Su
İbrahim (ə) çox uzaqlaşıb, gözlərdən itdi. Hacər daha onu görə bilmirdi. İsmayıl ətrafında nələr baş verdiyini bilmirdi. Hacər oğlu üçün bir qoyun dərisi sərdi, özü və körpəsi üçün dik bir xeymə düzəltmək üçün ayağa qalxdı.
O, çox arxayınlıqla işləyirdi. Elə bil ki, öz evindədir. Hacər inanırdı ki, orada kimsə vardır. O, onu və uşağını qoruyur. Gündüzlər bir az odun toplayıb, gecələr od qalayırdı. Şam yemək üçün özünə bir az çörək hazırlayırdı. O, gecənin çoxunu oyaq qalır və ulduzla dolu səmaya baxırdı.
Bir neçə gün keçdi. Hacər belə bir vəziyyətdə yaşayırdı. Götürdüyü sular qurtardı. Hətta qabda bir damcı da su qalmadı. Suyun hamısı qurtarmışdı. Qorxulu və sükuta bürünmüş bir dərədə Hacər o tərəf-bu tərəfə baxırdı. Amma bir şey görmürdü. Əmin oldu ki, bu yer quru və susuzdur. Qabaqca nə bir insan buradan keçib, nə də səmasında bir quş uçmuşdur.
Körpə İsmayıl ağladı. O, susuz idi; bir içim su istəyirdi. Amma bilmirdi ki, ətrafında nələr baş verir. O, bilmirdi ki, yerin hansı tərəfində yaşayır.
Anası mehribanlıqla ona baxırdı. Nə etsin? Bu quru səhrada suyu haradan əldə etsin? Birdən ürəyində analıq hissi şölələndi. Bir iş görməyə məcbur idi. O, gərək bu torpaqda su tapaydı, hətta əgər bir içim olsa belə. Öz-özünə deyirdi: bəlkə bu dağın arxasında bulaq və ya çala ola. Bəlkə o təpənin arxasında hansısa xeyirxah insan karvan yolçuları üçün bir su quyusu qazmışdır.
Hacər ayağa qalxdı. Öz ətrafına baxdı. Övladı üçün təhlükə yarada biləcək canavar və ya kaftarın olmamasına əmin oldu. Heç nə yox idi. Ara-sıra gözə dəyən tikanlı otlardan başqa heç nə yox idi.
Hacər Səfa dağına tərəf qaçdı. O, ümidlə qaçırdı. Amma ürəyində qorxu var idi. Olmaya canavar susuz uşağı – İsmayılı apara. İsmayılın səsi hələ də qulaqlarında idi. Hacər dağın zirvəsinə qalxdı. O, dərəyə nəzər saldı. Su dalğalarına oxşar bir şeylər gördü. Dərəyə tərəf qaçdı. Amma bir şey görmədi. Səhranın qumundan başqa orada heç nə yox idi. O, dərənin ortasında yalnız havanın hərarətindən dalğalanan və dəryanı xatırladan ilğım görmüşdü.
Hacər qaça-qaça uşağı İsmayıla tərəf qayıtdı. Uşaq ağlayır və qışqırırdı. O, su axtarırdı. Hacər ümidlə Mərvə dağına baxdı: Bəlkə orada su olar?
Çox sürətlə qaçırdı. Qumlar ayağının altında dağılırdı. Suya oxşar bir şey gördü. Qaçdı və sürətlə yolu qət etdi. Amma yenə də ilğımdan başqa bir şey deyildi.
İsmayılın ağlamaq səsi kəsildi. Hacərin gözündən itdi. Ana tez qayıtdı. Uzaqdan övladının ağladığını gördü. Həmişəki kimi su istəyirdi. Bəlkə də, anasını axtarırdı. Qorxurdu.
Hacər Səfa və Mərvə dağları arasında qaçırdı. O, oğlu İsmayıla su axtarırdı. Çünki o, susuzluqdan can verməkdə idi. Hacər göyə tərəf baxdı və səmimi qəlbdən fəryad etdi:
-İlahi!
Mərvə dağına qalxdı. İsmayıl gözlərindən itdi. Ağlamağı kəsildi. O, oğlu İsmayılın can verməyindən qorxdu. Bəlkə də, ac bir canavar onu yemişdir. Var gücü ilə qaçırdı. Uzaqdan gördü ki, İsmayıl sakitdir və ayaqlarını tərpədir. Kiçik ayaqlarının altından su bulağı qaynayır.
Hacər ağlayaraq göyə baxdı. Allah duasını qəbul etmişdi. Qumların arasından su axırdı. Hacər, susuzlar ondan su içsinlər deyə, tez suyun yan-yörəsində kiçik bir hovuz düzəltdi. O, sonralar Zəmzəm quyusu adı ilə məşhurlaşdı.
CURHUM QƏBİLƏSİ
Quşlar su qoxusu duyaraq, sevincək o bulağın ətrafında uçmağa başladılar. Hacər dərənin səmasında ağ quşların uçmaq mənzərəsinə baxaraq sevindi. İsmayıl da fəzada uçan quşları görərək sevinirdi.
O səhraların sakinləri səfər yolu ilə öz dolanışıqlarını təmin edirdilər. Bir gün Curhum qəbiləsi o dərənin yaxınlığından keçərkən quşların göydə uçduğunu gördülər. Bildilər ki, dərədə su vardır. Ona görə də, həmin yerə yollandılar. Karvanlar dərəyə enən zaman qəribə bir mənzərə gördülər. Orada bir qadın və südəmər körpədən başqa heç kəs yox idi. Qadın onlara dedi:
-Mən Allahın Xəlili İbrahimin (ə) yoldaşı Hacərəm.
Curhum qəbiləsi pak və saleh insanlar idilər. Ona görə də, Hacərə dedilər:
-İcazə verirsinizmi ki, biz bu dərədə sakin olaq.
Hacər onlara dedi:
-Mən gərək Allahın Xəlili İbrahimdən sizin üçün icazə alım.
Curhum qəbiləsinin adamları o dərənin yaxınlığında çadır qurdular. Onlar icazə almaq üçün İbrahimin (ə) gəlişini gözləyirdilər. İbrahim (ə) gəlib, çadırları, qoyun və dəvə sürülərini görüb, o ərəb qəbiləsinin gəlişinə razılığını bildirdi. O zamandan Curhum qəbiləsi o dərədə sakin oldular.
İsmayıl və Hacər xoş həyat keçirirdilər. Qəbilənin adamları İsmayıla çoxlu qoyunlar hədiyyə etdilər. Yayda günün istiliyindən, qışda isə yağışlardan qorunmaq üçün ona və anasına gözəl bir xeymə düzəltdilər.
İsmayıl böyüyüb, ərəb dilini öyrəndi. O, gözəl bir cavan idi və atası İbrahimin (ə) əxlaqını irs götürmüşdü. Təmizqəlbli ərəblərin əxlaqının təsiri altına düşüb, onlardan yaxşılıq, güzəşt, qonaqpərvərlik, şücaət və at minmək öyrəndi.
Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: Vüsal Hüseynzadə
Ardı var …

rizvan.net

 


more post like this