Din rəhbərləri və məsum İmamların hədislərində və bəyanlarında zühurun intizarını çəkənlər üçün çoxlu vəzifələr bəyan edilmişdir ki, burada onların ən mühümlərini qeyd edirik:

 

İmamı tanımaq

İntizarçı şəxsin öz İmamını tanımadan intizar yolunu qət etməsi qeyri-mümkündür. İntizar vadisində müqavimət göstərib səbirli olmaq məhz vədəsi verilən rəhbər barəsində düzgün mərifət əldə etməyə bağlıdır. Buna əsasən, İmamın adı və nəsəbini tanımaqdan əlavə, onun rütbə və məqamı barəsində də məlumat kəsb etmək, lazımi və kifayət qədər məlumat əldə etmək lazımdır.

İmam Həsən Əsgərinin (ə) xidmətçilərindən biri olan Əbu Nəsr İmam Məhdinin (ə) qeybətindən öncə o Həzrətin hüzuruna gəlir. İmam Məhdi (ə) ondan soruşur: «Məni tanıyırsanmı?» Cavab verir: «Bəli. Siz mənim sərvərim və mənim sərvərimin övladısınız!» İmam buyurur: «Mənim məqsədim belə mərifət deyildir.» Əbu Nəsr deyir: «(Sizin məqsədiniz nədir?) Özünüz buyurun!»

İmam buyurur: «Mən Allah Peyğəmbərinin (s) axırıncı canişiniyəm və Allah təala mənim (bərəkətimin) səbəbi ilə bəlaları öz xanədanımdan və şiələrimdən uzaqlaşdırar.»

Əgər bir intizarçı şəxs üçün İmam barəsində mərifət hasil olsa, həmin vaxtdan etibarən özünü İmamın cəbhəsində görür və hiss edir, sanki, İmamın xeyməsindədir və onun yanında qərar tutmuşdur. Buna əsasən, öz İmamının cəbhəsini gücləndirmək üçün bir an belə, əlindən gələni əsirgəməz.

 

İmam Baqir (ə) buyurmuşdur:

…مَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ لَمْ يَضُرُّهُ، تَقَدَّمَ هذاالْاَمْرِ اَوْ تَأَخَّرَ وَمَنْ ماتَ وَهُوَ عارِفُ لِاِمامِهِ كانَ كَمَنْ هُوَ مَعَ الْقائمِ فى فُسْطاطِهِ

“Hər kəs öz İmamı barəsində mərifət əxz etmiş halda ölərsə, (zühur) işinin təxirə düşməsi, yaxud tez baş verməsi ona heç bir ziyan çatdırmaz. Öz İmamını tanıyan və onun barəsində kamil mərifət kəsb edən halda ölən bir şəxs İmamın xeyməsində və onunla yanaşı olan bir şəxs kimidir.” (Usuli-kafi, birinci cild, 84-cü bab, 5-ci hədis, səh. 433)

Qeyd etmək lazımdır ki, bu mərifət və agahlıq o qədər mühümdür ki, məsumların kəlamında da qeyd olunduğu kimi, onu əldə etmək üçün Allah təaladan kömək istəmək lazımdır. İmam Sadiq (ə) buyurmuşdur: «İmam Məhdinin (ə) uzun qeybəti dövründə batilə uyanlar (öz din və etiqadlarında) şəkk-şübhəyə düçar olacaqlar.» İmamın (ə) ən yaxın səhabələrindən olan Zürarə soruşdu: «Əgər o dövrü müşahidə etsəm, hansı əməli yerinə yetirim?» İmam Sadiq (ə) buyurdu: «Bu duanı oxu:

اَلّلهُمَّ عَرِّفْنى نَفْسَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى نَفْسَكَ لَمْ اَعْرِفْ نَبِيَّكَ اللّهُمَ عَرِّفْنى رَسُولَكَ فَاِنَّكَ اِنْ تُعَرِّفْنى رَسُولََكَ لَمْ اَعْرِفْ حُجَّتَكَ اَلّلهُمَّ عَرِفْنى حُجَّتَكَ فَاِنَّكَ اِنْ لَمْ تُعَرِّفْنى حُجَّتَكَ ضَلَلْتُ عَنْ دينى

Bura qədər qeyd olunanlar İmamın (ə) varlıq aləmi məcmu-əsində malik olduğu məqama dair mərifət kəsb etməyin zərurəti barəsində idi. O, Allahın (bəndələrə olan) höccəti, Peyğəmbərin (s) haqq canişini və bütün insanların rəhbəridir ki, ona itaət etmək bütün insanlara vacibdir. Çünki ona itaət etmək, elə Allaha itaət etməkdir.

İmam barəsində mərifət kəsb etməyin yönlərindən biri də İmamın sifətlərini və onun tutduğu yolu dərk edib bu barədə mərifət kəsb etməkdir. Bu yöndə olan mərifət insanın və intizarçı şəxsin əməli, rəftarı və xislətlərində çox dərin təsirlərə malikdir. Aydındır ki, İmamın və ilahi höccətin müxtəlif yönlərində insanın mərifəti nə qədər artıq və dərin olarsa, insan həyatının müxtəlif yönlərində təsir qoyması da bir o qədər artıq olacaqdır.

 

Nümunə və ülgü seçmə

İmam barəsində mərifət kəsb etdikdən və o Həzrətin (ə.f) rəftarının gözəl cilvələrinə agah olduqdan sonra kamal məzhərlərindən necə nümunə götürmək və o Həzrətə tabe olmaq məsələsi irəli gəlir.

Peyğəmbər-Əkrəm (s) buyurmuşdur: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımın Qaimini görər; halbuki, qiyam dövründən qabaq ona və ondan qabaqkı İmamlara iqtida və onların düşmənlərindən bizarlıq etmiş olar. Onlar mənim dostlarım, yoldaşlarım və mənim nəzərimdə ümmətimin əzizləridir.»

Doğrusu təqva, ibadət, sadə yaşayış, səxavət, səbr və bütün əxlaqi fəzilətlərdə öz muradı olan İmamın ardınca gedən bir şəxs o ilahi rəhbərin yanında necə yüksək məqama nail olacaq, o Həzrətin müqəddəs hüzuruna çatan zaman necə də başıuca və vüqarlı olacaqdır!

Məgər dünya varlıqları içərisində ən gözəl bir şeyin axtarışında olan intizarçı şəxs özünü gözəlliklər üçün hazırlamazmı, çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq gəzməzmi və intizar yolunda daim öz əməl və fikirlərinin keşiyində durmazmı?! Əks halda, pisliklərin tələsinə düşmək get-gedə onu öz məşuqundan aralı salar. Bu həqiqət də o İmamın xəbərdarlıqla deyilən bəyanlarında belə qeyd olunur:

فَما يَحْبِسُنا عَنَهُم اِلّا مايَتَّصِلُ بِنا مِمّا نُكْرِهُهُ ونُؤْثِرُهُ مِنْهُم

Heç bir şey bizi şiələrimizdən aralı salmamışdır; Yalnız onlardan bizə gəlib çatan işlər (bizi onlardan aralı salır). Elə işlər ki, biz onları bəyənmir və şiələrimizdən baş verməsini gözləmirik. (Biharul-ənvar, 53-cü cild səh 177)

İntizarçıların son arzuları bundan ibarətdir ki, Məhdi (ə) dövlətinin və ilahi ədalət hökumətinin qurulmasında müəyyən rol ifa etmiş və Allahın axırıncı höccətinə kömək və onunla yanaşı olmaq iftixarına nail olsunlar. Lakin görəsən, belə bir böyük səadətə nail olmaq əxlaqi gözəlliklərə yiyələnməkdən və ruhun saflaşdırılmasından başqa bir yolla müyəssər ola bilərmi?!

İmam Sadiq (ə) buyurur:

مَنْ سَرَّهُ اَنْ يَكُونَ مِنْ اَصْحابِ القائمِ فَلْيَنْتَظِرْ وَلْيَعْمَلْ بِالْوَرَعِ وَمَحاسِنَ الْاَخْلاقِ وَهُوَ مَنْتَظِر

Hər kəs İmam Qaimin (ə.f) köməkçilərindən olmaq istəyirsə, gərək müntəzir olsun və intizar halında da təqvaya, gözəl əxlaqa və rəftarlara malik olsun.»

Aydındır ki, belə istəklərin həyata keçirilməsi, bütün gözəl-liklərə malik olan belə bir İmamı nümunə götürmədən mümkün ola bilməz.

 

İmamı yad etmək

Müntəzirlərin İmam barəsində mərifət kəsb etməsinə və o Həzrətə (ə.f) tabe olmasına kömək edən, intizar yolunda səbr və müqavimətə səbəb olan bir şey daim o Həzrətin, başqa sözlə, ruhlara şəfa verən bir təbibin yad olunmasıdır.

Doğrusu, ümmətin mehriban İmamının (ə.f) həmişə öz şiələrinin vəziyyətinə nəzarət etdiyini, bir an belə, onlardan qafil olmadığını bildikdə, rəvadırmı ki, ona aşiq olanlar dünya və onun mənfur təəllüqatlarına baş qarışdırsınlar və o əziz şəxsiyyətdən qafil və xəbərsiz qalsınlar?! Halbuki, həqiqi dostluq və məhəbbətin şərti bundan ibarətdir ki, hər bir halda onu özümüzdən və başqalarından qabağa keçirək. Dua etmək istəyəndə, əvvəlcə Ondan başlayaq, Onun salamatlığı və zühurunun tezləşməsi üçün dua edək. Çünki, o Həzrətin (ə.f) özü belə buyurmuşdur: «Fərəcin tezləşdirilməsi üçün çox dua edin; çünki bu sizin fərəc və qurtuluşunuzdur.» Biz bu duanı oxuyaraq həmişə İmam üçün dua etməliyik:

اللّهُمَّ كُنْ لِوَلِيَّكَ الْحُجَّةِبْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى ابائهِ فِى هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَليّاً وَحافِظًا وًقائداً وَناصراً وَدليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ اَرْضَكَ طَوْعًا وَتُمَتِّعَهُ فيها طَويلاً

Pərvərdigara, Öz vəlin olan Höccət ibnil-Həsən üçün –Sənin salam və salavatın ona və onun pak ata-babalarına olsun! –Bu saatda və bütün saatlarda keşikçi, rəhbər, köməkçi, yol göstərən ol ta ki, (o zamana qədər ki,) yer üzündə rəğbət və meyl üzündən ona yer verəsən və onu yer üzündə uzun müddət ərzində bəhrələn-dirəsən.

Həqiqi intizarçı sədəqə verən zaman əvvəlcə öz İmamının şərif vücudunun salamatlığını nəzərə alır və hər bir bəhanə ilə əlini Onun mehr-məhəbbətlə dolu ətəyinə atır, Onun mübarək zühurunun şövqündən və misilsiz camalının görüşündən nalə edir.

عَزيزُ عَلَىَّ أَنْ اَرَى الخَلْقَ وَلاتُرى

”Mənə necə də çətindir ki, hamını görüm, amma sən görünməyəsən?!” (Məfatihul-cinan, Nüdbə duası)

İntizar yolunu ötüb keçən hər bir şəxs qəlblərin sevimlisi olan O böyük şəxsiyyətin adına bərqərar olunan məclislərdə iştirak edir ki, özünün Onunla olan məhəbbət tellərini bir daha möhkəmləndirsin. O, «Səhlə» və «Cəmkəran» məscidi, İmam Zamana (ə.f) mənsub olan müqəddəs sərdab və sair kimi müqəddəs yerlərə getməklə bu əlaqələri möhkəmləndirir.

Müntəzirlərin həyatında İmam Məhdinin (ə) xatırlanmasının ən gözəl cilvələrindən biri də budur ki, hər gün onunla bağladığı əhd-peymanını (beyəti) təzələsin, özünün bu əhd-peymana sadiq qalmasını elan etsin. «Əhd» duasında belə oxuyuruq:

اَلّلهُمَّ اِنّى اُجَدِّدُ لَهُ فى صَبيحَةِ يَومى هذا وَما عِشْتُ مِنْ اَيّامى عَهْداً وَعَقْداً وَبَيْعَةً لَه فى عُنُقى لااَحُولَ عَنْها وَلااَزُولَ اَبَداً اَلّلهُمَّ اجْعَلْنى مِنْ اَنْصارِهِ وَاَعْوانِهِ وَالذّابّينَ عَنْهُ والْمُسارِعينَ اِلَيْهِ فى قَضاءِ حَوائِجِهِ والمُمْتَثِلينَ لِاَوامِرِه وَالمُحامينَ عَنْهُ وَالسّابِقينَ الى اِرادَتِهِ وَالمُسْتَشهِدينَ بَيْنَ يَدَيْه

“Pərvərdigara! Mən bu günün sübhündə və həyatımın bütün dövrlərində o Həzrətin barəsində öhdəmdə olan əhd-peymanı və beyəti yeniləşdirirəm və ondan və (əhd-peymandan) heç vaxt qayıtmaram. Və onun üzərində möhkəm dayanıram. Pərvərdigara! Məni o Həzrətin köməkçilərindən, onun müqəddəs sərhədlərini müdafiə edənlərdən, istəklərini yerinə yetirmək üçün onun hüzuruna tələsənlərdən, ona itaət edənlərdən, göstərişlərinə əməl edənlərdən, o Həzrətin şərif vücudunu himayə edənlərdən, onun istəklərinə doğru qabağa düşənlərdən və onun gözləri önündə şəhid olanlardan qərar ver!”

Əgər bir şəxs daim «Əhd» duasını oxusa və ruhunun dərinliklərində onun məzmununa sədaqətli qalsa, heç vaxt süstlüyə düçar olmaz, öz İmamının (ə.f) məqsədlərinin həyata keçməsində, o Həzrətin zühuru üçün zəminə yaratmaqda daim çalışar və bir an belə usanmaz və doğrudan da belə bir şəxs ilahi zəxirələrin sonuncusuna kömək etmə meydanında layiqli hüzurunu göstərmiş olar.

İmam Sadiq (ə) buyurmuşdur: «Hər kəs qırx gün sübh çağı Allahı bu «Əhd» duası ilə dua edərək çağırsa, bizim Qaimimizin köməkçilərindən olacaqdır. Əgər o Həzrətin zühurundan öncə dünyadan gedərsə, Allah-təala (zühur zamanı) onu qəbirdən dirildər (və Qaimin köməkçilərindən qərar verər)»

 

Vəhdət və həmrəylik

İntizarda olan ayrı-ayrı şəxslərin xüsusi vəzifələrini bəyan etdikdən sonra intizarçı cəmiyyətin vəzifələri də irəli çəkilir. Belə ki, onlar da İmam və ilahi höccətin hədəflərinin gerçəkləşməsi yolunda əsaslı qədəm götürməlidirlər. Başqa sözlə desək, intizarçı cəmiyyət öz hərəkət və səylərini gərək vədəsi verilən rəhbərin razılığı yolunda qərar versin. Buna əsasən, intizarçı bir cəmiyyət qərara almalıdır ki, özünün İmamla bağladığı əhd-peymanını sona çatdırsın, nəticədə o Həzrətin zühuru və əzəmətli dövlətinin yaranmasına münasib şərait hazırlamış olsun.

İmam Zaman (ə.f) belə cəmiyyətə yazdığı bəyanlarında müjdə vermişdir: «Bizim şiələrimiz – Allah itaət yolunda onlara kömək etsin! – onlardan alınan əhd-peymanı vəfadarlıqda bir sözlü və qəti qərarlı olsunlar. Əlbəttə görüş neməti onlardan təxirə salınmaz, bizimlə görüş səadəti onlar üçün bizim barəmizdə həqiqi və kamil mərifətlə yanaşı tezləşdirilər.

Qeyd olunan əhd-peyman Allahın kitabında və ilahi elçilərin sözlərində qeyd olunanlardır ki, onların ən mühümlərini aşağıda qeyd edirik:

 

1 -İmamlara tabe olmaqda, onların dostları ilə dostluq və düşmənlərindən bizarlıq etmək yolunda səy göstərmək.

İmam Baqir (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: «Xoş olsun o kəsin halına ki, mənim xanədanımdan olan Qaimin qiyamından əvvəl ona tabe olan, onun dostları ilə dost, düşmənləri ilə düşmənçilik edən bir halda görünsün! Onlar mənim dostlarım, məhəbbət əhli və qiyamət günündə mənim ümmətim içrə ən əziz şəxslər olacaqlar.»

 

2 -İntizar çəkən cəmiyyət bidətlərin, dindəki azğınlıqların, münkər işlərin və çirkinliklərin cəmiyyət səviyyəsində yayılmasına heç vaxt laqeyd yanaşmır, gözəl sünnə və qayda-qanunların, əxlaqi dəyərlərin unudulması müqabilində özlərindən ciddi əksül-əməl göstərirlər.

Peyğəmbər Əkrəmdən (s) belə nəql olunur: «Əlbəttə, bu ümmətin sonunda (axirəz-zəman dövründə) elə bir qrup olacaqdır ki, onların mükafatları İslamın əvvəllərindəki ümmətin savabı qədərdir. Onlar əmr be məruf və nəhy əz-münkər edərək (fitnə və fəsad) ilə mübarizə apararlar.»

 

3 -İntizarçı bir cəmiyyət başqaları ilə rəftarda gərək qarşılıqlı həmkarlığı öz proqramlarının əsası qərar versinlər. Bu cəmiyyətin ayrı-ayrı fərdləri dar düşüncə və qapalı nəzərlərdən, xudpəsənd-likdən uzaq olmaqla daim fəqirləri və ehtiyaclıları arayıb-axtarır və onlardan xəbərsiz qalmırlar.

Şiələrdən bir qrupu İmam Baqirdən (ə) onlara nəsihət etməsini istədikdə, Həzrət buyurdu: «Aranızdakı güclülər zəiflərə kömək etsinlər, ehtiyacsızlar ehtiyaclılara mehribanlıq göstərsinlər və sizlərdən hər biriniz başqalarına qarşı xeyirxahlıq fikrində olsun.» (Biharul-ənvar, 52-ci cild, 22-ci bab, 5-ci hədis, səh. 123)

Qeyd etmək lazımdır ki, bu qarşılıqlı həmkarlığın səviyyəsi şəxsin yaşadığı mühitlə hüdudlanmır; Əksinə, intizarçıların xeyirxah niyyət və yaxşı məqsədləri və əməlləri başqa şəhərlərin ucqar yerlərində yaşayan ehtiyaclıların mühitinə də gedib çatır. Çünki intizar ruhiyyəsinin sayəsində cəmiyyət üzvləri arasında heç bir ayrılıq və yadlaşma hiss olunmamalıdır.

 

4 -İntizarçı cəmiyyətin üzvü olan şəxslər gərək cəmiyyətə «Mehdilik» rəngi versinlər, onun adını və xatirəsini hər bir yerdə ucaltsınlar, İmamın sözlərini və əməllərini bütün sözlərin və üslubların sərlövhəsi kimi camaatın ixtiyarında qoysunlar və bu yolda bütün varlıqları ilə çalışsınlar. Şübhəsiz, bu halda İmamların xüsusi inayət mərkəzində olacaqlar.

İmam Baqirin (ə) səhabələrindən olan Əbdül-həmid Vasiti o Həzrətə ərz etdi: «Biz bütün həyatımızı fərəc işinin intizarına vəqf etdik, belə ki, bəzilərimizə bu yolda çoxlu çətinliklər icad etdi»!

İmam onun cavabında buyurdu: «Ey Əbdül-həmid! Güman edirsənmi ki, Allah (çətinliklərdən) özünü Ona vəqf edən bir bəndə üçün qurtuluş və xilas olunma yolunu qərar verməmişdir?! Bəli! Allaha and olsun ki, Allah-təala onun üçün (hökmən) bir çarə yolu qərar vermişdir. Allah rəhmət etsin o bəndəyə ki, bizim (vilayət) əmrimizi dirçəldə!»

Sonda qeyd etməliyik ki, intizarçı bir cəmiyyət daim çalışmalıdır ki, ictimai həyatın bütün yönlərində sair cəmiyyətlərə nümunə olsunlar, vədəsi verilmiş xilaskarın zühuru üçün lazım olan bütün zəminələri həyata keçirsinlər.

 

http://sualcavab.ge

 


more post like this