İsraf
929. Həddi aşmaq
Qur’an:
«Ey Adəm övladları! Hər bir məscidə gedəndə öz zinətlərinizi geyinin, yeyin, için və israf etməyin ki, Allah-taala israf edənləri sevməz.» [1]
Hədis:
2989. İmam Əli (ə):«Biçarə israfçı! Öz nəfsinin islahından və əldən verdiklərinin yerini doldurmaqdan necə də uzaqdır.»[2]
2990. İmam Əli (ə):«İsraf puçluqdur, orta həddi gözləməksə sərvət gətirər.»[3]
2991. İmam Əli (ə):«Malı nahaq yerə xərcləmək israf və zay etməkdir»[4]
2992. İmam Səccad (ə) (duada): «Ey Allahım! Məni israf etməkdən çəkindir, ruzimi tələf olmaqdan qoru, malıma bərəkət verməklə onu artır və onu xeyir işlərdə xərcləməyin yolunu mənə göstər.»[5]
930. İsrafçının nişanəsi
2993. Allahın Peyğəmbəri (s):«İsrafçının dörd nişanəsi var: batil işlərlə öyünər, ona aid olmayan şeyi yeyər, xeyirli işlərə meylsiz olar və ona xeyir verməyən şəxsi inkar edər.»[6]
2994. İshaq ibn Əmmar:«İmam Sadiqdən (ə) soruşdum:«Mö’minin on köynəyi ola bilərmi?» Həzrət buyurdu:«Bəli.» Ərz etdim:«İyirmi köynək necə?» Buyurdu:«Bəli. Bunlar israf deyil. İsraf çöl, bayır və qonaq paltarını ev və əlaltı paltarları etməkdir.»[7]
2995. İmam Əskəri (ə):«Həqiqətən, səxavətin həddi var. Əgər onu aşsalar israf olar.»[8]
931. İsrafın ən az həddi
2996. Allahın Peyğəmbəri (s):«Ürəyin istədiyi hər şeyi yemək israfdır.»[9]
2997. İmam Sadiq (ə):«İsrafın ən az həddi qabın dibində qalan suyu, ya yeməyi atmaq, həmçinin bayır paltarını ev və əlaltı paltarına çevirmək və (xurma və meyvələrdəki) çəyirdəyi tullamaqdır.»[10]
932. İsraf sayılmayan şey
2998. Allahın Peyğəmbəri (s):«İsrafda bir xeyir gizlənməmişdir və xeyir işlərdə israf yoxdur.»[11]
2999. İmam Sadiq (ə):«Bədəni sağlam saxlayan şeydə israf yoxdur… əslində israf malı tələf edən və bədənə ziyan verən şeylərdir.»[12]
3000. «Biharul-Ənvar»:«İmam Kazimdən (ə) soruşurlar:«On köynəyə sahib olmaq israfdırmı?» Buyurur:«Xeyr. Əksinə, çox köynəyə sahib olmaq köynəklərin ömrünü uzadar. İsraf çöl paltarını çirkli yerə geyməkdir.»[13]
Mizanul-hikmətin xülasəsi 1-ci cild
[1] Ə‘raf, ayə 31
[2] Ğurərul-Hikəm,hədis 10092
[3] Biharul-Ənvar, c.72 , hədis 9
[4] Nəhcül-Bəlağə, xütbə 126
[5] Səhifeyi-Səccadiyyə,səh. 86, dua 20
[6] Tuhəful-Uqul,səh. 22
[7] Biharul-Ənvar, c.79,səh. 317 , hədis 1
[8] əd-Durrətul-Bahirə,səh. 43
[9] Kənzul-Ummal, hədis 7366
[10] Biharul-Ənvar,c.75,səh. 303 , hədis 7
[11] Biharul-Ənvar,c.77,səh. 165 , hədis 2
[12] Biharul-Ənvar,c.75,səh. 303 , hədis 6
[13] Biharul-Ənvar,c.79,səh. 317 , hədis 1