Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidinin (ə) qarşısında durub dedi: “Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərinizdən qurtardı və Əmirəl-möminini (Yezidi) sizin üzərinizdə qalib etdi”. İmam Səccad (ə) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (ə) ondan soruşdu: — Quran oxumusan? — Bəli! — Bu ayəni oxumusanmı? “De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.” — Bəli! — Bəs bu ayəni necə? “Qohum-əqrəbanın haqqını ödə.” — Bəli! — Bu ayəni də oxumusan? “Ey peyğəmbərin Əhli-beyti, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istəyir.” — Bəli! — Ey qoca, bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası, hər cür çirkinlikdən uzaq olanlar bizik”. Qoca bildi ki, bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər, əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: “İlahi, mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (s) və Ali-Məhəmmədin (s) düşmənlərinə nifrət edirəm!” Ixlas.az


more post like this