Qeybətin böyük günah və haram olması, dünya və axirətdə qoyduğu mənfi tə᾽sirlərlə tanış olduqdan sonra onu doğuran səbəb və amillər haqqında danışmaq yerinə düşərdi. Ümumiyyətlə insan nə üçün başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaq istəyir?
Әxlaq alimləri qeybətə səbəb olan səkkiz mühüm amilə işarə etmişlər:
1. Vicdan rahatlığı;
Insanların bir çoxunun qeybət etməkdən ən başlıca məqsədləri öz eyb və nöqsanlarını kiçik hesab etmək və ya onların üstünü örtməkdir. Bu dəstəyə aid olanlar öz eyb və nöqsanlarından agah olduqda, onları aradan qaldırmaq əvəzinə başqalarının eyblərini aşkara çıxarıb böyüdər. Yəni bu, təkcə mənim eybim deyildir, başqalarının nöqsanları məndən də çoxdur. Mənim eyb və nöqsanlarım olduqca az və cüz᾽idir. Beləliklə onlar özlərinə bəraət qazanıb rahatlıq hiss edərlər. Təbii ki, belə bir səbəb üzündən başqalarının qeybətini edən şəxslər günahlarının üzərinə bir günah da artırmış olurlar. Çünki, hər bir şəxs öz əməllərinə görə məs᾽uliyyət daşıyır və başqalarının ondan daha çox günah etdiklərini bəhanə gətirib tövbə edib səhvlərini düzəltməkdən boyun qaçıra bilməz. Bu səbəbdən də etdiyi əvvəlki günah olduğu kimi qalır və başqalarının qeybətini etməklə günahlarının üzərinə bir günah da gəlir.
2. Fəxr;
Insanlardan bə᾽ziləri camaatın eyb və nöqsanlarını başqalarının yanında aşkar etməklə onları təhqir edir, özlərini isə yüksək əxlaq və fəzilət sahibi göstərmək istəyirlər. Məsələn, deyirlər: Filan şəxs heç nəyi düşünüb daşınmaz. Beləliklə o, özünün ağıl və dərrakə sahibi olduğunu və belə bir mənfi xüsusiyyətə malik olmadığını sübuta yetirmək istəyər. Hərçənd dinləyicinin zehnində o, fəzilət və dərrakə sahibi kimi deyil, xudpəsənd və özünü öyən təkəbbürlü şəxs kimi canlanır.
3. Məsxərə və istehza;
Qeybət olunan məclislərin bir çoxunda başqalarının eyb və nöqsanlarını aşkara çıxarmaqdan ən başlıca məqsəd onları məsxərə və istehza etməkdir. Bu haqda 27-ci dərsdə ətraflı söhbət açacağıq.
4. Həsəd;
Qeybətə səbəb olan amillərdən biri də həsəddir. Insan özünü başqalarından zəif və bacarıqsız gördükdə onda həsəd hissi baş qaldırır. O, başqalarında eyb və nöqsan axtarmaqla onların mövqeyini kiçiltməyə və özü haqda müsbət fikir yaratmağa və başqalarının nəzərində ucalmağa çalışır.
5. Başqaları ilə həmrə᾿ylik;
Yaxın dost və tanışların iştirak etdikləri məclislərdə adətən kimlərinsə yaxşı və ya pis xüsusiyyətlərindən söhbət açılır. Məclis iştirakçıları bir-birləri ilə həmsöhbət olmaq üçün müxtəlif mövzular ətrafında söhbət açır, bə᾽zən də onlarla səmimi ünsiyyət yaratmaq və ya keflərini açmaq üçün kimlərinsə qeybətini edirlər. Onlar belə güman edərlər ki, əgər məclis iştirakçıları ilə qaynayıb-qarışmasalar onlardan inciyəcək və özlərindən uzaqlaşdırmaq istəyəcəklər. Bir haldakı ünsiyyət və həmrə᾿ylik haram işlərə yol verilmədən bərqərar olunmalıdır. Bir sözlə, başqalarının razılığını əldə etmək üçün Allahın qəzəb və narazılığına yol verilməməlidir. Qur᾽ani-Kərim günahkarla ünsiyyətdə olmaq nəticəsində Cəhənnəm əhlinin böyük əzaba düçar olduqlarını onların öz dilləri ilə belə bəyan edir:
«Onlar cənnətdədirlər: Bir-birindən soruşacaqlar
Günahkar barəsində [və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər]:
Sizi Cəhənnəmə salan nədir?
Onlar deyəcəklər: Biz namaz qılanlardan deyilik;
Yoxsulu da yedirtməzdik;
Batilə dalanlarla birlikdə biz də dalardıq.»
6. Təhlükənin qarşısını almaq;
Bə᾽ziləri, başqalarının onun haqda nə isə xoşagəlməz bir söz deyəcəyini ehtimal verib onların söylədiklərini e᾽tibarsız etmək və ya təhlükənin qarşısını almaq üçün onların eyb və nöqsanlarını aşkar etmək istəyirlər. Belə ki, şəxs onun haqda bir söz demək istərkən söylədikləri dinləyici üçün heç bir əhəmiyyət kəsb etməmiş olsun.
7. Təəccüb;
Günah və xoşagəlməz şeylər haqda söz düşdükdə, bə᾽zi şəxslər qeybət bəhanəsi ilə sanki eşitdiklərindən təəccüblənib deyərlər: Ondan bu işi gözləmək olmazdı. Çünki, əgər qeybət bəhanələri olmasaydı, həmin şəxsin adını çəkmədən öz nigarançılıqlarını bildirərdilər. Digər tərəfdən də günaha düçar olmaq təəccüb və heyrətə səbəb olursa, qeybət də böyük günahlardan hesab olunur və təbii ki, onun bu hərəkəti də başqalarını heyrətləndirəcəkdir.
8. Rəhm.
Bə᾽ziləri başqalarının eyb və nöqsanlarından və ya günaha mürtəkib olduqlarından söz düşdükdə, ürək yanğısı ilə deyərlər: Günaha düçar olduğu üçün onun halına ürəyim yanır. Qeybət edən şəxs hər şeydən əvvəl diqqət yetirməlidir ki, onun halı daha çox acınacaqlıdır. Çünki, əvvəla onun özü heç də eyb və nöqsansız deyildir və bunu deməklə özü qeybət etmiş olur. Digər tərəfdən isə mö᾽min bir şəxsi təhqir etməklə başqa bir günaha düçar olmuş olur.
QEYBӘTIN ISTISNA HALLARI
Qeybət böyük günahlardan hesab olunsa da, istisna olaraq bə᾽zi hallarda bu işə icazə verilir:
1. Şikayət;
Haqqı tapdanılan şəxs şikayət üçün qazinin yanına getdikdə ona qarşı olunan zülm və ədalətsizlikləri olduğu kimi deməli və təcavüzkarı ona tanıtdırmalıdır. Әks təqdirdə, heç bir lazımı tədbir görmək mümkün olmayacaq. Belə bir halda şikayətçinin yeganə çıxış yolu təbii ki, həmin şəxsin qeybətini etməkdir. Nisa surəsinin 148-ci ayəsində bu haqda deyilir:
«Allah pis sözün açıq, ucadan deyilməsini sevməz. Yalnız zülm olunmuş şəxslər müstəsnadır. Allah hər şeyi eşidən və biləndir!»
Bu halda haqq-ədalətin bərqərar olunması və təcavüzkarların öz layiqli cəzalarına çatmaları üçün Allah-taala qeybətə icazə verir. Çünki, bu kimi hallarda qeybət yasaq olunarsa zülm və ədalətsizliyə mə᾽ruz qalan şəxslər nə öz haqqını tələb edə bilər, nə də təcavüzkarlar öz layiqli cəzalarına çatardılar.
2. Məsləhət və məşvərət;
Insan bir çox hallarda başqalarından məsləhət almağa və ya ictimai, ailə, məişət və s. bu kimi mühüm məsələlərdə ona yol göstərmələrinə ehtiyac duyur. Məsələn, ailə qurmaq istədikdə nəzərdə tutduğu şəxsi tanıyanlardan onun haqda mə᾽lumat əldə etmək istəyir və ya bir şəxsə hər hansı bir vəzifə tə᾽yin etdikdə dost-tanışlarından onun kimliyini öyrənmək istəyirlər. Bu kimi hallarda qeybətin olunmaması ağır və xoşagəlməz nəticələr verə bilər. Yə᾽ni, bu kimi hallarda nəzərdə tutulan şəxsin kimliyi və çatışmamazlığı barədə lazımı mə᾽lumatlar vermək heç də qeybət hesab olunmur. Çünki ümumi kütlənin mənafeyi fərdi mənafedən daha önəmlidir və bu iki şey bir-biri ilə çarpazlaşdıqda ümumi mənafe ön plana çəkilir.
3. Xəbərdarlıq;
Hər hansı bir şəxs və ya dəstənin cəmiyyətdə törətdiyi fitnə-fəsadları müşahidə etdikdə, cəmiyyətin sağlam təbəqəsinin onlara meyl etmələrinin qarşısını almaq üçün onların aşkara çıxarılması məqsədilə deyilən sözlər qeybət xarakteri daşısa da, zəruri hallardan hesab olunur. Bu iş islam cəmiyyətinin rifahı naminə olduğu üçün qeybət (günah) hesab olunmur.
Peyğəmbər (s) bu haqda buyurur:
Fasiq insanların nalayiq işlərini aşkara çıxarmırsınız ki, camaat onları tanımasın? Onların gördüyü nalayiq işləri ifşa edin ki, camaat onlardan uzaq olsunlar.
4. Fitnə-fəsadın qarşısını almaq;
Cəmiyyətin əxlaq və sağlam əhval-ruhiyyəsinin qorunub saxlanılması üçün mövcud olan və öz fəaliyyəti ilə cəmiyyətdə fitnə-fəsada, sabitsizliyə səbəb olan bütün xoşagəlməz tərzi-təfəkkürə, qruplaşmalara qarşı son dərəcə ayıq olmalı və onların qərəzli fəaliyyətləri haqda camaata və ya məs᾽ul şəxslərə mə᾽lumat vermək lazımdır. Bu qeybət xarakteri daşısa da, cəmiyyətin rifahı naminə olduğu üçün günah hesab olunmur.
5. Aşkar etmək və mö᾿tədillik;
Qeybətin istisna olunduğu hallardan biri də hədis rəvayət edən şəxslər və məhkəmədə şəhadət verən şahidlərə aiddir. Belə ki, hədislərin mö᾽təbərliyinin qorunub saxlanılması və şahidlər (qəzavət-mühakimə) məsələlərində verdikləri ifadələrin doğruluğunun qəbul olunması üçün onların kimliyi bəlli olmalıdır. Bunun üçün isə yeganə yol onların əxlaqi xüsusiyyətlərinin araşdırılması, eyb və nöqsanlarının üzə çıxarılmasıdır. Bu kimi hallarda da onların mənfi xüsusiyyətləri haqda danışmaq qeybət hesab olunmur.
6. Məşhur ləqəb;
Cəmiyyətdə bə᾿zi şəxslərlə rastlaşırıq ki, öz həqiqi adları ilə deyil, malik olduqları xüsusiyyətlərə görə müxtəlif ləqəblərlə çağırılır və zaman keçdikcə bir çoxları onları qondarma ləqəbləri ilə tanımağa başlayır. Ilk dəfə belə xoşagəlməz ləqəbləri başqalarına verən şəxslər günah etsələr də, sonralar adi hal aldığı üçün bu iş başqalarına qeybət hesab olunmur.
7. Bid᾿ətçilər;
Bidətçilərin tanınıb ifşa olunması.
Camaatı dindən uzaq salmaq istəyənləri hamıya tanıtdırmaq nəinki qeybət deyil, hətta hər bir müsəlmanın üzərinə düşən dini vəzifədir. Hər bir müsəlman hər şeydən əvvəl onların fəaliyyətlərinin qarşısını almalı və öz müsəlman bacı və qardaşlarının haqq yoldan uzaq düşmələrinə yol verməməlidir.
Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:
Bidətçilərdən uzaq olmağa çalışın, qarşılaşdığınız zaman onları xoşagəlməz sözlərlə təhqir edin.
8. Pozğun şəxslər.
Nəql olunmuş rəvayətlərdə qeybət olunmasına icazə verilən şəxslər açıq aşkar günah edən və heç nədən çəkinmədən pozğunçuluğa yol verən kəslərdir.
Peyğəmbər (s) onlar haqda buyurur:
Bu üç şəxsin qeybəti haram deyildir: Özbaşınalar, açıq-aşkar günah edən şəxslər və zalım rəhbərlər.
Etdiyi günahı heç nədən çəkinmədən aşkar edən şəxslərin qeybəti haram deyildir.
QEYBӘTӘ QULAQ ASMAQ
Qeybət etmək böyük günahlardan sayıldığı və qeybət edən şəxs Allahın qəzəbinə gəldiyi kimi, qeybətə qulaq asmaq da haram və böyük günahlardan hesab olunur.
Peyğəmbər (s) bu haqda buyurur:
Qeybətə qulaq asan şəxs qeybət edənlər kimidir.
Imam Sadiq (ə) buyurur:
Qeybət küfr kimi (böyük) ağır günah, qeybətə qulaq asmaq və deyilənlərdən razı qalmaq isə şirk ilə bərabərdir.
Bu məzmunda nəql olunmuş digər rəvayətlərdə mö᾽minlərin qeybəti olunarkən imkan daxilində onları müdafiə etməyə tövsiyə olunur.
Peyğəmbər (s) bu haqda buyurur:
Iştirak etdiyi məclislərdə qeybəti olunan mö᾽min qardaşlarını müdafiə edən şəxsləri Allah-taala min xoşagəlməz hadisədən qoruyar.
Onları müdafiə etməyə qadir olmadıqda isə hökmən həmin məclisləri tərk etmək lazımdır.
DӘRSIN XÜLASӘSI
Qeybətə səbəb olan amillər bunlardan ibarətdir: Vicdan rahatlığı, məsxərə və istehza, başqaları ilə həmrə᾽ylik, həsəd, təhlükənin qarşısını almaq, təəccüb və rəhm.
Şikayət, məsləhət, xəbərdarlıq, fitnə-fəsadın qarşısını almaq, və s. bu kimi hallar qeybət hesab olunmur. Qeybətə qulaq asmaq da qeybətin özü kimi haram və böyük günahlardandır.
SUALLAR VӘ TAPŞIRIQLAR
1. Qeybətə səbəb olan amillərdən ikisini izah edin.
2. Şikayət zamanı nə üçün qeybətə izazə verilir?
3. Bid᾿ətçilərin qeybət olunması nə üçün istisna olunur?
Din təlimləri kitabından…

 

 


more post like this