İnsanlar arasında bəhs olunan mühüm məsələlərdən biri də onların yaşayışları ilə birbaşa əlaqədə olub, onun ictimai təbiətindən sərçeşmə alan haqq və hüquq məsələsidir. Əsrlər boyu alimlər bu məsələ barəsində söz demiş və kitablar yazmışlar.
İlahi peyğəmbərlər məktəbində xüsusilə, insanı kamilliyə tərəf aparan İslam dinində, hüquq mövzusunun özünəməxsus yeri vardır. Bu mövzudan, müxtəlif ifadələr və ibarətlərlə söz açmışlar. Həzrət Əli (əleyhissalam) haqq barəsində belə buyurur:
«Vəsf və söz mərhələsində, haqqın dairəsi hər şeydən genişdir. Lakin, insanların bir-birləri müqabilində ona əməl və riayət məqamında, ən məhdud mərhələdədir. Heç bir iş, birisinin xeyrinə başqaları müqabilində məs᾿uliyyət və vəzifələri nəzərə almadan əmələ gəlməz. Faydasını nəzərə almadan, birisinin zərərindən heç vaxt danışmaq olmaz. Əgər qərar olsa ki, heç bir məs`uliyyət olmadan birisinə sırf haqq qazandıraq, o, məxluqa yox, yalnız, Allaha məxsusdur. Çünki, Onun qüdrəti, həm bütün bəndələri əhatə edib, həm də ədaləti bütün tədbirlərdə və təqdirlərdə hakimdir.»
Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) məktəbində, xüsusilə İslamda, hüquq sistemi qəti və şübhəsiz bir işdir. Müsəlmanlar arasında, bu məsələdə aydındır ki, ictimai əlaqələr və ixtilaflar Qur᾿anın hökmü və onun açıqlamaları üzrə həll olunmalıdır. Qur᾿an özü İslam cəmiyyəti və müsəlmanlara bu həqiqəti başa salmışdır. “Maidə” surəsində buyurur:
«Allahın nazil etdiyi ayələr üzrə hökm etməyənlər, əlbəttə günahkarlardır.»
Başqa ayələrdə həmin şəxslər, küfr edən və sitəmkar (zülmkar) kimi tanıtdırılır.
«Allahın nazil etdiyi [kitab və şəriət] ilə hökm etməyənlər, əlbəttə kafirdirlər!»
«Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə zalimdirlər.»
«Ey Peyğəmbər! Onların arasında Allahın nazil etdiyi ayələrlə hökm et və onların nəfslərinin istəyinə uyma!»
Peyğəmbər məktəbində xüsusilə, İslamda hüquq nizamnaməsi, İlahiyyət və insaniyyət hökmləri üzərində qurulub, ali və müqəddəs hədəfi izləyir. Həyatın bütün sahələrində, cəmiyyətdə özünün dəqiq hüquqları ilə ədalətin icra olunması ardıncadır.
İslamın hüquq quruluşu cəmiyyəti kəramət (izzət və hörmət) üzərində bərpa edib, düzgün ideologiya aparır. Bu qurumda bütün təssübkeşliklər, o cümlədən, millətçilik, tayfaçılıq, rənglər, ərəb və əcəmlik kənara qoyulub, Allaha iman gətirənləri vahid bir cəmiyyət hesab edir. İslam qurumunda, hökumət yalnız, Allahındır. Hətta, hakimiyyət başında qanunu icra etməkdən ötrü qərar tutanlar da İlahi qanunları cəmiyyət içində icra etməli, ictimai qanunları Allahın əmri üzrə təşkil edib, özləri də tamamilə Allaha tabe olmalıdırlar.
İslam qanunları insanın fitrəti ilə uyğundur. İnsanın istəklərini və meyllərini, nə az nə də çox halda lazımi səviyyədə nəzərə alır. Hər bir şəxsin və cəmiyyətin mənafe`lərini əsas qərar verməklə, azadlıq, istiqlal, inkişaf, iqtisadi genişlik və mədəni sahələrdə cəmiyyəti idarə edir. Bundan əlavə, cəmiyyətlərdə bir sıra sabit və dəyişkən qanunlar icra etməklə, insanın yaradılışının hədəfi olan əsl məqsədinə, kamala tərəf aparır.

ceferiler.com


more post like this