Hz Məryəmin anasının uşağı olmurdu. O, uzun illər idi ki, övlad həsrəti ilə yaşayırdı. Hər dəfə görəndə ki, bir quş balalarına yem verir, onun qəlbində analıq hissləri baş qaldırır, içindəki yanğın alovlanırdı. Bu fikir onu həmişə sıxır, narahat edirdi.

Nəhayət Məryəmin anası yeri, göyü yaradana üz tutub Ondan acizanə surətdə xahiş etdi ki, onun “övlad arzusunu” yerinə yetirsin. Belə ki, o, övladı olarsa, onu Beytül-Müqəddəsdəki məbədə aparıb orada xidmətçi edəcəyini nəzir etdi. Uca və mərhəmətli Tanrı onun duasını qəbul etdi və arzusunu yerinə yetirdi. Bir gün o, hamilə olduğunu duydu… Lakin qadının bu sevinci uzun çəkmədi, çünki, həyat yoldaşı İmran vəfat etdi.

Uşaq dünyaya gəldikdən sonra, körpəsinin qız olduğunu görən ana kədərlənsə də, öz əhdinə sadiq qalaraq onu Allaha tapşırıb, Beytül-Müqəddəsə təhvil verdi. Orada Məryəmi kimin himayəsinə tapşırmağa gəldikdə isə, Beytül-Müqəddəsin xidmətçiləri arasında atılmış püşkdə Məryəmin xalası əri qalib çıxdı. O, şəxsən özü körpəni bəsləyib, tərbiyə edirdi. Belə ki, Zəkəriyya Məryəm üçün orada elə bir köşk tikmişdi ki, yalnız nərdivanla oraya çıxmaq mümkün idi…

Məryəm boy atıb böyüyərək gözəl bir qız oldu. Onun qəlbi düzlük və dindarlıq ruhuna boyanmışdı. O, məbədə elə gözəl xidmət edirdi ki, möminlikdə və ibadətdə hamının dillər əzbəri olmuşdu. Zəkəriyya hər vaxt onun yanına gələndə, Məryəmin qarşısında tər-təmiz meyvələr görür (yayda qış, qışda yay meyvələri) və soruşurdu: -Bunlar haradandır?! Məryəm deyirdi: – Bunları mənə Rəbbim verir.

Bunu görən Zəkəriyya Allahdan özü üçün də bir övlad dilədi və Tanrı ona Yuhənna (Yəhya) adlı gözəl bir oğlan verdi.” (“Quran qissələri”- Möhsün Nağisoylu)

…Günlər beləcə keçirdi. Bir gün Məryəm (onu heç kəs görməsin deyə) pərdə asıb ibadətlə məşğul ikən gözləri önündə bir insan gördü. Dəhşətə gələrək dedi: -Rəhman özü məni səndən qorusun, təqvalısansa (pəhrizkarsansa), dəymə mənə!

İnsan cildində görünən Cəbrayıl (ə) ona dedi: – mən Tanrı tərəfindən göndərilmişəm ki, sənə bir təmiz, pak oğul müjdəsi verəm. Məryəm bir anlığa özünü itirsə də tez özünü ələ alaraq dedi: – Axı necə mənim övladım ola bilər? Mənə ki, kimsə toxunmayıb, pozğun qadın deyiləm!

Mələk dedi: -Doğrudur! Amma Rəbbim belə demişdir: “Bu mənim üçün asan bir işdir! Mən bu mövludu öz dərgahımdan bir nişanə və insanlara rəhmət qərar verirəm. Və bu iş olmalıdır!”… Onun adı Məryəm oğlu İsadır, dünya və axirətdə abırlı və Allahın yaxınlarındandır. O, uşaqkən bələkdə böyüklər kimi danışacaq və o, salehlərdən olacaqdır.

Beləcə, Ruh Mələyi Məryəmə üfürdü və Məryəm Allahın əmri ilə hamilə oldu. Xalqın dedi-qodusundan qorxan qız, ata yurdu Nasirədə bir kənd evində yaşamağa başladı. Bir gün doğuş sancısı onu bir xurma ağacının altına çəkdi. Dedi: – Buradansa kaş öləydim, unudulub gedəydim.

Bir səs onu səsləyərək dedi: -Qəm yemə, Tanrı ayağının altından bir arxı axıtmışdır. Ondan iç və istifadə et! Xurma ağacını silkələ, üstünə xurmalar tökülsün. Ye, iç, bu övladın doğulmasına görə gözün aydın olsun! Bundan sonra hər kəsi görsən de: “Mən Allah üçün susmağı (sükut orucu) nəzir etmişəm, kimsəylə kəlmə kəsmərəm”.

Məryəm öz övladını götürüb yaxınlarının yanına gəldi. Qohumları onu bu vəziyyətdə görərək qəzəblə dedilər: – Ey Məryəm, qəribə və pis bir iş tutdun! Ey Harunun qızı, atan pis kişi deyildi, anan əxlaqsız qadın deyildi! Bəs sən niyə belə iş tutdun?! Məryəm işarə ilə uşağı göstərdi (yəni, ondan soruşun). Dedilər: -Bələkdəki uşaqla necə danışaq?

Elə bu zaman körpə dilə gəlib dedi: “Mən Allahın bəndəsiyəm! Mənə kitab (İncil) vermiş, məni Peyğəmbər etmişdir! Harada olsam, Allah məni bərəkətli etmiş və məni nə qədər sağamsa, namaz, zəkat və oruca əmr etmişdir! Məni anama qarşı mehriban, xeyirxah qərar vermiş, lovğa və rəhmsiz etməmişdir! Mənə (Allah tərəfindən), doğulduğum gün, öldüyüm gün və diriləcəyim gün (qiyamət günü) salam olsun!”

Bu hadisədən sonra qohumları və hadisə yerində olanlar Məryəmi qəbul etsə də, orada olmayan bir çox nadan camaat İsanın (ə) bu möcüzəsini uydurulmuş bilib, Məryəmə böhtan atdılar…

Budur Məryəm oğlu İsanın (ə) həqiqi əhvalatı!

“Batil Haqqın cilvəsində” kitabından.Hazirladi Mir Əli.

 

mesumlar.biz


more post like this