini o həzrətə tərəf tuşlayıb «la hökmə illa lillah» şüarını verirdilər. Həzrət Əli (ə) dedi: Allahın hökmünü icra etməkdən başqa sizdən heç nə istəmirəm. Bizim qardaşlarımızı öldürənləri təhvil verin ki, onların barəsində Allahın hökmünü icra edim. Sizinlə bundan artıq işim yoxdur və mənim əsas məqsədim Şam əhli ilə qarşılaşmaqdır. Bəlkə Allah sizin qəlblərinizi xeyrə döndərə.
Xəvaric dedi: Onların (İbni Xəbbab, Haris və sairlərinin) qatilləri bizim hamımızıq. Bizim hamımız onların və sizin qanınızı mübah hesab etmişik.
Əli (ə) buyurdu: Ey camaat! Mən Əli ibni Əbi Talibəm, mənə deyin görüm hansı əsasla mənimlə müxalifətçilik edib intiqam almaq istəyirsiniz?
Dedilər: Bizim ilk dəlilimiz budur ki, biz Bəsrə əhli ilə müharibədə (Cəməl döyüşündə) sənin tərəfində vuruşduq, amma sən onlara qələbə çaldıqda onların mal-dövlətlərini bizə mübah etdin. Lakin, qadın və övladlarını bizə vermədin.
Əli (ə) dedi: Ey camaat! Bəsrə əhli bizimlə vuruşdular, müharibəyə başlayanlar da onlar idilər. Allah məni onlara qalib etdiyi zaman sizə qarşı döyüşənlərin mal-dövlətlərini sizin aranızda bölüşdürdüm. Lakin qadın və uşaqlara əl vurmağı sizə qadağan etdim, çünki qadınlar sizinlə vuruşmamışdılar və onların övladları İslam fitrətində dünyaya gəlmişdilər. Buna görə də onların qadın və uşaqlarına əl vurmağı sizlərə qadağan etdim. Siz bilirsiniz ki, Rəsuli-Əkrəm Məkkəni fəth edən zaman Məkkə əhlinə minnət qoyub onların qadın və uşaqlarını əsir götürmədi. Peyğəmbər müşriklərə minnət qoyubsa, mənim müsəlmanlara minnət qoymağımı, onların qadın və uşaqlarını əsir götürməməyimdən təəccüblənməyin.
Xəvaric dedi: Sənə olan başqa bir iradımız da bundan ibarətdir ki, Siffeyn müharibəsində, səninlə Müaviyə arasında əhdnamə yazılan zaman sən öz katibinə dedin ki, belə yazsın: «Bu, mö᾽minlərin əmiri Əli ibni Əbi Taliblə Müaviyə ibni Əbi Süfyan arasında olan bir əhdnamədir». Müaviyə sənin mö᾽minlərin əmiri olmağına e᾿tiraz etdikdə, sən o ünvanı pozdurub dedin ki, belə yazılsın: «Bu Əli ibni Əbi Taliblə Müaviyə ibni Əbu Süfyan arasında olan bir əhdnamədir». Əgər sən mö᾽minlərin əmiri deyilsənsə, onda kafirlərin əmirisən. Halbuki biz mö᾽minik və sən bizim əmirimiz olmamalısan.
Əli (ə) buyurdu: Ey camaat! Siz öz sözlərinizi dediniz, indi cavabı eşidiniz. Mən Hüdeybiyyə sülhündə Peyğəmbərin (ə) katibi idim. O həzrət (s) mənə buyurdu ki, belə yazım: «Bu Allahın Rəsulu Məhəmməd ilə Məkkə əhli arasında bir sülhnamədir». Əbu Süfyan (yaxud Məkkə müşriklərinin nümayəndəsi olan Süheyl ibni Əmr) dedi: Əgər mən sənin Allahın Rəsulu olduğunu qəbul etsəydim, səninlə müharibə etməzdim. Belə isə özünün və atanın adından başqa bir şey yazma». Buna görə də Peyğəmbər (s) mənə əmr etdi ki, risalət ünvanını pozub belə yazım: «Məhəmməd ibni Əbdillah ilə Məkkə əhli arasında olan bir sülhnamədir». Mənim xilafət ünvanını götürməyim eynilə Peyğəmbərin risalət ünvanını götürməyinə oxşayır və Peyğəmbər də bu işdə mənim üçün nümunədir.
Xəvaric dedi: Digər bir iradımız da budur ki, sən həkəmlərə dedin: «Allahın kitabına nəzər edin, əgər məni Müaviyədən fəzilətli bilsəniz, xilafətə məni seçin, yox əgər Müaviyəni fəzilətli bilsəniz xilafətə onu seçin.» Demək, sən özün-özünə arxayın deyilsən ki, deyirsən Müaviyə məndən əfzəldir. Belə ki, bizim sənin əfzəl olmağın barəsindəki şəkkimiz, sənin özünə olan şəkkindən daha çox olacaqdır.
Əli (ə) buyurdu: Mən bu işlə Müaviyə ilə insafla rəftar etmək istəyirdim, əks halda həkəmlərə deyə bilərdim ki, mənim xeyrimə hökm edin və Müaviyəni boşlayın. Müaviyə də bu işə razı olmazdı. Eləcə də əgər Rəsuli-Əkrəm (s) Nəcran məsihiləri ilə mübahilədə «gəlin mübahilə edək və Allahın lə᾽nətini sizə qərar verək» desəydi, məsihilər bu işə razı olmazdı. Məhz bu səbəbdən onlarla insafla rəftar etdi. Mən də Peyğəmbər kimi Müaviyə ilə insafla davrandım, Əmr Asın mənim nümayəndəmə hazırladığı hiylədən agah deyildim.
Xəvaric dedi: Sənə digər bir iradımız da vardır. Sən öz haqqın olan bir işi həkəmlərə həvalə etdin.
Əli (ə) buyurdu: Rəsuli-Əkrəm (s) Bəni Qureyzə barəsində Sə᾽d ibni Məazı həkəm qərar verdi. Halbuki istəsəydi belə etməyə bilərdi. Sonra Sə᾽d onların kişi və qadınlarının qətlinə, övladlarının əsirliyinə, mal-dövlətlərinin qarət edilməsinə hökm verdi. Rəsuli-Əkrəm (s) özü görməli olduğu bir şeydə digərini həkəm qərar verdi. İndi deyin, mənim əleyhimə deyə biləcəyiniz başqa bir dəliliniz vardırmı?
Xəvaric sakit oldular və deməyə heç bir söz tapmadılar. Amma, öz aralarında dedilər: Düz deyir. O, bizim bütün dəlillərimizi batil etdi. Bu zaman camaat hər tərəfdən fəryad çəkib dedi: Ya Əmirəl-mö᾽minin! Tövbə, tövbə!
Bu hadisədə xəvaricdən 8000 nəfər tövbə edərək Əmirəl-mö᾽minin Əli (ə)-a tərəf gəldilər. O həzrət də onların tövbələrini qəbul etdi. Amma dörd min nəfərə kimi qaldı və Əbdüllah ibni Vəhəb Rasibinin sərkərdəliyi ilə, tarix kitablarında müfəssəl şəkildə deyildiyi Nəhrəvan müharibəsində Əmirəl-mö᾽minin Əlinin (ə) qarşısında cəbhələşdilər və nəhayətdə sayları 10 nəfərdən az olan bir dəstə istisna olmaqla, hamısı qətlə yetirildi.
Nəhrəvana gəlməyən xəvaric dəstəsi, eləcə də Nəhrəvanda Əlinin (ə) vasitəsi ilə öldürülənlərin övladları xəvaricin siyasi və əqidəvi cərəyanının davam etməsinə səbəb oldu.
Xəvaric tədriclə öz əqidə və fikirlərinin bə᾽zilərini yaymaqla, xüsusilə «günaha mürtəkib olmaq şirk və küfrdür» məsələsinə e᾽tiqad bağlayaraq, bir məzhəb və məktəbə çevrildi, sair məzhəblərin, o cümlədən Mürciə məzhəbinin müqabilində dayandı. Belə ki, onlar günaha mürtəkib olanın dindən çıxaraq əzaba layiq olmasına inanmırdılar. Xəvaric cərəyanı da sair əqidəvi cərəyanlar kimi müxtəlif firqələrə bölündü ki, gələcək dərslərimiz də onların firqələri ilə tanış olacağıq.
SUALLAR VƏ TAPŞIRIQLAR
1. Xəvaric Nəhrəvanda nə işlər törətdi?
2. Əmirəl-mö᾽minin Əli (ə) ilk əvvəldə xəvariclə müharibə etmək fikrində idimi? Nə üçün?
3. Əli (ə)-la xəvaricin arasındakı müzakirədən nə nəticə alınır?
4. Xəvaric cərəyanı necə davam etdi?
İslam məzhəbləri ilə tanışlıq kitabı.

 

 

 


more post like this