Bitkilərin inkişaf edib təkamülə çatmaları xarici səbəb və şəraitlərin varlığına bağlı olub icbari xarakter daşıyır. Heç bir ağac öz ixtiyarı ilə inkişaf etmir və öz istəyi ilə meyvə vermir. Çünki onun şüur və iradəsi yoxdur.
Canlıların təkamülündə də az-çox iradə və seçim görmək olar. Amma bu iradə kor-koranə heyvani qərizədən qaynaqlanmaqla yanaşı, çox məhdud və təbii ehtiyaclar səviyyəsində olub heyvani hisslər və instinktlə məhdudlaşır.
Amma insan heyvanların və bitkilərin xüsusiyyətlərindən əlavə iki ruhi fərqə da malikdir. Əvvəla, onun fitri istəkləri təbii ehtiyaclarla hüdudlanmır, digər tərəfdən də əql qüvvəsinə malikdir ki, onun vasitəsilə mə’lumatlar dairəsini sonsuzluğa tərəf genişləndirə bilər. Məhz bu xüsusiyyətlər əsasında onun iradəsinin həddi-hüdudu təbiətin məhdud sərhədlərini aşır və sonsuzluğa doğru meyl edir.
Bitkinin təkamülünün xüsusi nəbati qüvvədən, heyvanın isə qərizə və hissi idraklardan qaynaqlanan iradə sayəsində olduğu kimi insanın xüsusi təkamülü də (onun ruhi təkamülü) agahlıq üzündən olan iradə, eləcə də istənilən və bəyənilən şeyin müxtəlif mərtəbələrini tanıyan və bir-biri ilə müqayisə etdikdə onların ən yaxşısına üstünlük verən əqlin yol göstərməsi sayəsində hasil olur.
Buna əsasən, o rəftar məhz insana məxsusdur ki, həmin rəftarı insana məxsus olan meyllərdən qaynaqlanan iradə və əqlin himayəsi altında baş vermiş olur. Heyvani məqsədlərlə yerinə yetirilən rəftarlar heyvani, eləcə də mexaniki qüvvələrin tə’sirindən insan bədənində vücuda gələn hərəkətlər isə sadəcə olaraq, fiziki hərəkətlər olacaqdır.

ƏQLİ FƏALİYYƏT NƏZƏRİ ƏSASLARA EHTİYACLIDIR
İxtiyar üzündən olan rəftar lazımi nəticəyə çatmaq üçün bir vasitədir. Həmin rəftarın dəyəri onun nəticəsinin və onun nəzərdə tutulan hədəfinin nə dərəcədə əhəmiyyətli olmasına bağlıdır. Bu ruhun təkamülündə tə’sir qoyur. Belə ki, əgər hər hansı rəftar bir müəyyən ruhi kamilliyin əldən verilməsinə səbəb olsa, mənfi dəyərə malik olacaqdır.
Deməli, əql ixtiyari rəftarlar barəsində o zaman mühakimə yürüdüb onları dəyərləndirə bilər ki, insan kamillikdən və onun mərtəbələrindən agah olsun, insanın necə bir varlıq olduğunu, onun həyat dairəsinin şüalarının hara qədər gedib çatdığını və kamilliyin hansı dərəcəsinə çata biləcəyini başa düşə bilsin. Başqa sözlə desək, onun vücudunun hansı imkanlara malik olduğunu və onun yaradılışında hədəfin nə olduğunu bilsin.
Buna əsasən düzgün ideologiyanın, yə’ni şüurlu davranışa hakim kəsilən dəyər sisteminin müəyyən olunması düzgün dünyagörüşə malik olmağa və onun məsələlərini həll etməyə bağlıdır. Bu məsələləri həll etməyincə rəftarların dəyəri barəsində qəti mühakimə yürütmək olmaz. Eləcə də hədəf mə’lum olunmayınca ona tərəf gedən yolun müəyyən olunması da mümkün deyildir. Deməli, dünyagörüşün əsas məsələlərini təşkil edən bu nəzəri mə’rifətlər həqiqətdə əqli fəaliyyətin və dəyər sisteminin əsasını, bünövrəsini təşkil edir.

NƏTİCƏ
Bu müqəddimələrə diqqət yetirməklə dinlə bağlı axtarış aparmaq, düzgün ideologiya və dünyagörüş əldə etmək üçün sə’y göstərməyin zəruri olmasını belə isbat edirik:
İnsan fitri olaraq özünün insani kamalını axtarır və müəyyən işləri yerinə yetirməklə həqiqi kamilliyə çatmaq istəyir. Amma hansı işlərin onu öz istədiyi hədəfinə yaxınlaşdırdığını bilməsi üçün ilk növbədə özünün son kamilliyini tanımalıdır. Onu tanıması isə öz vücudunun həqiqəti, onun mənşəyi və sonu haqqında mə’rifət kəsb etməsinə bağlıdır. Sonra kamalının müxtəlif mərtəbələrini və eləcə də müxtəlif əməllər arasında müsbət, yaxud mənfi rabitəni ayırd etməlidir ki, özünün insani təkamülü üçün düzgün olan yolu tapa bilsin. Bu nəzəri mə’rifətləri (dünyagörüş prinsiplərini) əldə etməyincə düzgün rəftar sistemini (ideologiyanı) qəbul edə bilməz.
Deməli, düzgün ideologiyaya və dünyagörüşə malik olan haqq din barədə mə’rifət kəsb etmək üçün çalışmaq zəruridir və bu iş olmadan insani kamilliyə çatmaq olmaz. Eləcə də şüurlu fəaliyyət belə nəzəriyyə və dəyərlərdən qaynaqlanmasa o, insani rəftar olmayacaqdır. Haqq din barədə mə’rifət kəsb etmək əzmində olmayanlar, yaxud onu tanıdıqdan sonra inadkarlıq edərək küfr yolunu seçənlər, həmçinin, özlərini yalnız ötəri maddi ləzzətlər və heyvani istəklərlə qane edənlər həqiqətdə heyvandırlar. Belə ki Qur’ani-kərim buyurur:
“Kafirlər (dünyada) səfa sürər, heyvan kimi yeyib içərlər.”
“Məhəmməd” surəsi, ayə 12.

Öz insani iste’dadlarını puç etdiklərinə görə dərdli cəzalara mübtəla olacaqlar:
“Qoy (kafirlər) hələ (istədikləri kimi) yeyib-içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər.”
“Hicr” surəsi, ayə 3.

ceferiler/com


more post like this