KƏBƏ – TÖVHİD NİŞANƏSİ 

Allah İbrahimə fərman verdi ki, tövhid nişanəsi və Allaha ibadət üçün bir yer olacaq ev və məscid düzəltsin.
İbrahim (ə) oğluna dedi:
-Allah mənə əmr etmişdir ki, bu kiçik təpənin başında onun evini düzəldim. Allahın evini düzəltmək üçün İbrahim (ə) öz Allahının fərmanına, İsmayıl da atası İbrahimin (ə) dəvətinə müsbət cavab verdilər. O qoca kişi və cavan İsmayıl ayağa qalxmalı və bu mühüm tapşırığı yerinə yetirməli idilər. Onlar öncə ev tikmək üçün dərənin ətrafındakı dağlardan münasib daşlar gətirməli, torpaq yığmalı və evi tikmək üçün lazım olan məhlulu əldə etmək üçün ona kifayət qədər su tökməli idilər.
Beləliklə, evin tikintisi başlandı. Öncə ora dərənin yan-yörəsindəki dağlardan daşlar gətirdilər. Su üçün hovuz düzəltdilər və torpaq topladılar. Cavan İsmayıl daş gətirmək məsuliyyətini öz öhdəsinə götürdü. Binanın əsasının möhkəm olunması üçün o, möhkəm daşlar seçirdi. Çoxlu yaşıl rəngdə daş parçaları topladı. Sonra hovuzun suyunu torpaqlara tökdülər ki, yapışqan palçıq düzəltsinlər və onunla da daşları bir-birinə möhkəm yapışdırsınlar.
İbrahim (ə) yaşıl rəngli daşları bir-birinin üzərindən düzürdü ki, evin bünövrəsini qoysun. İsmayıl daşları atasının əlinə verirdi. Hər gün bir sıra daş düzür və sonrakı günü isə ikinci sıranı hörməyə başlayırdılar. Beləliklə, hər gün bina bir qədər ucalırdı və hər gün İbrahim (ə) və İsmayıl evin ətrafına yığışır və deyirdilər:
-İlahi!Bizdən qəbul et!Həqiqətən, Sən eşidən və bilənsən.
Kəbənin binası səkkiz metrə qədər ucaldı. İbrahim (ə) evin yuxarı küncündə boş bir yer gördü. O gecə göyün daşları parlayırdılar. Onların biri yaxınlıqdakı bir dağın zirvəsinə endi. Səhər tezdən İbrahim (ə) dərədən görünən dağa tərəf yollandı. Gözü qar kimi parlayan ağ bir daşa düşdü. Bu daş evin divarının boş yeri qədərində idi. Ona görə də, İbrahim (ə) o daşı götürüb, evin boş yerinə yerləşdirdi. Evin tikintisi sona çatdı; Allahın hörmətli evinin, yeganə və şəriksiz Allahın ibadət olunduğu ilk evin.
Kəbənin şərqə və qərbə açılan iki qapısı vardı. İbrahim (ə) bir qədər İzxir adlanan ətirli otdan yığıb, onun qapısının ağzına qoydu. İsmayılın anası Hacər gəlib, Kəbə üçün bir örtük hədiyyə etdi.
İBRAHİM (Ə) HƏCCİ
İbrahim (ə) dağa gedib, onun zirvəsinə qalxdı. Sonra uca səslə insan nəsillərini hörmətli evin həccinə dəvət etdi. Curhum qəbiləsi və onların yaxınlığında yaşayan ərəb qəbilələri Allahın Xəlili İbrahimin (ə) səsini eşitdilər. O il İbrahim, İsmayıl və Hacərdən savayı heç kəs həcc yerinə yetirmədi. Vəhy mələyi enərək, həcc etmək qaydalarını İbrahimə öyrətdi. Onlar Zəmzəm suyu ilə qüsl edib, ağ və təmiz paltarlar geyindilər. Yeddi dəfə Kəbənin ətrafına təvaf etməyə başladılar. Namaz qılıb, Allahdan əməllərinin qəbul olunmasını istədilər. Təvafdan sonra Səfa və Mərvə dağlarına tərəf getdilər. O iki dağın arasındakı yolu qət etdilər.
Hacər on iki il bundan qabaq baş verən hadisəni xatırladı: İsmayıl beşikdə körpə olduğu zamankı hadisəni. İsmayılın ağlamasını və özünün su axtarışlarını yadına saldı. O, bu qorxulu dərədə yeddi dəfə get-gəl etdiyini, Allaha yalvardığını və İsmayılın ayaqları altından su axdığını yadına saldı. Allah-taalanın iradəsilə bu hadisələr bəşər yaddaşında qalmışdır. Onlar bunları xatırlamaqla anlamalıdırlar ki, yalnız sübhan Allah hər şeyə qadirdir.
İbrahim (ə) və oğlu İsmayıl Səfa dağına qalxdılar. Onlar təvazökarcasına Allahın evinə baxıb dedilər:
-La ilahə illəllah. Vəhdəhu la şərikə ləh… Ləhul-mulku və ləhul-həmd. Yuhyi və yumitu və huvə əla kulli şəyin qədir. (Allahdan baçqa ibadətə layiq bir məbud yoxdur. Təkdir, şəriki yoxdur. Mülk və həmd-səna Ona məxsusdur. Dirildir və öldürür və O, hər bir şeyə qadirdir.)
YUXU
Cəbrayıl enərək İbrahimə göstəriş verdi ki, bir qədər su götürüb, Ərəfat və Mina dağlarına tərəf getsin. O zamandan Zilhəccə ayının 8-ci günü “Tərviyə günü” adlanmağa başladı. İbrahim (ə) gecəni orada keçirdi. Ulduzlu səmaya baxırdı; Allahın yaratdığı və çıraq kimi parlayan ulduzlara. Hər şeyi yaradan, təsvir edən və ən gözəl adlara sahib olan Allaha səcdə edirdi; dirildən, öldürən və hər şeyə qadir olan Allaha. İbrahim (ə) gözlərini bağlayıb yatdı. Yuxudan oyandı. Göy eləcə ulduzla dolu idi. Gördü ki, övladı İsmayıl yatmışdır. Yenidən yatdı. Yenə də həmin yuxunun təkrarını gördü. Gördü ki, öz övladını qurban edib, aləmlərin Rəbbinin qarşısında başını kəsir. İbrahim (ə) yuxudan oyandı. Dan yeri sökülmüşdü. Dəstəmaz alıb, namaz qıldı. İsmayıl da oyandı, dəstəmaz aldı və namaz qıldı.
Günəş çıxdı və təpələri nura boyadı. İbrahim (ə) qəmgin idi. Allah-taala yenə də onu imtahana çəkirdi. Bu dəfə onu övladının başını kəsməklə imtahan edirdi. İbrahim (ə) nə etsin? Əgər Allah İbrahimə özünü oda atmağı əmr etsəydi, bunu edərdi. Amma bu dəfə necə, oğlunu qurbanlıq edəcəkmi? Nə etməlidir? Macəranı oğluna desinmi? Yoxsa onu bu işə məcbur etsin? Əgər oğluna xəbər versə, oğlu qurban olmağa razı olarmı? Görəsən, İsmayıl qurbanlığın əzab-əziyyətinə dözə bilərmi?
İsmayıl atasını qəmli görüb, dedi:
-Atacan niyə nigaransan?
İbrahim (ə) dedi:
-Bir məsələ məni nigaran etmişdir. Oğlum! Mən yuxuda gördüm ki, səni qurbanlıq edirəm. Fikrin nədir?
İsmayıl anladı ki, Allah-taala öz elçisi İbrahimə övladını qurban kəsmək əmrini vermişdir.
İsmayıl atasını çox sevirdi. Bilirdi ki, atası Allahın əmri olmadan heç bir işi yerinə yetirməz. Çünki O, Allahın Xəlili idi. Allah onu cavanlıq vaxtında Babildə və hətta qocalandan sonra da imtahan etmişdi. İsmayıl anladı ki, Allah-taala öz dostu İbrahimi (ə) imtahan edir. Ona görə də, ona dedi:
-Ata, tapşırıq aldığın işi yerinə yetir. İnşaallah, məni də səbir edənlərdən görərsən.
İbrahim (ə) bu sözə sevindi. Oğlu İsmayıl saleh və itaətkar idi. Allaha və rəsuluna imanı var idi.
Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: Vüsal Hüseynzadə
Ardı var …

 

 

 

rizvan.net

 


more post like this