Bəli, İslam elm və bilik dinidir. Bu səmavi din insanları onların səadəti üçün zəruri olan elmlərin təhsilinə təşviq edir. İslam bildirir ki, fərd və cəmiyyətin təkamülü yalnız elm sayəsində mümkündür. Amma İslamda bu da qeyd olunur ki, cəmiyyətin iqtisadi mənafeləri qorunduğu kimi, onun mənəviyyatı da qorunmalıdır.
Maşınlaşmış əsrimizdə bir çox azadlıq carçıları maddi, dünyəvi zərəri olmayan bütün əqidələri qəbul edirlər. İslamda isə belə deyil. İslamda təkcə maddi yox, mənəvi zərəri olan işlər də qadağandır. İslam mənəvi, əxlaqi baxımdan təkamül etmiş cəmiyyət arzusundadır. Bundan ötrü isə insanların mənəviyyatını, əxlaqını hədəfə almış düşmənlərlə mübarizə aparılmalıdır. Unutmamalıyıq ki, əqidəli, əxlaqlı, mənəviyyatlı insanları istismar etmək çətin olur. Ona görə də dünya imperialistləri bəşəriyyətin mənəviyatını hədəfə almışdır.
Yuxarıda deyilənləri nəzərə alsaq, aydın olar ki, nə üçün İslam azdırıcı, əqidə və əxlaqa zərərli kitabların mütaliəsini qadağan etmişdir. Əgər belə kitabların oxunması azad olarsa, insanlar öz düşüncə və əxlaqını necə qoruya bilər? Təlqin və təbliğ böyük gücə malikdir və bunu unutmaq olmaz. Gəlin etiraf edək ki, bir çox insanlar məhz azdırıcı kitabların təsiri nəticəsində doğru yoldan azırlar. Bir çox gənclər məhz azdırıcı sevgi romanlarının və dedektiv janrlarında yazılmış əsərlərin təsiri altında fəsada sürüklənirlər. İslam bütün bu amilləri nəzərə alaraq azdırıcı kitabların oxunmasını qadağan etmişdir. Bu sayaq kitablar azad şəkildə nəşr olunub geniş oxucu kütlələrinin ixtiyarına verilməməlidir. Amma elm və bilik tərəfdarı olan dinimiz haqqı batildən ayırmaq gücündə olan analitiklərə, düşüncə və əqidələrini qorumaq şərti ilə, bu sayaq kitabların mütaliəsinə icazə vermişdir. Fəsad təbliğatçıları ilə mübarizə aparan alimlərə belə kitabın mütaliəsi vacib sayılır. Onlar müxaliflərin məntiqi ilə tanış olmalı və onlarla düzgün mübarizə yolunu müəyyənləşdirməlidirlər. İslam tarixində dini rəhbərlərlə qeyri-islami əqidə tərəfdarları arasında bir çox müzakirələr aparılmışdır. “Ehticace-Təbərsi” kitabında uyğun mövzuda müzakirələr toplanmışdır. Məlum olur ki, azdırıcı kitabların qadağan olunması azad fikirə qarşı yönəlməmişdir. Məqsəd insanların düşüncə və əqidəsini qorumaqdır. Din rəhbərləri uyğun cərəyanları mütaliə edir, onlara məntiqi şəkildə cavab verirlər.

NUR-AZ.COM


more post like this