Cavab: İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox, o dövrün ən mədəni sayılan ölkələrində belə qadına bir əşya kimi baxılırdı. Sözsüz ki, ərəb cəmiyyətində qadın şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu. Cahiliyyət dövrünün məşhur şerlərindən birində deyilirdi:

Oğullar olsa da, oğlumuz bizim,

Qızlarsa, oğludur düşmənimizin.

Uyğun dövrdə tayfalararası müharibələrdə əsir düşən qadınlar, adətən, orada ərə gedər və əsirlər geri qaytarılanda düşmən tərəfdə qalmağa üstünlük verərdilər. Cahil ərəblər bu sayaq hadisələrə əsaslanaraq, yenicə doğulmuş qız övladını diri-diri torpağa basdırardılar. İslam dininə qədərki dövrdə qadının real vəziyyəti belə idi.

Quran nazil oldu və cahil ərəblərin çirkin əməllərini mühakimə etdi: «Onlardan birinə qızı olduğu üçün müjdə verdikdə, qəzəbindən üzü qapqara qaralır. Bu müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənir. Görəsən, o, körpəni zillət içində saxlayacaq, yoxsa torpağa basdıracaq? Görün, necə də pis mühakimə yürüdürlər!»[4153].

İslam Peyğəmbərinə (s) qızının olması xəbər veriləndə, ətrafda bu xəbəri eşidənlərin qanı qaraldı. Həzrət (s) buyurdu: «Bu nə halətdir sizdə görürəm?! Allah-təala qoxulamaq üçün mənə bir çiçək verib. Əgər onun ruzisinə görə qəmginsinizsə, ruzisini Allah yetirəcək»[4154].

Digər bir hədisdə Həzrət (s) buyurur: «Qız nə gözəl övladdır! Məhəbbətli, köməkçi, munis, pak, həm də pak edən»[4155].

Həmin dövrdə qız, qadın haqqında bu sayaq sözlər demək, yalnız Allahın lütfü ilə mümkün olurdu. Peyğəmbər (s) qızı Fatimənin əlini öpəndə, hətta yaxınları belə təəccüblənərdi.

Bəli, İslam zühur etdi və qadın şəxsiyyətini alçaldan bütün ənənələrə son qoyuldu. İslam qanunları ilə yaşayan qadın, həzrət Fatimənin (ə) timsalında ən azad qadındır. İslam qadını oyuncağa, eyş-işrət vasitəsinə çevirənlərin ağzından vurub, ona şəxsiyyət azadlığı verdi.

Bu gün dünya istismarçıları qadına «hicabını at, azad ol», deyirlər. Əsil azadlıq isə bədən yox, şəxsiyyət azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd aparmığımız gərəkdir! İslam dini isə, məhz şəxsiyyətini qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli dürr kimi sədəfdə örtünməyi tövsiyə etdi. İslam «behişt ananın ayaqları altdadır» deməklə, qadını heç zaman görünməmiş bir məqama yüksəldib, ona mülkiyyət, seçib-seçilmək, ictimai-siyasi proseslərə qatılmaq hüququ verdi.

[4153]  «Nəhl» surəsi, ayə 58-59.

[4154]  «Vəsailüş-şiə», 15-ci cild, səh.104.

[4155]  «Vəsailüş-şiə», 15-ci cild, səh.100.

 

NUR-AZ.COM


more post like this