Burada imkan təkcə maddi müstəvidə baxılmır. Fiziki imkan, vaxtın kifayət qədər olması, işlə təminlik, ailənin bu ərəfədə təminatı, yolun təhlükəsizliyi – bu və bir çox digər məsələlər mübarək mətnlərdə xırdalıqlara qədər açıqlanmışdır. Kompleks halında imkanlılığa malik insan üçün bu ziyarət həyatı ərzində 1 dəfə vacib olur. Burada İlahi vəzifə ilə imkanın tarazlığı məqamı mühümdür. Güc çatmayacağı təqdirdə, insanının üzərində belə bir vəzifə yoxdur. İstitaət – həccə getmək üçün şərtlərin kompleks halında mövcudluğuna deyilir. Həmin bu istitaət həccin zəruri və kafi şərtidir. İslamın bir ümumi prinsipi vardır – insanın bacarığına, imkanına görə, durumuna, iradəviliyinə görə onun mükəlləfiyyətini müəyyən edilir. Bacarığından kənar, imkanı fövqündə olan işlərin müqabilində insanın bir vəzifəsi yoxdur.

Digər tərəfdən, həccin hər hansı bir əvəzləyicisinin olmaması bəlli olur. Deyilmir ki, bu işi görməsələr, digər bir işi görə bilərlər. Özü-özlüyündə bir vacib əməldir həcc. İmkanı olduqda, insanın üzərində həcc ziyarətini yerinə yetirməklə bağlı dəqiq vəzifə vardır.

Vurğulanan digər nöqtə ondan ibarətdir ki, həcc gərək xalis niyyətlə, yalnız Allah Təala üçün yerinə yetirilsin. Digər ibadi məsələlər kimi, bu da Allah üçün edilməlidir. Digər niyyət üçün yerinə yetirilsə, bu – həcc olmur.

deyerler.org


more post like this