islamic mənbələri

    1. home

    2. article

    3. İnsan

    İnsan

    İnsan
    Rate this post

     

    206.İnsanın kəramət əzəməti

    Quran

    «Biz, Adəm övladını şərəfli və hörmətli etdik, onları quruda və suda (münasib miniklərə) mindirdik, onlara gözəl və pak şeylərdən ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan üstün etdik.»[1]

    Hədis

    699.Allahın Peyğəmbəri (s):«Allah yanında heç nə Adəm övladından hörmətli deyil.» Soruşdular:«Ey Allahın Peyğəmbəri, hətta mələklər?» Buyurdu:«Mələklər günəş və ay kimi məcburdurlar.»[2]

    700.Allahın Peyğəmbəri (s):«İnsandan başqa heç nə öz tayından min dəfə üstün deyil.»[3]

    701.İmam Sadiq (ə) Abdullah ibn Sənanın «mələklər üstündür yoxsa insan?» sualının cavabında buyurmuşdur: Əmirəl-möminin Əli ibn əbu Talib (ə) buyurmuşdur:«Allah mələklərdə ağıl qoyub, nəfsi istəklər qoymayıb, heyvanlarda nəfsi istəklər qoyub ağıl qoymayıb. Adəm övladında isə onların hər ikisini qoyub. Odur ki, ağlı nəfsi istəklərinə qalib gələn kəs mələklərdən də yaxşıdır, nəfsi istəkləri ağlına qalib gələn kəs isə heyvanlardan da pisdir.»[4]

     

    207.İnsanın yaranmasının fəlsəfəsi

    Quran

    «Mən cinləri və insanları Mənə ibadət etmələrindən başqa bir şey üçün yaratmamışam.»[5]

    «Əgər Rəbbin istəsəydi bütün insanları tək bir ümmət edərdi. Lakin onlar Rəbbinin rəhm etdiyi və bunun üçün yaratdığı kəslər istisna olmaqla, həmişə müxtəlif olacaqlar.»[6]

    Hədis

    702.İmam Əli (ə):«Allahdan qorxmağa əmr edilmisiniz və (Allaha) itaət etmək üçün yaradılmısınız.»[7]

    703.İmam Hüseyn (ə):«Camaat! Allah-taala bəndələri yaratmışdır ki, Onu tanısınlar, Onu tanıyandan sonra Ona ibadət etsinlər və Ona ibadət etdikdən sonra başqasına ibadət etməyə ehtiyacları olmasın.» Bir nəfər dedi:«Ey Allahın Peyğəmbərinin oğlu! Atam-anam sənə fəda olsun, Allahı tanımaq nədir?» Buyurdu:«(Allahı) tanımaq hər bir zəmanənin insanlarının itaəti vacib olan öz imamını tanımasıdır.»[8]

    704.İmam Sadiq (ə) dinsiz bir şəxsin «Allah yaratdıqlarına ehtiyacı olmaya-olmaya, onları yaratmağa məcbur olmadığı, bizi oyuncaq etmək Ona yaraşmadığı halda məxluqatı nə üçün yaratdı?» sualının cavabında buyurmuşdur:«O, məxluqatı öz hikmətini göstərmək, öz elmini yerinə yetirmək və öz tədbirini (həyata) keçirmək üçün yaratdı.»[9]

    705.İmam Sadiq (ə) «Onlar hələ də ixtilafdadırlar, Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Onları bunun üçün yaratmışdır» ayəsinin təfsirində buyurmuşdur:«Allah onları yaratdı ki, Onun rəhm və mərhəmətinə səbəb olan iş görsünlər və onlara rəhm etsin.»[10]

     

    208.İnsanın zəif və acizliyi

    Quran:

    «İnsan zəif yaradılmışdır.»[11]

    Hədis:

    706.İmam Əli (ə):«Yazıq Adəm övladı! Əcəli məxfi, xəstəliyi gizli, əməlləri isə yazılıb. Ağcaqanad incidir, boğazda qalan qurtum onu əldən salır və tər onu iyləndirir!»[12]

     

    209.İnsanlıq meyarı

    707.İmam Əli (ə):«İnsan(ın dəyəri) onun iki kiçik üzvü – qəlb və dili ilədir. Vuruşanda qəlbi ilə vuruşsun və danışanda aydın və yetərli danışsın.»[13]

     

     

    Mizanulhikmətin (xülasəsi)I cild



    [1] İsra, ayə 70

    [2] Kənzul-Ummal, hədis 34621

    [3] Kənzul-Ummal, hədis 34615

    [4] Biharul-Ənvar, c.60, səh. 299, hədis 5

    [5] Zariyat, ayə 56

    [6] Hud, ayə 118, 119

    [7] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.3, səh.108

    [8] Biharul-Ənvar, c.23, səh.83, hədis 22

    [9] Biharul-Ənvar, c.10, səh.167, hədis 2

    [10] Nurus-Səqəleyn, c.2, səh.404, hədis 250

    [11] Nisa, ayə 28

    [12] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid,c.20, səh.62

    [13] Ğurərul-Hikəm, hədis 2089