İmam Zaman ağa (ə.f) kubra qeybində olmasına baxmayaraq, biz davamçılarına daima tövsiyələr verir və bizi hidayət etməyə çalışır. İmam (ə.f) bəzən bu tövsiyələrini məktublar şəklində bizə çatdırmışdır. Belə ki, Şeyx Tusi “Qeyb” kitabında yazır: “Həqiqətən, səfirlərin seçildiyi dövrdə bir dəstə etimad olunan idi ki, onların əlinə məktublar çatırdı”.
Şeyx Tusi bu kəlamında söyləmək istəyir ki, İmam Zaman ağa (ə.f) suğra qeybində öz yardımçılarına məktub yazırdı ki, bu məktubları sahiblərinə çatdırsınlar. O şəxslərə Əbul Hüseyn Muhəmməd ibni Cəfər Əsədini və Əhməd ibni İshaqı misal göstərmək olar.
Şeyx Səduq, Şeyx Tusi, Əllamə Məclisi öz kitablarında bir fəsli İmamın (ə.f) məktublarına ayırıblar. Bu məktublar bəzən etiqad, fiqh məsələləri haqqında olur ki, İmam (ə.f) öz davamçılarına tövsiyə edir. Məsumlardan (ə) bizə çatan hər bir xəbər nurdur və ona görə də bu tövsiyələrin qədrini bilmək lazımdır.
Həzrət (ə.f) məktubların birində belə buyurur: “Hər biriniz gərək elə bir iş görəsiniz ki, onu (sizi) bizim sevgi və dostluğumuza yaxınlaşdıra bilsin. O şey ki, bizim xoşumuza gəlmir və bizim qəzəbimizə səbəb olur, ondan uzaq olun. Çünki bizim əmrimiz anidən çatar. Bu zaman tövbə və qayıtmağın heç bir faydası olmaz. Onun günahdan peşman olması ona nicat verməz. Allah hidayəti və inkişafı sizə ilham etsin və Öz lütfü ilə sizə rəhmətlərindən bəhrələnmək tofiqi əta etsin”.
İmam (ə.f) bu məktubda öz gözləntilərindən birini bildirir və öz davamçılarından nə istədiyini açıq şəkildə bəyan edir. Yəni, bir Əhli-beyt (ə) davamçısı elə iş görməlidir ki, onu İmamlara (ə) yaxınlaşdıra bilsin və onların bəyənmədiyi hər bir işdən isə uzaq olsun. Bu kimi işlərə namazı əvvəl vaxtda qılmağı, ata və anaya yaxşılıq etməyi, din qardaşlarının probelmlərini həll etməyi, yetimlərə yardım etməyi misal göstərmək olar. İmamı (ə.f) qəzəbləndirə biləcək işlərə isə namazda səhlənkarlıq etməyi, dil günahlarına düçar olmağı, yetimin malını yeməyi, din qardaşlarına qarşı laqeyd olmağı misal göstərmək olar. Bütün bu əməlləri bir cümlədə xülasə edib demək olar ki, möminlər İmamın (ə.f) razılığını əldə etmək və qəzəbindən uzaq olmaq üçün təqvaya riayət etməlidirlər.
İmam Əli (ə) Səlimə belə buyurur: “Bil ki, Allah Təala dünyanı yaxşı və pisə verər. Ancaq sənin indi olduğun vilayəti Allah ancaq seçilmiş xəlqinə verər. Bizim vilayət əmrimizi üç dəstə xəlqdən başqası bilməz: yaxın mələklər, mürsəl peyğəmbər və o bəndə ki, Allah qəlbini iman üçün imtahan etmişdir. Ey Səlim! Bu vilayət əmrinin lazımlı olanı – təqva və əməlisalehlikdir. Çünki bizim vilayətə əməlisalehdən başqası çata bilməz”.
Qədimdə əmr-be-mərif və nəhy-əz-munkər daha çox yayılmışdı, ancaq bu gün iqtisadi məsələlər insanları moizə eşitməkdən sanki məhrum etmişdir. İnsan bir qədər dayanıb təfəkkür etmək istəsə, dünya karvanından geri qalar. Bir çox qəbahətli məsələlər gündəlik həyatımızda artmışdır. Halbuki, yaddan çıxartmışıq ki, bu məsələlər İmamın (ə.f) qəzəbinə səbəb ola bilər.
Misal üçün namazı əvvəl vaxtda qılmağı çoxlarımız tərk etmişik. Ya naməhrəmə baxmaq – istər həyatda və istərsə də televiziya kanallarında – bizim üçün adi olmuşdur. Sileyi-rəhmə çox az diqqət edirik. Valideynlərimizə çox az baş çəkirik.
Cümə günü o Həzrətə (ə.f) aid olan bir gün olduğu üçün heç olmasa cümə günü bu məsələlər haqqında oturub düşünək və həftə ərzində təqvaya nə qədər riayət etdiyimizə nəzər salaq.
Şübhəsiz ki, İmamın (ə.f) zühuru üçün yardım edəcək məsələlərdən biri də təqvaya riayət etməyimizdir. Həqiqətdə biz İmamın (ə.f) razılığını əldə etmək üçün çalışmalıyıq, bu fani dünyada daha çox ruzi qazanmaq deyil.
İmam (ə.f) məktublarının birində belə buyurmuşdur: “Allahın təqvasına riayət edin və bizə, sizə üz verən fitnədən nicat verməyimiz üçün yardım edin”.
Allah Təala bizləri İmamın (ə.f) mübarək buyuruşlarına riayət edənlərdən qərar versin.

Muselman.ws


more post like this