Sual : Cəmiyyətdə sosial təbəqələr arasındakı fərqi necə aradan qaldırmaq olar?
Cavab:
İnsanın tarix boyu düçar olduğu – hazırda da bütün maddi və texniki inkişaflara nail olduğuna baxmayaraq yenə də yaxasını qurtara bilmədiyi böyük ictimai problemlərdən biri, ictimai qrup və təbəqələr arasındakı fərqdir. Belə ki, bir yanda yoxsulluq və aclıq, bir yanda isə sərvət və kapitallar!
Bir qrup insan o qədər mal-sərvət toplayır ki, əmlakının hesablamaq olmur. Digər bir qrup isə yoxsulluq içində əziyyət çəkir, hətta adi – qida, ev və geyim kimi sosial tələbatını ödəyə bilmir.
Aydındır ki, bir hissəsi sərvət və rifahda, böyük əksəriyyətinin isə yoxsulluq və aclıq içində həyat sürən cəmiyyət həyatına davam etmək iqtidarında deyil və heç vaxt həqiqi səadətə çatmayacaq.
Belə bir cəmiyyətdə həyəcan, iztirab, qorxu, bədbinlik və bir sözlə düşmənçilik və müharibə qaçılmazdır.
Baxmayaraq ki, bu fərq keçmiş zamanlar da olub. Lakin təəssüflə deməliyik ki, bizim zəmanədə təbəqələr arasındakı məsafə qat-qat çox və təhlükəli həddinə çatıb. Çünki bir tərəfdən həqiqi humanitar yardımların və insan həmrəyliyinin qapıları insanların üzünə bağlanmış, digər tərəfdən sosial təbəqələşmənin əsas amillərindən olan sələmçilik müxtəlif formalarda insanların üzünə açılmışdır.
Kommunizm və bu kimi ideologiyaların yaranması, son əsrdə baş vermiş qanlı hadisələr, kiçik və böyük müharibələr bu həqiqətin şahididir. Hələ də dünyanın müxtəlif bölgələrində davam etməkdə olan bu müharibələr adətən iqtisadi səbəblərdən qaynaqlanır və insan cəmiyyətlərinin böyük əksəriyyətinin problemlərindən doğan reaksiyalardır. Alimlər və dünyanın iqtisadi quruluşları bu böyük ictimai problemlərin həllinə çalışmış və hər biri fikir irəli sürmüşdür – kommunizm fərdi mülkiyyəti ləğv etməklə, kapitalizm ağır vergilər alıb ümumi mənfəəti olan müəssisələr təşkil etməklə (bu da, təbəqələr arasındakı fərqi azaltmaq deyil, daha çox reklam xarakterlidir) güman edirlər ki, ona qarşı mübarizəyə qalxmışlar. Amma həqiqət budur ki, onlardan heç biri bu yolda xüsusi bir iş görə bilməmişlər. Çünki dünyaya hakim olan maddi (materialist) tərzi-təfəkkürü ilə bu problemi həll etmək mümkün deyil.
Qurani-kərimin ayələrinə diqqət etməklə məlum olur ki, İslam dininin əsas məqsədlərindən biri də aşağıdakılardır:
İctimai ədalətsizlik ucbatından varlı və yoxsul təbəqələr arasındakı qeyri-ədalətli məsafə və fərqlər aradan qaldırılmalı, sosial həyatını digərlərinin köməyi olmadan təmin edə bilməyən şəxslərin yaşayış səviyyəsi yaxşılaşdırılmalıdır ki, ən azından yaşayış üçün lazım olan vəsaiti əldə edə bilsinlər.
İslam dini bu məqsədə yetişmək üçün geniş bir proqram nəzərdə tutub: sələmçiliyə bir mənalı formada qadağa, İslami vergilərin – zəkat, xüms, sədəqələr və bu kimi vergilərin ödənilməsinin vacibliyi, infaq etməyə təşviq, vəqf, qərzul-həsənə, müxtəlif maddi yardımlar bu proqramın bir hissəsini təşkil edir. Ən əhəmiyyətlisi isə müsəlmanların arasında iman və qardaşlıq ruhiyyəsini yaşatmaqdır. (1)

“Təfsiri nümunə”, cild 2, səh. 239.

makarem.ir


more post like this