Sual : İslam baxımından arzu etmək yaxşıdır yoxsa pis?

Cavab:
İnsanlarda gələcəyə ümid və arzunun olması, onun hərəkət, səy və fəaliyyəti üçün stimuldur. İnsanda ümid və arzunun olması eyib deyil, əksinə gözəldir. Onsuz həyatı davam etmək çox çətindir. Amma bədbəxtliyə səbəb olan qeyri-məntiqi və həddindən çox uzun-uzadı arzuların olmasıdır.
Bu məsələ İslam peyğəmbərindən (səlləllahu əleyhi və alih) nəql olunan məşhur bir hədisdə əsas bir qanun kimi qeyd olunub. Həzrət peyğəmbər buyurmuşdur:
َالاَْمَلُ رَحْمَةٌ لاُِمَّتى وَ لَولاَ الأَمَلُ ما رَضِعَتْ والِدةٌ وَلَدَها وَ لاغَرَسَ غارِسٌ شَجَراً
“Gələcəyə ümid və arzu mənim ümmətim üçün rəhmətdir. Əgər ümid olmasaydı ana öz körpəsinə süd verməzdi. Heç bir bağban şitil əkməzdi. (1)
Məntiqi və ağlabatan arzular odur ki, insanın ehtiyacı və imkanları daxilində olsun. Onu həyatın əsas hədəflərindən saxlaya biləcək qədər məşğul etməsin.
İslam heç bir zaman gələcəklə əlaqədar plan tökməyə, xüsusilə də müsəlman cəmiyyətinin başıucalığına səbəb olan və İslam düşmənlərindən asılılığını aradan qaldıran planlara etiraz etmir. Belə bir iş nəinki pislənmir, əksinə bir növ ibadət sayılır. Fərdi həyatda da gələcəyi düşünmək məqbul işlərdən sayılır və hədislərdə ona “həzm” deyilir.
İslamda pislənən və bəyənilməyən isə insanın arzular içində qərq olub axirəti unutmasıdır. Belə ki, özünün bütün güc və imkanlarını heç vaxt çata bilməyəcəyi arzularına həsr edir. (2)

1. “Biharul-ənvar” cild 74, səh. 173.
2. “Pəyami İmam Əli (ə)”, cild 2, səh. 200.

 

makarem.ir


more post like this