Bismillahir rəhmanir rəhim.
İnsan niyə yaranıb? Yaxud insanın yaradılış fəlsəfəsi.
İnsan yaranandan bəri bir sual Adəm övladını düşündürür. “Allah məni niyə yaradıb”?(Əgər ilahi dünyagörüşünə malikdirsə). Və yaxud “mən niyə yaranmışam?”(Əgər materialist dünyagörüşünə malikdirsə). Bu suala müxtəlif alimlər çeşidli cavablar vermişlər. Uca Rəbbimizin köməyi ilə bu suala müxtəlif baxışlardan cavab vermək istərdim. Müxtəlif baxışlar deyəndə məqsədim Quran , mübarək hədislər və fəlsəfi cəhətdən olan baxışlardır. Ona görə də bu yazımı üç hissəyə bölmək istəyirəm. 1. İnsanın yaradılış fəlsəfəsi Quranda. 2. İnsanın yaradılış hikməti mübarək hədislərdə. 3. İnsanın yaradılış hikməti fəlsəfədə.
1. İnsanın yaradılış fəlsəfəsi Quranda. Müqəddəs Quranımıza müraciət edərkən, bu mövzu ilə bağlı bir neçə ayələrə rast gəlirik. “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin, bəlkə təqvalı olasınız” (Bəqərə surəsi/21). “Mən cinləri və insanları mənə ibadət etmək üçün yaratmışam” (Zariyat/56). “Yəqinə çatana qədər Rəbbinə ibadət et”(Hicr/99). Zariyat surəsinin 56-cı ayəsi açıq-aşkar möhkəm ayədir. “Allah bizi ona ibadət etmək üçün yaratmışdır”. Lakin biz hər hansı bir mövzu barəsində təhqiqat və araşdırma aparırıqsa , o zaman həmən mövzuda olan bütün ayələri toplamaq lazımdır. Çünki Quran ayələri biri digərini təfsir edir. Bu söz natiqi-Quran Həzrəti Əlinin (ə) sözüdür. Bəqərə surəsinin 21-ci ayəsinə, Hicr surəsinin 99-cu ayəsinə isə nəzər saldıqda , hədəf barəsində yeni bir məna ortaya çıxır. Hədəf iki qismdir. 1. Vasitəvi hədəf. 2. Sonuncu hədəf. Vasitəvi hədəf- o hədəfə deyilir ki, onun vasitəsi ilə digər bir yüksəkliyə ucalırsan. Məsələn, Kəlam elmini öyrənmək bizim üçün hədəfdir, lakin bu elm bir vasitədir ki, bizi uca bir hədəfə, yüksəkliyə (Allah tanımağa) çatdırır. Sonuncu hədəf- o hədəfə deyilir ki, onun arxasında özündən başqa bir hədəf yoxdur. Məsələn, Allahı tanımaq bizim üçün hədəfdir. Deməli Allaha ibadət vasitəvi hədəf (Zariyat/56), yəqinə və təqvaya yetişmək insan üçün sonuncu hədəfdir (Hicr/99, bəqərə/21).NƏTİCƏ: Qurana əsasən insan yəqin , kamillik və təqvaya yetişmək üçün yaradılıb.

2-ci hissə…İnsanın yaradılış hikməti mübarək hədislərdə. Bu mövzu ilə bağlı çeşidli və rəngarəng hədislərimiz mövcuddur. Amma mən onlardan iki mübarək hədisi seçirəm. 1. Hədisi-qüdsi. Allah təbarəkə və təala buyurur:-Gizlin bir xəzinə idim. İstədim ki, tanınam, ona görə insanları yaratdım ki, tanınım. 2. İmam Hüseyn (ə) buyurur:- Allah insanı onu tanımaq üçün yaratdı, onu tanıyan, ona ibadət edər. Ona ibadət edən, ondan başqasına ibadət etməkdən ehtiyacsız olar……….Qurani-kərimdə təqva və yəqinlik adlanan sonuncu hədəf , mübarək hədislərimizdə Allahı tanımaq kimi ifadə olunmuşdur. Allahı tanıyan yəqin əhli olar. Təqvalı insan Allahı tanıyan insandır. Daha dəqiq desək , Allah yanında ən əziz insan təqvalı insandır.(Hücurat surəsi). Sonuncu hədəf müxtəlif ifadələrlə səslənsədə məna birdir.

3-cü hissə. İnsanın yaradılış hikməti Fəlsəfədə. Fəlsəfə nöqteyi nəzərindən bu suala cavab verməkdən öncə , lazımdır ki, “hədəf nədir?” sualına cavab tapaq. Hədəfə tərif verəndən sonra , “insanın yaradılışında hədəf nədir?” sualına cavab vermək mümkündür. Məşhur İslam filosofu Əllamə Seyyid Təbatabai “Bidayə” və “Nihayə” kitablarında hədəfə belə tərif verir. Hədəf- elə bir maksimum nöqtədir ki, insan ora yetişəndən sonra başqa bir şey istəmir. Digər bir ifadə ilə desək, insan hədəfi elə bir zirvədir ki, ora yüksələnin o yüksəklikdən başqa arzusu yoxdur. Görəsən, Adəm övladı hansı zirvəyə ucalandan sonra başqa bir şey istəmir? Hər bir insan fərdi açıq-aşkar anlayır ki, insan oğlu nə qədər dünya və dünyada olanlara yetişirsə, bir azda artıq istəyir. Deməli dünya və dünyada olanlar insan üçün hədəf ola bilməz. Axı filosoflar buyurmuşdur ki, hədəf elə bir zirvədir və o zirvəyə yetişən digər heç nə istəmir. İnsan və İslam tarixinə nəzər saldıqda , həmən yüksəklik və zirvənin nə olduğunu başa düşürük. Mən iki nümunə göstərmək istərdim. 1. Meysəm Təmmar. Hər gün Kufə şəhərində olan bir xurma ağacını suvara-suvara deyirdi:-Mənim Ağam, İmamım, Rəhbərim, sevgilim Həzrəti Əli (ə) mənə deyib ki, bu ağacdan məni, onun eşqinə görə asacaqlar…….Deməli Allahın, Məhəmməd və ali Məhəmmədin (s.ə.a.s) eşqinə yetişən daha heç nə istəmir. 2. İmam Zeynəlabidin (ə) “Munacatul-muhibbin”də buyurur:- İlahi, kimdir o şəxs ki, sənin məhəbbətivin şirinliyini dadar, lakin ondan sonra səndən başqa bir şey istəyər??!!!! ….Mövlamızın sözünün mənası budur ki, İlahi, sənin məhəbbətivin şirinliyini dadan insan , səndən ondan başqa heç nə istəməz. NƏTİCƏ: Yalnız və yalnız Allahı sevənlər və onun sevdiklərini sevənlər ondan başqa bir şey istəmirlər. Deməli insanın yaradılış fəlsəfəsi də budur.

Seyid Ağarəşid Boradigahlı.
03.01.2014

Ceferlier.com


more post like this