Cavab: Qeyd etdiyimiz kimi biz şiələrin əqidəsincə Peyğəmbərin (s) vəfatından sonra onun on iki canişini olmuşdur. Həmin canişinləri ardıcıllıqla yada salaq:
1. İmam Əli (ə)
Həzrət Əli (ə) Fil əshabı hadisəsindən 30 il sonra rəcəb ayının 13-də Kəbə evində dünyaya göz açmışdır. Həzrət Məhəmməd (s) peyğəmbərlik məqamına çatanda Əlinin (ə) 10 yaşı vardı. Həzrət Əli (ə) həzrət Məhəmmədin 23 illik peyğəmbərliyi dövründə daim onun yanında olmuşdur. Onun atasının adı Əbu-Talib (ə), anasının adı Fatimə olmuşdur. Həzrət Əli (ə) Peyğəmbərin (s) qızı Fatimə ilə ailə həyatı qurmuş və bu izdivacdan dörd övlad dünyaya gəlmişdir: İmam Həsən (ə), imam Hüseyn (ə), Zeynəbi-Kubra, Ümmü Gülsüm. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra fədakar xanım həzrət Fatimə (s.ə.) 18 yaşında ikən dünyasını dəyişmişdir. Həzrət Peyğəmbər (s) qızı Fatiməni (s.ə.) xüsusi bir məhəbbətlə sevirdi. Həzrət buyurur: “Fatimə mənim tənimin parasıdır. Onu sevindirən məni sevindirir, onu incidən məni incidir. Fatimə mənim üçün ən əziz insandır.”[4532]Bəzi rəvayətlərdə nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Allah Fatimənin (s.ə.) qəzəbinə görə qəzəblənir, onun razılığına görə razı qalır.”[4533]
Xanım Fatimə (s.ə.) bütün varlığı ilə Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) vilayət, imamət məqamını müdafiəyə qalxmışdı. Xanım elə bu yolda da canını fəda etdi. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra həzrət Əli (ə) iyirmi beş il evdə oturdu. Hicri 35-ci ildə xalq müsəlmanların rəhbəri kimi həzrət Əliyə (ə) beyət etdilər. Həzrət Əli (ə) beş ilə xəlifəlik etdi. Hicri 40-cı ilin ramazan ayında 63 yaşlı Əmirəl-möminin (ə) Kufə məscidində şəhadətə çatdı. İmamın pak məqbərəsi İraqın Nəcəf şəhərindədir. Həzrət Əlinin (ə) ləqəbi “Əmirəl-möminin”, künyəsi (nəsil vasitəsi ilə çağırışı) Əbül-Həsən” olmuşdur. Bərəkətli “Nəhcül bəlağə” məcmuəsi həzrət Əlinin (ə) buyuruqları, məktubları və hikmətli sözlərindən tərtib olunmuşdur. Kitabın tərtibçisi Seyid Rəzidir.
2. İmam Həsən (ə)
İmam Həsən hicri 3-cü il, mübarək ramazan ayının ortalarında dünyaya göz açdı. Onun atası həzrət Əli (ə), anası xanım Fatimə (s.ə.) idi. İmam Həsən (ə) ailənin ilk övladı idi. İmamın məşhur ləqəbi “Müctəba”, künyəsi “Əbu Məhəmməd” olmuşdur. O uşaqlıq dövrünün 7 ilini Peyğəmbərin (s) yanında keçirmişdir. Sonra 30 il atası həzrət Əli (ə) ilə yaşamışdır. 37 yaşında imamət məqamına çatmış və 10 il təhlükə dolu bir həyat yaşadıqdan sonra hicri 50-ci il 47 yaşında şəhid olmuşdur. Ölümünün səbəbi ona verilən zəhər idi. İmam Həsən (ə) Mədinə şəhərində Bəqi qəbristanlığında torpağa tapşırılmışdır.
3. İmam Hüseyn (ə)
İmam Hüseyn (ə) hicri 4-cü il şəban ayının 3-də dünyaya göz açmışdır. O 46 yaşınadək qardaşı imam Həsənlə (ə) yaşamışdır. Hicri 50-ci ildə imam Həsən (ə) dünyasını dəyişdikdən sonra İmam Hüseyn (ə) 47 yaşında imamət məqamına yüksəlmişdir. Hicri 60-cı ildə Kufə əhlinin dəvəti ilə Yezid hökuməti ilə mübarizə üçün öncə Mədinədən Məkkəyə getmiş, sonra Kufəyə üz tutmuşdur. Amma Kufə əhli imama yardım fikrindən daşınmış və imam öz azsaylı ətrafı ilə Kərbəla torpağında Yezid qoşunu tərəfindən mühasirəyə alınmışdır. Hicri 61-ci il məhərrəm ayının 10-da (aşura günü) imam öz yaxınları ilə şəhadətə çatmışdır. İmam Hüseynin (ə) məqbərəsi Kərbəla şəhərindədir. Onun ləqəbi “Seyyidüş-şühəda”, künyəsi “Əbu Əbdüllah” olmuşdur.
4. İmam Əli ibn Hüseyn (ə) (Zeynülabidin, Səccad)
İmam Səccad (ə) hicri 36 və ya 38-ci ildə cəmadiül-əvvəl ayının 5-i və ya 15-də Mədinə şəhərində dünyaya göz açmışdır. Onun atası imam Hüseyn (ə), anası müəyyən məlumatlara əsasən Şəhrəbanu olmuşdur. İmam Səccad (ə) hicri 61-ci ildə atası şəhadətə çatdıqdan sonra imamət məqamına yüksəlmişdir. İmam abid, zahid və uzaqgörən bir rəhbər olmuşdur. İmam çox səcdə qıldığından “səccad”, çox ibadət etdiyindən “Zeynülabidin” ləqəbləri ilə tanınmışdır. Onun künyəsi Əbu Muhəmməddir. Mənalı dualarla zəngin “Səhifeyi-səccadiyə” məcmuəsi imam Səccaddan (ə) qalmış yadigardır. İmam Səccad (ə) hicri 95-ci il, məhərrəm ayının 25-də 57 və ya 59 yaşında Bəni-Üməyyə hökuməti tərəfindən zəhərlənmiş və şəhadətə çatmışdır. İmamın qəbri Mədinə şəhərində Bəqi qəbristanlığındadır.
5. İmam Məhəmməd ibn Əli (ə) (İmam Məhəmməd Baqir)
Onun adı Məhəmməd, ləqəbi Baqirul-ülum olmuşdur. Baqirul-ülum dedikdə elmləri yaran mənası anlaşılır. İmamın künyəsi Əbu Cəfər idi. Onun atası imam Səccad (ə), anası imam Həsən Müctəbanın (ə) qızı Fatimə olmuşdur. İmam hicri 57-ci il rəcəb ayının əvvəlində Mədinə şəhərində dünyaya göz açmışdır. O hicri 95-ci ildə, 38 yaşında imamət məqamına çatmışdır. İmamın ömrünün sonlarında Bəni-üməyyə rejimi zəiflədiyindən o bu fürsətdən istifadə edərək İslam maarifi və hökmlərini təbliğ etmiş, şagirdlər yetirmişdir. İmam Məhəmməd Baqir (ə) hicri 114-cü il zil-hiccə ayının 7-də 57 yaşında şəhadətə çatmış və Mədinə şəhərinin Bəqi qəbristanlığında torpağa tapşırılmışdır.
6. İmam Cəfər ibn Məhəmməd (ə) (İmam Cəfər Sadiq)
İmamın adı Cəfər ləqəbi Sadiq, künyəsi Əbu Əbdüllah olmuşdur. Onun atası imam Baqir (ə), anası dövrünün pəhrizkar qadınlarından sayılan Ümmü Hərvə olmuşdur. İmam hicri 83-cü il rəbiül-əvvəl ayının 17-də Mədinə şəhərində doğulmuşdur. O 32 yaşında imamət məqamına yüksəlmişdir. Bütün ömrünü insanların təlim-tərbiyəsinə sərf edib minlərlə şagird yetişdirmişdir. İslam elmlərinin qapılarını müsəlmanların üzünə açmışdır. Belə ki, imamdan hədis nəql edənlərin sayı dörd min nəfərə çatır. Həmin insanlardan bir çoxu ali elm məqamına çatmışdır. Kimya elminin banisi Cabir ibn Həyyan, kəlam və əqidə üsulları alimi Hişam ibn Həkəm imamın yetirmələrindəndir. İmam bəni Abbas xəlifələrindən olan Mənsur Dəvaniqi tərəfindən zəhərlənmiş, hicri 148-ci il şəvval ayının 25-də 65 yaşında dünyasını dəyişmişdir. İmam Cəfər Sadiq (ə) imamlar arasında ən çox ömür sürəndir. Bu səbəbdən ona “Şeyxül-əimmə” ləqəbi verilmişdir. İmam Sadiq (ə) Bəqi qəbristanlığında, atası imam Baqir (ə), babası imam Səccad (ə), babasının əmisi imam Həsənin (ə) yanında dəfn olunmuşdur.
7. İmam Musa ibn Cəfər (ə) (imam Kazim)
Onun adı Musa, məşhur ləqəbi Kazim (“qəzəbini udan”), künyəsi Əbül Həsən olmuşdur. Atası imam Sadiq (ə), anası Həmidədir. İmamın anası elmi məqama malik olmuşdur. O imam Sadiqin (ə) göstərişi ilə qadınlara dini maarif və əhkam öyrətmişdir. İmam Kazim hicri 128-ci il səfər ayının 7-də Məkkə və Mədinə arasındakı Əbva məntəqəsində dünyaya göz açmışdır. O 21 yaşında imamət məqamına çatmışdır. İmam Kazim (ə) öz şərəfli ömrünün bir hissəsini həbsxanada keçirmişdir. Nəhayət, hicri 183-cü il rəcəb ayının 25-də 55 yaşında Bağdad həbsxanasında Bəni Abbas məmurları tərəfindən zəhərlənmiş və şəhadət dərəcəsinə çatmışdır. İmam Bağdad şəhərində sonradan Kazimeyn adlandırılan Qüreyş qəbristanlığında dəfn olunmuşdur.
8. İmam Əli ibn Musa (ə) (İmam Riza)
Onun adı Əli, ləqəbi Riza, künyəsi Əbül-Həsən olmuşdur. İmam hicri 148-ci il zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya göz açmışdır. Onun atası imam Kazim (ə), anası dövrünün pəhrizkar qadınlarından olan Nəcmə olmuşdur. İmam hicri 183-cü ildə 35 yaşında ikən imamət məqamına çatmışdır. O Bəni Abbas padşahlarından olan Məmunun israrı ilə Xorasana gəlmiş, vəliəhdliyi qəbul etməyə məcbur olmuşdur. Məmun Abbasi xalqın imama məhəbbətindən xoflanaraq onu zəhərləmişdir. İmam hicri 203-cü il səfər ayının axırlarında 55 yaşında Xorasanın Məşhəd şəhərində torpağa tapşırılmışdır.
9. İmam Məhəmməd ibn Əli (ə) (İmam Məhəmməd Təqi, Cavad)
İmam Cavad hicri 195-ci il rəcəb ayının 10-da Mədinə yaxınlığındakı Sirya məntəqəsində dünyaya göz açmışdır. Adı Məhəmməd, Cavad və Təqi məşhur ləqəbləridir. Künyəsi Əbu Cəfər olmuşdur. Atası imam Riza (ə) anası Səbikədir. İmam hicri 203-cü ildə atasının şəhadətindən sonra 8 yaşında ikən imamət məqamına çatmışdır. İmamət Allah tərəfindən verilən məqam olduğundan onun yaşla heç bir əlaqəsi yoxdur. İmam hicri 220-ci ildə zilqədə ayının son günü 25 yaşında ikən Mötəsim Abbasi tərəfindən zəhərlənmiş və şəhadətə çatmışdır. O Bağdadın Kazimeyn məntəqəsində babası Musa ibn Cəfərin (ə) yanında dəfn olunmuşdur. Şiə imamları arasında ən az ömür sürən imam Cavaddır.
10. İmam Əli ibn Məhəmməd (ə) (İmam Əliyyən Nəqi, Hadi)
İmamın adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, künyəsi Əbül Həsən olmuşdur. Atası imam Cavad (ə), anası Səyyidə və ya Səmanədir. İmam hicri 213-cü il zilhiccə ayının 15-də dünyaya göz açmış, atasının şəhadətindən sonra 7 yaşında ikən şəhadət məqamına çatmışdır. İmam imamət dövrünün böyük hissəsini Samirra şəhərində Bəni Abbas hökumətinin nəzarəti altında keçirmişdir. Nəhayət rejim tərəfindən zəhərlənmiş və hicri 254-cü il rəcəb ayının 3-də 41 yaşında ikən dünyasını dəyişmişdir. İmam Samirra şəhərində torpağa tapşırılmışdır.
11. İmam Həsən ibn Əli (ə) (İmam Həsən Əskəri)
Bu imam hicri 232-ci il rəbiüs-sani ayında Mədinədə dünyaya göz açmışdır. Atası Əliyyən Nəqi (ə), anası Səlil və ya Hədisdir. İmam Həsən Əskəri (ə) 22 yaşında imamət məqamına çatmışdır. Hicri 260-cı il rəbiül-əvvəl ayının 8-də eynən məsum ataları kimi sitəmkar rejim tərəfindən zəhərlənmiş və şəhadətə çatmışdır. İmam Samirra şəhərində atası ilə yanaşı dəfn olunmuşdur. İmam Həsən Əskəri (ə) Bəni Abbas hökumətinin göstərişi ilə 4 yaşında olarkən atası ilə birlikdə Mədinədən İraqın Samirra şəhərinə köçürülmüşdür. Onlar həmin şəhərdə nəzarət altında saxlanılmışlar. İmam Bəni Abbas qoşununun nəzarəti altında saxlandığından “Əskəri” ləqəbi ilə çağırılmışdır. “Əskər” dedikdə ərəb dilində qoşun mənası nəzərdə tutulur. İmam dəyərli ömrünün bir hissəsini həbsxanada keçirmişdir.
12. İmam Mehdi (ə.c.)
• İmam Mehdi (ə.c.) hicri 255 və ya 256-cı il şəban ayının ortaları Samirra şəhərində dünyaya göz açmışdır. Ona Peyğəmbərin (s) adı qoyulmuşdur. Mehdi, Qaim, Sahibəz- zəman, İmami əsr, Höccət imamın ləqəblərindəndir. Onun atası İmam Həsən Əskəri (ə), anası Nərcis olmuşdur. 260-cı ildə atası dünyasını dəyişənədək imamla bir çox insanlar görüşmüşdür. Görüşə gələnlər bu uşaqda imamət nümunələrini aşkar görürdülər. Atası dünyasını dəyişdikdən sonra imam qeybə çəkilmiş, Bəni Abbas padşahlarının onu öldürmək və həbs etmək cəhdləri boşa çıxmışdır. İmam hazırda sağdır və cahanşümul İslam hökumətinin təsisi üçün zəmin yaranan anda zühur edəcəkdir.
[4532] “Biharul-ənvar”, c. 43, s. 23, hədis 17; “Kənzul-ummal”, c. 12, s. 107-112
[4533] “Biharul-ənvar”, c. 43, s. 19, hədis 2-4; “Kənzul-ummal”, c. 12, s. 111

Nur-az.com


more post like this