–Mö’cüzə səbəb-nəticə qanununu pozmurmu?
–Xariqüladə iş ilahi qanunların dəyişilməsi demək deyilmi?
–İslam Peyğəmbəri (s) mö’cüzə göstərməkdən niyə imtina edirdi?
–Mö’cüzələr əqli dəlildir, yoxsa qənaətedici bir dəlil?
BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
Mö’cüzə ilə əlaqədar müəyyən şübhələr irəli gəlir ki, onları qeyd edərək bu barədə izahat veririk:
Birinci şübhə. Hər bir maddi varlığın xüsusi bir səbəbi vardır. Bunu elmi təcrübələrin köməyi ilə müəyyən etmək olar. Sınaq və təcrübə vasitələrinin nöqsanlı olmasına görə hər hansı bir hadisə və varlığın səbəbinin namə’lum qalmasını həmin varlıqlar üçün adi səbəbin mövcud olmamasına bir dəlil kimi göstərmək olmaz. Deməli, xariqüladə işləri yalnız bu ünvanla qəbul etmək olar ki, onlar namə’lum səbəb və amillərdən irəli gəlmişlər. Ən çoxu budur ki, onların səbəblərinin mə’lum olmadığı bir dövrdə bu səbəblərdən agahlığı mö’cüzəli bir iş hesab etmək olar. Amma elmi sınaqlar vasitəsilə tanınmağa qabil olan səbəblərin inkar olunması səbəb-nəticə prinsipinin pozulmasına gətirib çıxartdığından rədd edilir.
Bunun cavabı budur ki, səbəb-nəticə prinsipi heç vaxt hər bir asılı varlıq və mə’lul üçün yalnız bir illətin sübut olunmasını tələb etmir. Amma hər bir illətin də hökmən təcrübi vasitələr ilə tanınmasının zəruri olması heç də illiyyət prinsipinin tələbi deyildir və bu məsələ ilə əlaqədar heç bir dəlil gətirmək olmaz. Çünki elmi təcrübə və sınaqların həddi təbii işlərlə məhdudlaşır və heç vaxt təbiətin fövqündə dayanan varlığın olub-olmamasına təcrübə vasitələri ilə sübuta yetirmək olmaz.
Amma mö’cüzənin tanınmaz səbəblərdən agah olmaq kimi təfsir olunması düzgün deyildir. Çünki əgər bu agahlıq adi səbəblər vasitəsilə əldə olunarsa, digər adi hadisələrlə heç bir fərqi olmayacaqdır və onu xariqüladə iş hesab etmək olmaz. Əgər qeyd olunan agahlıq qeyri-adi surətdə baş vermiş olsa, xariqüladə bir iş olacaq, Mütəal Allahın xüsusi izninə istinad verilsə və nübüvvətin doğruluğuna dəlil gətirilsə, mö’cüzənin (elmi mö’cüzənin) qismlərindən biri olacaqdır. Həzrət İsanın (ə) camaatın evlərində nə yeməsi və nəyi ehtiyat saxlaması ilə bağlı agahlığı o Həzrətin mö’cüzələrindən biri hesab olunurdu. Lakin mö’cüzəni həmin qism ilə sona çatdığını da demək olmaz.
Nəhayət “səbəb-nəticə prinsipi ilə əlaqədar bu hadisə ilə digər xariqüladə işlər arasındakı fərq nədən ibarətdir?” sualı qalır.
İkinci şübhə: Allahın əbədi qanunu bu əsasda olmuşdur ki, hər bir varlığı xüsusi illət vasitəsilə vücuda gətirsin. Qur’ani-kərimin ayələrinə görə, Allahın qayda-qanununda heç bir dəyişiklik baş verməz. Buna əsasən ilahi qanunlarda dəyişiklik hesab olunan xariqüladə işlər (adətin pozulması) belə ayələrin vasitəsilə inkar olunur.
Bu şübhə eynilə əvvəlki şübhəyə oxşayır. Fərq bundan ibarətdir ki, orada sırf əqli dəlil gətirilirdi, burada isə Qur’an ayələrinə istinad edilir. Cavabı da budur ki, varlıqların səbəb və illətlərinin yalnız adi səbəb və illətlər vasitəsilə məhdudlanmasını Allahın dəyişməz qayda-qanunlarından hesab etmək dəlilsiz bir sözdür və eynilə bir şəxsin “hərarətin səbəbi yalnız odla məhdudlaşır” – deyə iddia edərək ilahi qayda-qanunlarda dəyişiklik olmamasını deməyə bənzəyir! Belə iddialar qarşısında demək olar ki, müxtəlif nəticələr üçün səbəblər çoxluğunun mövcud olması, qeyri-adi səbəblərin adi səbəblərin yerinə keçməsi dünyada həmişə mövcud olan bir işdir və buna görə də onu ilahi qanunlardan, səbəblərin yalnız adi səbəblərdə çərçivələnməsi onda dəyişiklik hesab olunmalıdır ki, bu da Qur’an ayələrində inkar edilmişdir. Hər bir halda ilahi qanunlarda dəyişikliyin inkar olunmasına dəlalət edən ayələrin adi səbəblərin başqa şeylə əvəz oluna bilməməsini dəyişiklik qəbul etməyən qanunlardan biri kimi hesab olunması əsassızdır. Əksinə, çoxlu Qur’an ayələri mö’cüzələrin və xariqüladə işlərin baş verməsinə dəlalət edir və bu məsələni düzgün olmamasına möhkəm bir dəlildir. Yuxarıdakı ayələrin düzgün şərhini təfsir kitablarında axtarmaq lazımdır. Burada qısa şəkildə qeyd edirik ki, bu qəbildən olan şərif ayələr illətlərin çoxluğunu, qeyri-adi illətlərin adi illətlərin yerinə keçməsini inkar deyil, mə’lulun illətdən kənara çıxmasını inkar etməyə nəzər yetirir. Hətta, bəlkə də demək olar ki, bu ayələrdən dəqiq mə’lum olan şey qeyri-adi illət və səbəblərin tə’siridir.
Üçüncü şübhə. Qur’ani-kərimdə qeyd olunur ki, camaat təkrar olaraq Peyğəmbərdən (s) mö’cüzə və xariqüladə iş göstərməsini tələb edirdi və o Həzrət belə istəkləri yerinə yetirməkdən imtina edirdi. Əgər mö’cüzənin gətirilməsi nübüvvətin isbatolunma yoludursa, islam Peyğəmbəri (s) bu yoldan niyə istifadə etmirdi?
Cavabı budur ki, bu cür ayələr o Həzrətin nübüvvətinin hər üç yolla (doğru əlamətlər, əvvəlki peyğəmbərlərin xəbərləri, mö’cüzə təqdim edilməsi ilə) isbat edildikdən və höccət tamam olunduqdan sonra inadkarlıq, yaxud başqa qərəzli məqsədlərlə mö’cüzə tələbetmə istəyi ilə əlaqədardır və ilahi hikmət də belə istəklərin yerinə yetirilməsini tələb etmirdi.
İzah: Mö’cüzə göstərilməsində əsas hədəf camaatın peyğəmbərlərin də’vətini qəbul etməsi, onların qarşısında məcburi olaraq təslim olub itaətə vadar olması, eləcə də adi səbəblər əsasında cərəyan edən sistemləri bir-birinə qarışdırmaq, yaxud müəyyən əyləncə məqsədilə deyil, Allah Peyğəmbərini tanıtmaq və xalqa höccəti tamamlayaraq bəhanə yeri qoymamaq məqsədi güdürdü. Belə ki, mö’cüzə bu dünyaya hakim olan sistemlərdə istisna bir iş olub, bə’zən camaatın istəklərini yerinə yetirmək üçün, (məsələn Salehin dəvəsində olduğu kimi) və bə’zən də ibtidaən (həzrət İsanın mö’cüzələri kimi) baş verirdi. Belə bir hədəf də hər növ istəyə müsbət cavab verilməsini tələb etmir, əksinə, onlardan bə’zilərinin qəbul edilməsi hikmətin əksinə və məqsədin ziddinədir. Məsələn, düz yolu camaatın üzünə bağlamaq, onları peyğəmbərlərin də’vətini qəbul etmək üçün təzyiqə mə’ruz qoymaq, yaxud inadkarlıq üzündən olan, yaxud da həqiqəti axtarmaqdan başqa məqsədlərlə mö’cüzə istənilməsi bunlara misal ola bilər. Çünki bir tərəfdən bu kimi hallarda mö’cüzənin gətirilməsi bunu oyun-oyuncağa çevirir və camaat əylənmək üçün ona tamaşa edir, yaxud şəxsi mənafeni tə’min etmək üçün peyğəmbərlərin ətrafına yığışırdılar. Digər tərəfdən imtahan, sınaq və azad seçki yolları bağlanırdı. Camaat ikrah üzündən təzyiq amillərinin tə’sirinə düşərək peyğəmbərlərə itaətçiliyi qəbul edərdilər. Bunların hər ikisi hikmətin və mö’cüzənin göstərilməsindəki hədəfin əksinə idi. Amma bundan başqa hallarda, eləcə də Allahın hikmətinin tələb etdiyi yerlərdə camaatın istəkləri qəbul olunurdu. Məsələn, Peyğəmbəri-Əkrəmdən (s) görünən çoxlu mö’cüzələrin əksəriyyəti mütəvatir nəql əsasında sübuta yetmişdir. Onların da başında həzrətin əbədi mö’cüzəsi olan Qur’ani-kərimdir ki, sonradan bu barədə izahat veriləcəkdir.
Dördünçü şübhə. Mö’cüzə xüsusi ilahi iznə bağlı olduğundan Mütəal Allah ilə mö’cüzə gətirən şəxs arasında özəl rabitə olduğunu, ona xüsusi izn verildiyini göstərir. Başqa sözlə desək, Allah Öz işini onun əli ilə, yaxud onun iradəsinin vasitəsilə həyata keçirir. Amma belə rabitənin zəruri olması o demək deyil ki, Mütəal Allah ilə mö’cüzə gətirən şəxsin arasında vəhy göndərmək və almaq kimi digər bir rabitə də bərqərar olsun. Deməli, mö’cüzəni nübüvvətlik iddiasının doğruluğuna əqli bir dəlil hesab etmək olmaz. Ən çoxu bir növ zənni və qənaətləndirici dəlil hesab etmək olar.
Cavab bundan ibarətdir ki, hətta ilahi olsa belə, xariqüladə işin öz-özlüyündə vəhy ilə əlaqəsi yoxdur. Buna görə də Allah övliyalarının kəramətini onların peyğəmbər olmasına dəlil hesab etmək olmaz. Lakin söhbət o kəslər haqqındadır ki, nübüvvət iddiası edir və mö’cüzəni öz iddiasının doğruluğuna bir nişanə kimi gətirir. Əgər belə bir şəxsin yalandan nübüvvət iddiası etdiyini, yə’ni ən ağır dünya və axirət fəsadına səbəb olan ən böyük və ən çirkin günaha mürtəkib olacağını fərz etsək onun heç vaxt Allah ilə belə bir əlaqə bərqərar etməyə ləyaqət və səlahiyyəti olmazdı. İlahi hikmət də ona mö’cüzə göstərmək qüdrətini verilməsini və nəticədə bəndələrin azğınlığa düşməsinə səbəb olmasını tələb etməzdi.
Bir sözlə, əql aydın şəkildə başa düşür ki, o kəsin Allahla xüsusi rabitə qurub mö’cüzə göstərməyə qüdrəti ola bilər ki, öz mövlasına xəyanət etməsin, Onun bəndələrinin əbədi azğınlığa və bədbəxtçiliyə düçar olmasına səbəb olmasın.
Deməli, mö’cüzəni gətirmək nübüvvət iddiasının düzgünlüyünə qəti əqli dəlil olacaqdır.
SUALLAR
1.Səbəb-nəticə qanununun məzmunu nədir? O nəyi gərəkli edir?
2.Səbəb-nəticə qanununun qəbul edilməsinin mö’cüzəni qəbul etməklə niyə ziddiyyəti yoxdur?
3.Mö’cüzənin namə’lum səbəblərdən agahlıq kimi təfsir edilməsi niyə səhih deyildir?
4.Mö’cüzəni qəbul etmək ilahi qayda-qanunların dəyişikliyə mə’ruz qalmaması ilə ziddirmi? Niyə?
5.Peyğəmbərlər bədahətən mö’cüzə gətirirdilər, yoxsa, bu işi camaatın istəyi ilə görürdülər?
6.Nəyə görə peyğəmbərlər hər mö’cüzə istəyənin istəyinə cavab vermirdilər?
7.Mö’cüzənin yalnız qane edən bir dəlil olmadığını, əksinə, nübüvvət iddiasının doğruluğuna əqli bir dəlil olmasını izah edin.
ƏQİDƏ ÜSULLARININ TƏ’LİMİ KİTABINDAN…


more post like this