İran İslam İnqilabının banisi və böyük rəhbəri İmam Xomeyninin həyat yoldaşı xanım Xədicə Səqəfi 1292-ci il hicri şəmsi ilində (miladi təqvimi ilə 1913-cü il) Tehranda ziyalı və ədəb-ərkanlı bir ailədə dünyaya göz açmışdır. Onun “Təfsire-Novin” (“Yeni Təfsir”) kitabının sahibi olan atası mərhum Ayətullah Mirzə Mühəmməd Səqəfi Tehranın mütərəqqi alimlərindən və mərhum Ayətullah Hairi Yəzdinin şagirdlərindən olmuşdur.

Səqəfi xanımın anası tərəfdən Qacar ailəsi ilə bağlılığı olduğuna görə iki xüsusiyyət: dindarlıq və mütərəqqi görüşə malik olmaq onda bir yerdə cəmlənmişdir. Fitri istedada və qeyri-adi hafizəyə mailk olduğundan onun elm öyrənməyə olduqca böyük həvəsi vardı. O, fransız dilini məktəbdə yüksək səviyyədə öyrənmiş, ərəb dilini isə İmam Xomeynidən mənimsəmişdir.

1308-ci hicri şəmsi ilinin mübarək ramazan ayında bu iki şəxsiyyət arasında bərəkət dolu evlilik gerçəkləşdi. Bu evlilikdən 5 övlad dünyaya gəldi. İmamın bütün həyatı boyu övladlarının fədakar mürid olmasının, imama səmimi xidmət etməsində ən böyük səbəb onun həyat yoldaşının səhih və bacarıqlı tərbiyə üsulu olmuşdur. O, illər boyu mütəmadi olaraq övladlarına imamın ləyaqətini qorumağı, sağlam və hər cür çirkinlikdən uzaq həyat sürməyi tövsiyə etmişdir.

Bu inqilabi fikirli qadın öz dindarlığını nümayiş etdirməkdən çəkinən həqiqi bir dindar idi. Ondan heç bir zaman xilaf söz eşidilməzdi. Qeybət, böhtan, nalayiq sözlər işlətmək onun təbiətinə zidd idi. O, müstəhəb əməlləri yerinə yetirən, başqalarının abır və həyasını qoruyan, ehtiyacı olanlara həddində kömək etməyi sevən, yüksək keyfiyyətlərə malik insanlardan biri idi.

Bu inqilab ruhlu qadın ağıllı və səbirli bir şəxsiyyətə sahib idi. Onun səbrinə diqqət yetirdikdə bu səbrin ağıl ilə idarə olunduğu aşkar surətdə nəzərə çarpır. Yəni onun çətinlik qarşısındakı səbri və təhəmmülü yüksək dərk etmə qabiliyyətinə malik olmasının məhsulu idi. O, ruhani ailəsində dünyaya gəlmiş, uşaqlıq və yeniyetməlik dövrlərini nənəsinin yanında rifah içərisində keçirmişdi. Buna baxmayaraq o, imamla evləndikdən sonra özünü sadə bir həyat tərzinə, ruhaniyyətin bütün adətlərinə riayət etməyə hazırlamış, həyatı boyunca bu ənənələrə böyük bir həssaslıqla yanaşmışdır. İmamın ictimai həyatının bütün mərhələlərində; tələbəlik dövründən Qum şəhərindəki müəllimlik dövrünədək, mərcəiyyət və sürgün dövründən rəhbərliyi, İslam İnqilabının qələbəsindən sonrakı dövrlərədək zamana və xalqın imamdan gözlədiyi həyat şəraitinə uyğun olaraq rəftar etməyi, imamın evini, mənzil əşyalarını, geyim və ərzaq baxımından tamamilə sadə, nizamlı və səliqəli şəkildə qorumağı özünə borc bilmişdir.

42-ci ildə İmamın həbs edildiyi vaxt – edam hökmünün verilməsi ehtimalı olduğu zaman Xədicə xanım bu ağır mərhələni cəsarət və səbirlə keçə bilmişdir. Həmin dövrlərdə onların evi imama dəstək çıxmaq istəyən, imamın halından nigaran olan bütün xalqın gediş-gəliş yerinə çevrilmişdi. İmamın zindandan azad olub onun Qeytəriyyə məntəqəsində ev dustağı olması bu möhtərəm xanımın səbir və təhəmmülünün yeni bir imtahanı idi. Tehrana mühacirət, uzun müddət ev həbsində yaşayan imamın yanında olub, ona sakitlik və dinclik bəxş etmək bu səbir abidəsinin öhdəsinə düşürdü. İmam tamam azad olub Quma köçürüləndən sonra onların mənzili imam aşiqlərinin sel kimi hücumuna məruz qalsa da, Xədicə xanım son dərəcə yüksək ədəb və ehtiramla, böyük diqqətlə onları qarşılayırdı.

43-cü ildə gecə ikən evlərinə hücum edib İmamı tutub sürgün etmələrinə, uzun müddət imamın vəziyyətindən xəbərsiz olmasına, oğlu Hacı ağa Mustafanın sürgün edilməsinə, o cümlədən 43-cü ilin hadisələrinə dözmək bu inqilabi ruhlu qadın üçün yalnız şücaət göstərmək və hadisələrə şüurlu şəkildə yanaşmaqla mümkün ola bilərdi.

İmam İraka köçürüləndən sonra o, İrandakı bütün əlaqələrini kəsmiş, imama dəstək olmaq və onun yanında qalmaq üçün övladlarından, dost-tanışlarından uzaqlaşaraq Nəcəfə üz tutmuşdur. Qürbətin acı günlərini imamla birgə əl-ələ verərək səbirlə yaşadılar.

Əziz övladı şəhid Hacı Mustafanın qürbətdə şəhadətə yetişməsi bu inqilab anasının qəlbinə dağ çəkdi və bu acı xatirə ömrünün sonuna qədər onunla birgə yaşadı.

İslam İnqilabının qələbəsindən ürək dolusu sevinə bilməyən ana bir müddət sonra ömür-gün yoldaşını itirdi. İmamın vəfatından sonra bütün rəhbərlik işçiləri, siyasi xadimlər durmadan imamın evinə axışırdılar. Övladları onu əsla yalqız buraxmasa da, Xədicə xanım mətanətlə bütün hadisələrə dözürdü.

Evinin ən əziz oğlu Hacı Əhmədin qəfil ölümü inqilabın bu dağ çəkmiş anasına yeni bir ilahi imtahan idi…

Bu səbirli və dözümlü inqilabi düşüncəli qadın ömrünün son illərinin 7 ayını xəstəxanada yatdıqdan sonra 1388-ci hicri şəmsi ilində gözlərini əbədi olaraq bu fani dünyaya yumdu. O, həyatının həmdəmi imamın yanında dəfn edildi. Allah hər ikisinə rəhmət eləsin!

http://qafqaz.ir/


more post like this