İslam alimləri nəzərində tənasüxRuhun bir bədəndən başqa bədənə keçməsinə inam çox qədim tarixə malikdir və demək olar ki, bütün mədəniyyətlərdə və dinlərdə yer almışdır. Bu əqidə İslam hüdudlarına müxtəlif mənbələrdən daxil olmuşdur. Həmin mənbələrin ən mühümləri hind və yunan mənbələridir. Tənasüx əqidəsi qədim hindlilərdə, xüsusilə budda təlimində çox güclü idi. Qədim yunanlarda da tənasüxə inam mövcud olmuş, onlar bunun köklərini misirlilərə bağlamışlar. Platon tənasüxə etiqad etmiş, bu əqidə platonizmdən neoplatonizmə və qnostisizmə keçmiş və beləcə yayılmışdır. Abbasilərin hakimiyyəti dövründə qədim yunan və digər mənbələrdən olan fəlsəfi əsərlərin tərcüməsi ilə bu əqidə İslama da sirayət etmişdir. Bundan əlavə, İbrahimi dinində mövcud olmuş “məsx” anlamına da diqqət yetirmək lazımdır. Məsx insan ruhunun heyvan bədəninə keçməsi əqidəsidir. Ehtimal oluunr ki, Cahiliyyə ərəblərinin tənasüxlə tanışlığı həmin məsx məsələsi ilə əlaqədar olmuşdur. Məsələn, İbn Mənzur (1311-1232) yazmışdır ki, ərəblər ilanı cinlərin məsx olunmuş şəkli kimi təsəvvür edirdilər. Həmçinin, bəzi alimlər ərəblərdə tənasüx etiqadının olmasını da qeyd etmişlər.

Tənasüx İslam əqidəsi ilə ziddiyyət təşkil edir və məad, axirət, ölümdən sonra ruhun əbədiliyi, Qiyamətdə bədənlərin dirilməsi, Cənnət və Cəhənnəm anlamları ilə uyğun gəlmir. Ümumiyyətlə, Qurani-Kərimdə “tənasüx”, yaxud buna bənzər digər bir sözə rast gəlinmir. Lakin məsxə işarə edən, bəzi qövmlərin heyvan şəklinə düşməsindən danışan ayələr var ki (Bəqərə, 65; Əraf, 166), bunlar da tənasüx iddiası üçün möhkəm dəlil deyil. Çünki təfsirlərdə tənasüx birmənalı şəkildə inkar olunmuşdur. Şiə və sünni hədis və rəvayətlərində bu məsələ konkert şəkildə inkar edilmiş, tənasüxə etiqad edənlər kafir hökmündə olmuşdur.

Müsəlmanlar içində tənasüxə ilk etiqad edənlər qulatlar olmuşlar. Onlar İlahi ruhun imamlara keçdiyinə inanmışlar. Keysaniyyə və Muxtariyyə tərəfdarları düşünürdülər ki, Allahın ruhu əvvəlcə Peyğəmbərdə hülul etmiş, sonra İmam Əliyə, imam Həsənə, imam Hüseynə, daha sonra isə Məhəmməd bin Hənəfiyyəyə keçmişdir. Həmçinin, onlardan törəmiş Harisiyyə, Hərbiyyə, Bəyaniyyə, Xəttabiyyə, Ravəndiyyə, Müxəmməsə və digər firqələr Allah ruhunun öz imamlarına keçdiyini iddia etmişlər. Onların əqidəsində çox vaxt tənasüx hülul ilə qarışmış, bu iki məfhumun konkretləşdirilməsi çətinlik törətmişdir. Belə ki, bəzi alimlər Hüluliyyə tərəfdarlarının, o cümlədən İmam Əlinin üluhiyyətinə etiqad etmiş Abdullah bin Səbanın ardıcıllarının əqidəsində tənasüx olduğu demişlər. Əbülhüseyn Mələti (ö. 988) tənasüx iddiaçılarını hülilər hesab etmiş, Əbdülqahir Bağdadi (ö. təxm. 1038) isə hülul etiqadçılarını tənasüxçü adlandırmışdır.

Tənasüx məsələsi Kəlam alimləri tərəfindən də inkar edilmişdir. Demək olar ki, hər kəlam kitabında tənasüxün rəddinə dair bir fəsil olmuş, Mötəzilə və Əşəriyyə alimləri tənasüxə rəddiyələr yazmışlar. Böyük İslam alimi Əbu Hamid Qəzzali (ö. 1112) Allahın hər bir bədən üçün ayrı bir ruh yaratmaq qüdrətində olmasını və ruhu müxtəlif bədənlərə köçürməyin lazım olmadığını istidlal kimi istifadə edərək tənasüxə inanan filosofların qarşısına qoymuşdur. Ümumiyyətlə, tənasüxü inkar edən bütün alimlər əqli və nəqli dəlillərlə çıxış etmişlər. Bu dəlillər barəsində tənasüxün inkarının dəlilləri haqqında olacaq məqaləmizdə məlumatlar veriləcək.

Tənasüx və hülul probleminin İrfana və təsəvvüfə daxil olmasının başlıca səbəbi İlahi nurun varlıqlarda təcəlla etməsi fikri olmuşdur. Həmin dövrdə tənasüx məsələsi geniş yayıldığına görə, təbii ki, sufilər də onunla tanış olmuşlar. Sufilərin əqidəsində ən çox məsx məsələsi vüsət tapmışdı. Bu da əməllərin və xasiyyətlərin təzahürü ilə bağlı fikir idi. Yəni insanın zahirən heyvana çevrilməsi, yaxud insan ruhunun digər bədənə, ya heyvana keçməsinə inanmamışlar. Məsx sufilərin əqidəsində batini bir məsələ olmuşdur. Bu da insanların batin gözü ilə müxtəlif heyvan şəkillərində görünməsi ilə bağlı hədislərdə və rəvayətlərdə öz isbatını tapır. Necə ki, bir gün Həcc ziyarətində İmam Səccad ilə birlikdə olan bir kəs ziyarətdə insanların çox olmasına görə sevinmiş, İmam isə iki barmağı arasından ona insanların batinini göstərmiş və həmin şəxs orada yalnız bir neçə insan olduğunu görmüşdür. Əlaüddövlə Səmnani (14-cü əsr) batini məsxi tənasüxün inkarı üçün bir dəlil kimi istifadə etmişdir. O tənasüxçülərə rəddiyyə olaraq demişdir ki, salik seyri-sülukda müxtəlif hallarda və vəziyyətlərdə özünü bir şəkildə təsəvvür edir. Məsələn, qəzəb ona güc gəldikdə özünü bir iti kimi, gözəl sifətlər onda təzahür etdikdə mələk kimi görməyə başlayır. Bu dəyişikliklər zahirdə yox, batində baş verir. Buna görə də hər dəfə bədənin dəyişməsinə ehtiyac yoxdur.

Bir çox təsəvvüf alimləri irfani dəlillərlə tənasüxü inkar etmişlər. Belə ki, İbn Ərəbinin davamçısı və təfsirçisi Əbdüləziz Nəsəfi (13-cü əsr) “Kəşfül-Həqayiq” əsərinin bir çox fəsillərini tənasüx mövzusuna həsr etmişdir. Hücviri və Şeyx Mahmud Şəbüstəri də bu əqidə ilə mübarizə aparmışlar. Şeyx Şəbüstəri yazmışdır:

Tənasüx ol səbəbdən batil oldu,

O da dargözlülükdən hasil oldu.

 

Əbu Nəsr Sərrac (ö. 989) “Əl-Lümə” əsərində tənasüx əqidəsinin səhv olduğunu qeyd etmişdir.

İslam fəlsəfəsində də tənasüx məsələsinə ciddi yanaşılmışdır. Tənasüxə etiqad etmiş filosof Zəkəriyya Razi həm filosoflar, həm də İsmaili mütəkəllimləri tərəfindən tənqid olunmuşdur. İsmaili təbliğatçıları da tənasüxü batil hesab etmişlər. Böyük İsmaili alimi Həmidəddin Əhməd Kirmani (996-1021) “Əl-Əqval əz-Zəhəbiyyə” əsərində Razinin tənasüx haqqında fikirlərini rədd etmişdir. Əbu Nəsr Farabi (872-950) sırf tənasüx məsələsindən bəhs etməsə də, ona bənzər fikirləri müdafiə etmişdir. İbn Sina (980-1037) isə açıq-aydın məntiqi dəlillərlə bu məsələnin əksinə olmuş, Məşşailər (İslam peripatetikləri) və bəzi mütəkəllimlər onun dəlillərindən yararlanaraq tənasüxü inkar etmişlər. İbn Sinanın dəlillərindən biri bu olmuşdur ki, əgər tənasüxü qəbul etsək, deməli hər bir bədəndə iki nəfs olmalıdır; biri bədənin öz canı, digəri isə tənasüx yolu ona daxil olmuş nəfs. Hər bir canlı varlıq isə öz nəfsini tək və vahid bilir. Həm də ehtimal etmək mümkün deyil ki, nəfs yeni bədəndə olsun, lakin bunu hiss etməsin, yaxud anlamasın. İbn Sinanın tələbəsi Bəhmənyar (ö. 1065) da “Ət-təhsil” kitabında müəlliminin bu dəlilini təkrar etmişdir. Şihabəddin Sührəvərdi (ö. 1191) həmin dəlilləri bir qədər də gücləndirərək tənasüxçüləri “ən pis təriqət” adlandırmışdır. Lakin onun tənasüx barədə fikirləri qarışıq olduğundan müxtəlif cür şərh edilmişdir. Şəmsəddin Məhəmməd Şəhrəzuri (ö. 1288) onu tənasüxçü hesab etmiş, Qütb əd-din Şirazi (ö. 1310) isə ona tərəddüdlə yanaşmışdır.

Mütəaliyə fəlsəfəsinin banisi Molla Sədra (1571-1636) cövhəri hərəkət nəzəriyyəsi ilə tənasüxü rədd etmişdir. Onun dəlili budur ki, həm nəfs, həm də bədən ilk dəfə yarandıqda potensial şəkildə mövcud olur. Bədənlə nəfs arasında ümumi təbii bir bağlantı var. Onlar ikisi vəhdət təşkil edir. Odur ki, hər ikisi birlikdə potensial şəkildən real şəklə düşür. Hər bir nəfsin potensial və real şəkli ona məxsus olan bədənin potensial və real qüvvəsinə görədir. Bütün nəfslər öz həyatları boyunca potensial şəkildən real şəklə düşürlər. Sonra öz yaxşı və pis əməllərinə görə Vacib varlıqda ümumiləşərək reallıq əldə edirlər. Buna görə də canlı varlığın inkişaf etdikdən sonra nütfə halına qayıtması mümkün olmadığı kimi nəfsin də yenidən sırf potensial formaya qayıtması mümkün deyil. Beləliklə, tənasüx ideyasına görə əgər nəfs yeni bir bədənə daxil olmalı olsa, nəfsin real, bədənin isə potensial şəkildə olması vacib olur. Bu halda da nəfs ilə bədənin birləşməsi mümkünsüzləşir. Çünki real və potensial şəkildə olan iki şeyin təbii vəhdəti mümkün deyil.

Bütün bu deyilənlərdən göründüyü kimi, digər dinləri kənara qoymaqla təkcə İslam tarixində tənasüx barədə deyilmiş fikirləri heç bir şərhsiz, sadəcə toplamaq üçün bir neçə cild kitab lazımdır. Buna görə də bu mövzu barədə əsas müddəaları qeyd etməyi məqsədəuyğun hesab etdik. Tənasüx məsələsi zaman-zaman İslam alimləri arasında fikir ayrlığı yaratsa da, hər halda çoxluq bu məsələnin əksinə olmuş, dünya elmi tarixində öz sözünü demiş alimlərimiz tənasüxü inkar etmişlər. Bu inkar da kor-koranə olmamış, möhkəm əqli və nəqli dəlillərə əsaslanmışdır. Növbəti məqalələrdə isə tənasüxün inkarına dair bu məqalədə adı çəkilmiş alimlərin dəlilləri veriləcəkdir.

http://canderyasi.com


more post like this