Ötən sualın cavabında ilahi hakimiyyətin təyin olunması yollarını araşdırdıq.

Qeyd etdik ki, Peyğəmbərin (s) xəlifəsi və İslam hökumətinin rəhbəri yalnız Allahın əmri ilə Onun məsum Rəsulunun vasitəsi ilə təyin olunmalıdır. Bu məsələnin nə dərəcədə zəruri olmasını izah etməyə yəqin ki, ehtiyac yoxdur.

Kiçik bir müəssisənin rəhbəri səfərə getdiyi zaman öz işini mütləq inanılmış bir şəxsə tapşırır. Müəssisə və ya idarənin başsız qoyulması, qısa müddət ərzində özbaşınalıq və hərc-mərcliyin yaranmasına səbəb olacaqdır. Bütün insanlardan müqayisəedilməz dərəcədə ağıllı və uzaqgörən bir şəxs olan Peyğəmbər (s) 23 il ərzində ağır zəhmətlərin və saysız-hesabsız şəhidlərin qanı hesabına qurduğu bir ideal hakimiyyəti özbaşına qoya bilərdimi? Hətta qısa müddətli səfərlərə getdikdə Mədinə şəhərinə canişin təyin edən bir şəxs ümməti öz ixtiyarına buraxıb gedə bilərdimi?

Bu sualın cavabı dinindən və məzhəbindən asılı olmayaraq, hər bir ağıl sahibinə məlumdur. Lakin burada bir addım geri çəkilərək əhli-sünnənin mötəbər saydığı səsvermə və ya icma məsələsinə nəzər salırıq.

Peyğəmbərdən (s) sonra xəlifələrin təyin olunma məsələsini əhli-sünnənin iddia etdiyi səsvermə və ya icma üsulu ilə olub-olmadığını araşdıraq.

1. Peyğəmbər (s) vəfat etdiyi gün, hətta dəfn mərasimindən öncə bir dəstə müsəlman Səqifə adlı bir yerə toplanıb Әbu Bəkr ibni Qəhafəni xəlifə seçdilər.

Yəqin ki, səsvermənin bütün xalqın iştirakı və əksəriyyətin səsverməsi ilə müəyyənləşdiyini hamı qəbul edir. Çünki, azlıq təşkil edən bir dəstə xalqın əksəriyyətinə hakim ola bilməz.

Səqifə dediyimiz məkan Bəni-Saidə tayfasının müzakirə üçün toplandığı üstü bağlı kiçik bir yer idi.

Peyğəmbər (s) vəfat edən gün bu kiçik yerdə müsəlmanların neçə faizinin toplanmasının mümkünlüyü hamıya aydındır.

Bəs digər müsəlmanların, yerdə qalan böyük əksəriyyətin bu seçkidə iştirak etmək hüququ yox idimi?

Yəmən, Taif və digər ölkələrdə yaşayan yüz minlərlə müsəlman özlərinə rəhbər seçmək hüququndan məhrum idilərmi?

Böyük əhli-sünnə alimləri İmam Fəxri Razi, Cəlaləddin Süyuti, İbni Әbil Hədid Mötəzili, Təbəri, Buxari, Müslim və s. öz kitablarında açıq şəkildə bəyan etmişlər ki, hətta bu səsvermədə Mədinə müsəlmanlarının böyük əksəriyyəti iştirak etmədilər.

Bəs icma və səsvermə dedikdə kimlər nəzərdə tutulur?

2. Әgər icma və səsvermə hüququ təkcə səhabələrə aiddirsə, əhli-sünnə alimlərinin yazdığı kitablar belə bir iş üçün tələb olunan yetərsayın olmadığını yazırlar. Peyğəmbərin (s) Mədinə şəhərində olan səhabələrinin böyük bir qismi nəinki bu səsvermədə iştirak etmədilər, hətta Әbu Bəkrə beyət etməkdən boyun qaçırdılar. Әhli-sünnə alimlərindən İbni Həcər Әsqəlani, Bilazəri öz tarix kitablarında, Məhəmməd Xandşah «Rövzətus-səfa» kitabında, İbni Әbdül-birr «İstiab» kitabında yazırlar:

«Səd ibni Ubadə, Xəzrəc tayfası (Mədinə şəhərində böyük tayfalardan biri), Qüreyş tayfasının bir hissəsi və 18 nəfər məşhur səhabə Әbu Bəkrə beyət etmədilər:

1. Salman Farsi;

2. Әbuzər Ğəffari;

3. Miqdad ibni Әsvəd Kəndi;

4. Әmmar Yasir;

5. Xalid ibni Səid ibn As;

6. Bəridəh əl-Әsləmi;

7. Әbi ibni Kəb;

8. Xəzimə ibni Sabit zu-şəhadətəyn;

9. Әbul Heysəm ibn Teyhan;

10. Səhl ibni Hənif;

11. Osman ibni Hənif Zu-şəhadətəyn;

12. Әbu Әyyub Әnsari;

13. Cabir ibni Abdullah Әnsari;

14. Həzifə ibni Әl-yəman;

15. Səd ibni Ubadə;

16. Qeys ibni Səd;

17. Abdullah ibni Abbas;

18. Zeyd ibni Әrqəm.

Digər hədislərdə, o cümlədən Әhli-sünnə tarixçisi Yəqubinin tarixində Әli (ə)-ın və Peyğəmbərin (s) əmisi Abbasın beyət etmədikləri yazılmışdır. Ümumiyyətlə, Bəni-Haşim tayfasının beyət etmədiyi barədə geniş söhbət açacağıq.

3. Әgər həqiqətən müsəlmanlar yığışıb səsvermə yolu ilə özlərinə rəhbər seçirdilərsə, nə üçün bu işə bütün müsəlmanları, heç olmasa səhabələri dəvət etmədilər? Peyğəmbərin (s) pak cənazəsi qüsl-kəfən olunan bir zamanda səs-səmir salmadan bir xəlvətə çəkilib ümmətə rəhbər, xəlifə təyin etdilər. Nə üçün səsverməni İslam hakimiyyətinin, əziz Peyğəmbərimizin (s) iqamətgahı, idarə mərkəzi olan «Peyğəmbər məscidində» (Məscidun-nəbi) təşkil etmədilər? Peyğəmbər hərəmi olan bu məscidin kənarında, Peyğəmbərin (ə) nurlu evində o həzrətin dəfn mərasimi keçirilirdi. Әziz peyğəmbərlərinin qəlbləri yandıran əzasına cəm olan müsəlmanlar, səhabələr bu seçkidən nə üçün xəbərsiz qalmalı idilər? Әn məhşur tarixçi, əhli-sünnə alimi Məhəmməd ibni Cərir Təbəri öz tarix kitabının ikinci cildində yazır:

«Ömər ibni Xəttab (ikinci xəlifə) Peyğəmbərin (s) evinə yaxınlaşdı, lakin evə daxil olmadı. İçəri xəbər göndərib Әbu Bəkri çağırdı. Әbu Bəkr «indi vaxtım yoxdur» dedikdə, bir daha xəbər göndərdi ki «mühüm bir məsələ ortaya çıxmışdır, sənin olmağın lazımdır». Әbu Bəkr bayıra çıxdıqdan sonra Әnsarın (Mədinə əhli‒Ovs və Xəzrəc tayfaları) Səqifəyə yığışıb özlərinə rəhbər seçmək istədiklərini dedi. Onlar birlikdə Səqifəyə tərəf yola düşdülər. Yolda Әbu Ubeydə rast gəldilər, üç nəfər yollarına davam etdilər».

Belə bir səsvermə və belə bir icmanı necə adlandırmaqda çətinlik çəkirik.

4. Әgər bu səsvermə həqiqətən normal şəraitdə keçirilmişdisə və hakimiyyət hüququ Әbu Bəkr ibni Qəhafəyə verilmişdisə, nə üçün Ömər ibni Xəttab bu xilafətin batil olduğunu, birinci xəlifənin seçilməsinin bir fitnə olduğunu deyirdi.

 

5. Әgər İslam xəlifəsi icma və səsvermə yolu ilə təyin olunmalıdırsa, nə üçün ikinci xəlifə Ömər ibni Xəttabın xilafəti bu üsulla təyin olunmadı?

İstisnasız olaraq, bütün əhli-sünnə tarixçiləri Ömər ibni Xəttabın birinci xəlifənin vəsiyyəti ilə hakimiyyətə təyin olunduğunu yazırlar.

6. Görəsən üçüncü xəlifə Osman ibni Әfvanın seçki üslubunu necə adlandırmaq olar?

Әgər icma və səsvermə zəruridirsə, üçüncü xəlifənin təyin olunmasında heç bir səsvermənin olmadığı hamıya məlumdur.

Әgər Ömər ibni Xəttabın təyin olunduğu üsul qanuni idisə, bəs nə üçün o, vəsiyyətində özündən sonra müəyyən bir şəxsi xəlifə təyin etmədi?!

Digər tərəfdən, xəlifənin seçilməsində vəsiyyət üslubunu qəbul ediriksə, nə üçün Peyğəmbərin (s) bu məsələ ilə bağlı hər hansı bir vəsiyyət etdiyini qəbul etməyək? Göründüyü kimi xəlifələrin təyin olunmasında müəyyən bir üsul və qayda müşahidə etmək olmur.

Heç bir xəlifənin təyin olunma üsulu bir-biri ilə uyğun gəlmir.

 

http://sualcavab.ge

 

 

 

 


more post like this