İnsanın yaradıldığı gündən bu günə qədər ötən dövrə nəzər salsaq, həyatının maddi mənada yüksələn xətt üzrə inkişaf etdiyini söyləyə bilərik. Texnologiyanın sürətli inkişafının insanların rifahını hər nə qədər yaxşılaşdırmağa xidmət göstərməsinə baxmayaraq, bunun mənəvi aləmlə sintez şəklində davam etdiyini qəbul etmək mümkün deyil.
İnsanın ruhi aləmini qidalandırmaq üçün həmişə inanclara ehtiyacı olmuşdur. Bu inancları isə bəşər bəzən özünün müqəddəsləşdirdiyi hər hansı bir nəsnədə, təbiət hadisəsində, fövqəlbəşər olduğuna inandığı şəxslərdə, bəzən də gözəgörünməz müxtəlif varlıqlarda duymağa çalışmışdır. Sistemli şəkildə insanların bu ehtiyaclarını təmin edən isə Allahın peyğəmbərləri vasitəsilə göndərdiyi dinlər olmuşdur. Dinlər də müxtəlif mərhələlərdən keçərək günümüzə qədər gəlib çıxmışlar. İbtidai qəbilə dinləri, milli dinlər və cahanşümul qəbul edilən dinlər müasir insanın inandığı dəyərlər sistemləridir. Bu dəyərlər sisteminin ən sonuncusu və təbii olaraq ən gənci İslam dinidir. Bu dinin mənsublarının sayı isə hər ötən gün çoxalır. Bu artımla əlaqədar olaraq Islam dininin dünyəvi dəyərlərlə münasibətləri, ümumbəşəri prinsipləri müzakirə mövzusuna çevrilir. Mədəniyyətlərin bir-birinə yaxınlaşdığı, məlumatların artıq saniyələr ərzində bir-birinə ötürüldüyü qloballaşan dünyada ən aktual məsələlərdən biri də insan haqları, xüsusilə də qadın hüquqlarının qorunmasıdır.
“Analıq” yönüylə insanın var olmasına səbəb, “xanım” sifətiylə həyatın eniş və yoxuşlarında həyat yoldaşına ən səmimi sirdaş da, kişilərin şəhvət hissinin təmin edilməsində bir əşya kimi istifadə edilən də həmişə eyni cins olmuşdur. Övladlarının maddi istəklərini yerinə yetirən ata, evin ehtiyaclarını təmin etməklə vəzifəsi bitmiş hesab edilən ər isə çöldə istədiyi kimi etdiyi qeyri-əxlaqi hərəkətlərə görə “kişi” hesab edilərək fəxr edilmişdir.
Müasir dövrün bəzi dar düşüncəli insanlarının hesab etdiyi kimi qadın alınıb-satılan, reklam vasitəsi olaraq sui-istifadə edilən, kişilərin cinsi ehtiraslarını söndürmək üçün yaradılan bir varlıq olmadığı kimi, qeyd-şərtsiz kişiyə itaət etməli olan, ancaq kişinin istək və xidmətləri üçün qüsurlu və yarımçıq yaradılmış bir varlıq da deyil.
İslam cəmiyyətlərində qadınların mövqeyini həmişə adət-ənənə, dini qaydalar müəyyənləşdirmişdir. Buna görə də İslamdan əvvəl olduğu kimi, İslamın gəlişindən sonra da qadınlara həmişə hər yerdə eyni cür münasibat bəsləndiyini söyləmək həqiqətdən uzaq iddiadır. Bəzi dövrlərdə və zamanlarda qadınlara qarşı zorakılığın olması, həyat yoldaşı ilə birgə gəzməyin “ayıb” hesab edilməsi, ikinci sinif insan kimi davranılmasının səbəbi İslam deyil, əksinə, İslamın mahiyyətini olduğu kimi qavramayan, buna görə də yanlış hərəkətlər edən qüsurlu müsəlmandır. Əgər biz Həzrəti Peyğəmbərin dövründəki qadınların vəziyyətini, İslamdan sonra onlara verilən haqları düzgün qiymətləndirə bilsək, bu gün qadınlara qarşı tanınan haqlara 1400 il əvvəl verilən dəyərin nə dərəcə əhəmiyyətli olduğunu dərk edə bilərik.
Bu kitabın ərsəyə gəlməsinə səbəb əhalisinin 95 faizinin müsəlmanlardan ibarət olduğu Azərbaycanımızda İslamın adından -bilməyərək- istifadə edilərək qadınların haqlarının tapdanmasıdır. Azyaşlı qız uşaqlarının ərə verilməsində, qadınların sadə bəhanələrlə döyülməsində, müvəqqəti kəbinlərin kəsdirilməsində, miras hüququnun əlindən alınmasında, çölə çıxmasına qadağa qoyulmasında, qız uşaqlarının təhsil almasına biganə yanaşılmasında, işləməyə icazə verilməməsində, “qadına qulaq as, ancaq dediyini etmə” kimi məsələlərin çəkilməsində, dünyaya gələcək uşağın oğlan olmasına “sifariş” verilməsində, qadının ağlının az olmasında, İslamın çoxevliliyi mübah görməsində və sair kimi məsələlərdə həmişə din qalxan ki¬mi istifadə edilmişdir. Əlbəttə ki, bunları cəmiyyətin bütün fərdlərinə şamil etmək doğru deyil. Biz burada qeyd olunan məsələlərin qaranlıq qalmaması üçün İslamın əsas mənbəyi olan Quranın və Həzrəti Peyğəmbərin hədislərinin aydınlığında sadalanan mövzulara işıq tutmağa çalışmışıq. Çox qısa vaxtda ərsəyə gətirilən bu kitabda yanlışlıqların olması qaçılmazdır. Buna görə də səmimi irad və təkliflərə qapımız taybatay açıqdır. Bütün deyilənlər kitabın, inşallah, sonrakı nəşrlərində nəzərə alınacaqdır.
Qeyd etməliyəm ki, kitabda Birləşmiş Millətlər Təşkilatının (BMT) “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” beynəlxalq Konvensiyanın (CEDAW) mövzu ilə bağlı maddələri müvafiq sərlövhənin əvvəlində qeyd olunmuşdur. Maddə ilə yanaşı yazılan ayə və hədislər həmin müddəaların İslamın əsas prinsiplərinə zidd olmadığını, əksinə üst-üstə düşdüyünü göstərən əyani sübutdur. (Elmvedin)
http://zehra-yolu.com


more post like this