”…Mən və ərim ikimizdə müəllim işləyirik. Hər gün səhər erkəndən evdən çıxır, uşağı bağçaya verir və birlikdə məktəbə gedirik. Günorta da evə birlikdə qayıdırıq… Evə çatanda ərim yuyunub çarpayıya uzanaraq deyir: “Sən günorta yeməyini hazırla, mən bir az istirahət edim”.

 

 

 

Deyirəm ki, sən də gəl mənə kömək et. Mən göyərtini təmizləyim, sən isə su gətir  qoy qaz peçinin üstünə qaynasın…

 

Deyir ki, aşpazlıq arvadın vəzifəsidir.

 

 

 

Doğrudur, əgər mən işləyib evin xərclərini ödəməkdə onunla şərik olmasaydım, bu işlər mənim üzərimə düşürdü. İndi isə mən onunla birlikdə işə gedir və ailəmizin xərclərini təmin etməkdə ona kömək edirəm. Buna görə də gərək o da evin işlərində mənə kömək etsin. Bu insafdır ki, o, istirahət etsin, amma mən yemək bişirəm? O, mütaliə etsin və sabahın dərslərinə hazırlaşsın, amma mən mətbəxdə qab-qacaq yuyam? Mən paltar yuyam, o, yıxılıb yatsın? Axırda da təşəkkür etmək əvəzinə desin ki, bu işlər arvadın borcudur…”.

 

 

 

Əziz müəllimə bacımız, doğru deyirsiniz və dedikləriniz ilə tamamiylə razıyam. Ər və arvad yaşayışlarındakı işləri insafla, ədalətlə paylaşaraq, razılaşma, həmkarlıq, həmrəylik və bir-birinə kömək etməklə irəli getməlidirlər. İşləri ədalətlə, insafla, bəlkə də güzəşt və fədakarlıqla öz aralarında bölüşdürməlidirlər ki, Allah-Taala ədalət və ehsanı əmr etmişdir.[1]

 

 

 

Ehsan budur ki, ər və arvaddan biri fədakarlıq edib həyat yoldaşının istirahət və dincəlməsi üçün daha artıq iş və zəhmətə qatlaşsın. Mömin insanlar özlərini başqalarının rahatlığı, istirahəti və yaxşı yaşaması üçün daha çox zəhmətə salırlar.[2] Bu iş isə ailələr üçün daha çox lazım və zəruridir. Çünki Allah-Taala yaxınlara, qohumlara kömək etməyi sifariş etmişdir:

 

 

 

“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurur, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” [3]

 

 

 

Amma ərinin icazəsiylə evdən kənarda işləyən xanım üçün çox gözəl olardı özünün iş saatını azaldaraq elə nizama salsın ki, analıq və qadınlıq məsuliyyətinin öhdəsindən də layiqincə gələ bilsin. Əri və övladları üçün gözəl, dadlı xörəklər bişirsin ki, bu işin öhdəsindən yalnız qadınlar layiqincə gələ bilərlər. Bu hünər, məharət qadının təbiət və yaradılışının bir hissəsidir. İmam Sadiq (ə) bir hədisdə qadın üçün ən gözəl dörd xüsusiyyət saymışdır:

 

 

 

1. Təmiz və ətirli olmaq.

 

2. Dadlı və gözəl yeməklər bişirmək.

 

3.  Səxavətli, fədakar, bağışlayan, əmanətdar və köməkçi olmaq.

 

4. Kişinin namusunu və malını xain gözlərdən və zay olmaqdan qorumaq.

 

Belə bir qadın Allahın işçisidir. Allahın işçisi isə heç vaxt ümidsiz və peşman olmur.[4]

 

 

 

Doğrudur ki, aşpazlıq və yemək bişirmək heç bir qadının vacib vəzifəsi deyildir. Amma gözəl, dadlı xörəklər bişirməyi bacarmayan və ya bacarıb bunu etmək istəməyən bir qadın heç vaxt ərinin hörmətini, məhəbbətini və razılığını qazana bilməyəcəkdir. Belə hallar isə heç də həmişə xoş sonluqla nəticələnmir.

 

 

 

* “… Mən də, arvadım da ali məktəb bitirmişik… Bəzi məsələlərdə bir-birimizlə razılaşa bilmirik… Bu məsələlərdən bir neçəsini sizə deyirəm və istəyirəm ki, bizim aramızda hakimlik edəsiniz, bəlkə o,  sizin hakimliyinizi qəbul etdi.

 

 

 

Problemlərimizə gəldikdə isə, arvadım ali məktəb bitirməsinə baxmayaraq, yemək bişirməyi bacarmır. Mən soruşanda da ki, bu yemək nə üçün bu qədər duzludur ya duzsuzdur? Nə üçün…?

 

 

 

Deyir ki, mən bundan yaxşısını bacarmıram, sənin evinə yemək bişirmək üçün gəlməmişəm, əgər mən bişirdiyimi bəyənmirsən, get özün üçün yemək bişir…!

 

 

 

Çox vaxtlar mənim icazəm və xəbərim olmadan qohumlarının evinə gedir. Mən soruşanda ki, nə üçün mənə deməmiş getmisən? Niyə gecə gəldin? Axı, mən bu evdə çuğundur yarpağıyam?!… Bu cür suallarım onun xətrinə dəyir və məni günlərlə danışdırmır, hətta, mənimlə bir otaqda da yatmır…”.

 

 

 

İslam dinində ərin icazəsi olmadan və ərindən xəbərsiz evdən kənara çıxan, ondan küsüb onunla yatmaqdan imtina edən qadın günahkar və itaətsizdir.

 

 

 

Çünki qadın nikah bağlayıb ərini seçdikdən sonra onun başçılığını qəbul edir və bununlada özünün bəzi hüquqlarını kişiyə tapşırır. Onlardan biri də budur ki, qadın kişinin icazəsi olmadan valideynləri ilə görüş üçün olsa da belə evdən xarıc olmamalıdır.[5] Ona qarşı hər cür nalayiq, haqsız, yaramaz və xoşagəlməyən davranışlardan qorunmalıdır. Habelə, onun bütün şəri istəklərinə müsbət cavab verməli və onu kama yetirməlidir.

 

 

 

Əlbəttə, kişi də öz arvadı ilə yaxşı rəftar etməli, onu sıxışdırmamalı və həyatı onun üçün zindana çevirməməlidir.

 

 

 

Allah-Taala Qurani-Kərimdə buyurur:

 

“Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz, (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun. Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə (birinciyə) çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın! Məgər bu malı böhtan atmaq və aşkar bir günah iş görməklə gerimi alacaqsınız?!”[6]

 

 

 

Əziz bacılarıma həyatda həzrət Peyğəmbərimizin (s) buyurduğu bu iki hədisi özlərinə örnək və ülgü götürmələrini tövsiyə edirəm: “Allah-Taala ərinə əziyyət edib onun narahatçılığına səbəb olan arvadın namazını və başqa xeyir əməllərini, əri ondan razı oluncaya qədər qəbul etməyəcəkdir… (əgər ərinin razılığını almadan ölsə) Qiyamət günü cəhənnəmə daxil olan ilk kəs olacaqdır.”

 

 

 

Sonra Peyğəmbər (s) buyurub: “Arvadına zülm, əziyyət və əzab verən kişini də belə bir cəza gözləyir.”[7]

 

 

 

Həzrət Peyğəmbərimiz (s) “müsəvvifat” sözünün mənasını soruşan qadına belə bir cavab buyurdu: “Bu sözdə məqsəd o qadınlardırlar ki, ərləri onlardan birlikdə olmağı (yaxınlıq etməyi) xahiş edərkən, onlar bu işi qəbul etməyi o qədər gecikdirirlər, ərləri yorulub yatır. Belə qadınlara mələklər, onların ərləri sübh yuxudan duruncaya qədər dayanmadan lənət və nifrin oxuyurlar.”[8]

 

 

 

Əziz bacı! Elm, həyatı işıqlandırmaq, gözəlləşdirmək, insana təvazökarlıq, sadəlik və yaxşı əxlaqları öyrətmək üçündür. Dava-dalaşa, küskünlüyə və lovğalığa səbəb olan elm, nur deyil, hətta cəhalət və nadanlıq qaranlığıdır. Əgər səmanın ən işıqlı ulduzları belə özlərinə baxıb lovğalansalar və öz işıq və gözəlliklərini başqalarının üzünə çəkib minnət qoysalar, həmin anda çirkin, sönük və qaranlıq görsənəcəklər.

 

 

 

 

 

 

[1] . “Nəhl” surəsi, ayə:90.

 

[2] . “Əl-Kafi”, Şeyx Kuleyni, 2/47.

 

[3] .  “Nəhl” surəsi, ayə:90.

 

[4] . “Vəsailuş-şiə”, Hürr Amuli , 14/15.

 

[5] . “Təhrirul vəsilə”, İmam Xomeyni, 2/302;

 

[6] . “Nisa” surəsi, ayə:19-20.

 

[7] . “Vəsailuş-şiə”, Hürr Amuli , 14/116-117;

 

[8] . “Pəyame Pəyambər (s)”, səh.433;

 

islammektebi.org


more post like this