Dini mənbələrdə İmam Mehdinin (ə) silahdaşları iki təbəqəyə bölünür. Birinci təbəqə İmamın zühurunun lap əvvəlində Ona yardım göstərəcək insanlardan ibarətdir. İkinci təbəqəyə isə sonradan o həzrətə beyət edib Onun bayrağı altında haqq uğrunda döyüşəcək şəxslər aiddir.

 

İmam Mehdinin (ə) birinci təbəqəyə mənsub ən yaxın və sadiq səhabələrinin ümumi sayı 313 nəfər olacaq. Bu, həm də Qurani-kərimdə xatırlanan və Talutun başçılığı altında düşmənlə döyüşə yollanan mömin əsgərlərin sayıdır. Həmçinin, İslam uğrunda aparılmış ilk irimiqyaslı hərbi əməliyyatın – Bədr savaşının müsəlman iştirakçıları da 313 nəfər olmuşlar.

 

İmam Mehdinin (ə) silahdaşlarının böyük əksəriyyətini cavanlar təşkil edəcək. Hətta İmam Əli (ə) buyurub ki, onların arasında ahılların sayı gözə çəkilən sürmə və yeməyə tökülən duz qədər az olacaq. Bu şəxslərin hər biri imanın ən yüksək mərtəbəsinə malik, cəsur və qüvvətlidir. Hədislərdə onların hər birində 40 nəfərin gücü toplandığı, aslan kimi qorxusuz, kölə kimi İmam Mehdiyə (ə) sadiq olacaqları, yalnız şəhadət arzusu ilə yaşayacaqları, İmam Hüseynin (ə) intiqamını almaq şüarı ilə çıxış edəcəkləri, gecələr yatmayıb ibadətlə məşğul olacaqları bildirilir. Bəzi rəvayətlərdə deyilir ki, onlar bir-birini bundan əvvəl tanımadıqları halda, Allahın əmri ilə enyi vaxtda möcüzəvi şəkildə öz ölkələrindən hərəkət edib Məkkəyə toplaşacaqlar. İmam Əli (ə) İslam Peyğəmbərinə istinadən buyurmuşdur ki, Mehdinin (ə) silahdaşları bir göz qırpımında dünyanın şərqindən və qərbindən gəlib o həzrətə qoşulacaqlar. Onların sayı tamam olandan sonra İmam Kəbənin yanında öz zühurunu elan edəcək və öz müqəddəs missiyasının icrasına başlayacaq. Rəvayətlərin bir qismində İmamın səhabələrindən 13 və ya 50 nəfərin qadın olacağı da deyilir.

 

İmamın əksər səhabələrinin əcəm (qeyri-ərəb millətlərindən) olacağı xəbər verilir. Hətta İbn Ərəbi “əl-Fütuhatül-Məkkiyyə” əsərində onların hamısının qeyri-ərəb olduqlarını, amma ərəb dilində danışacaqlarını iddia edir ki, bu da İmamın səhabələri arasında Ərəbistan, İraq, Yəmən, Bəhreyn, Oman, Şam, Misir əsilli şəxslərin olduğunu bildirən hədislərlə ziddiyyət təşkil edir. 313 nəfər müsəlman Şərqinin müxtəlif şəhərlərinə mənsubdur. Elə şəhərlər var ki, oradan cəmi bir nəfər çıxacaq. Bəzi şəhərlərin isə bir neçə (hətta onlarla) sakini bu dəstəyə aid olacaq. Hindistan, Orta Asiya, Afrika əsilli insanlar da bu cərgədə yer tutacaqlar. Hətta onların arasında Qərb (Firəngistan və Əndəlus) müsəlmanlarının da olacağına işarələr vardır. Səhabələrin xeyli hissəsi də İran şəhərlərinə mənsubdur.

 

Bu şəxslərin bəzilərinin kimliyi hədislərdə açıq şəkildə göstərilir. Məsələn, dörd peyğəmbərin – Həzrət İsa, İdris, Xızr və İlyasın (ə) İmam Mehdiyə (ə) yardım göstərəcəkləri və keçmişdə yaşamış daha 27 nəfər müqəddəsin ilahi əmrlə dirilib o həzrətə qoşulacağı bildirilir. Həmin 27 nəfər bunlardan ibarətdir: 7 nəfər əshabi-kəhf, Həzrət Musa Peyğəmbərin (ə) qövmündən ədalətlə hökm vermiş 15 nəfər mömin, Həzrət Musanın (ə) canişini Yuşə ibn Nun, fironun qövmündən iman gətirmiş mömin, Salmani-farsi, səhabə Əbu Dücanə və Malik Əştər (Biharül-ənvar, 52-ci cild, səh. 346; Təfsiri-Əyyaşi, II, 32).

 

On ikinci İmamın silahdaşlarının adı, vətəni və hər coğrafi məkandan neçə nəfərin çıxacağı barədə məlumatlar rəvayətlərdə fərqlənir. Bu barədə bir neçə hədis vardır ki, onların hamısının sənədi Həzrət Əliyə (ə) gedib-çıxır. Bu rəvayətlərin fərqli variantları aşağıdakı kitablarda öz əksini tapmışdır: Şeyx Əli Yəzdi Hairi. İlzamün-nasib fi isbatil-hüccətil-ğaib, II, 178-232; Seyyid ibn Tavus. Əl-Məlahim vəl-fitən, səh. 288-294, 376-378; İbn Cərir Təbəriye-səğir. Əd-Dəlail-ül-İmamə, səh. 556-560; Mir Mühəmməd Sadiq Xatunabadi. Kəşfül-həqq, səh. 186; Seyyid Mühəmməd Kazim Qəzvini. İmam Mehdi əz vəladət ta zühur; Şeyx Mühəmməd ibn Hübbətullah Trablisi. Əl-Fərəcül-kəbir fil-ğeybə və s.

 

İmam Mehdinin (ə) 313 nəfər səhabəsi arasında həm Cənubi, həm də Şimali Azərbaycandan onlarla şəxsin olacağı şübhəsizdir. Cənubi Azərbaycana aid olan Xunəc şəhərindən iki, Ərdəbildən bir, Marağadan bir (digər rəvayətə görə üç), Səlmasdan bir, Xoy şəhərindən bir, Təbriz yaxınlığındakı Cabrəvan məntəqəsindən üç nəfər, əhalisinin böyük hissəsini azərbaycanlılar təşkil edən Həmədandan iki, Qəzvindən səkkiz nəfər İmamın qoşununda yer tutacaq. Yuxarıda adını çəkdiyimiz mənbələrdə xatırlanan və Cabir ibn Abdullahın İmam Əlidən (ə) rəvayət etdiyi hədisdə də Azərbaycandan 3 nəfərin çıxacağı bildirilir. O zamanlar Azərbaycan ərazisi şimallı-cənublu vahid anlamda qəbul edildiyi üçün bu üç nəfərin Şimali yoxsa Cənubi Azərbaycana mənsubluğunu qəti şəkildə söyləyə bilmərik. İmam Mühəmməd Baqir (ə) də Həzrət Mehdinin (ə) qiyamında azərbaycanlıların xüsusi rolunu vurğulayaraq buyurmuşdu: “Azərbaycandan elə bir alov qalxacaq ki, onun qarşısında heç nə davam gətirə bilməyəcək” (Nömani. Kitabül-ğeybə, səh. 170; Kamil Süleyman. Yövmül-xilas, səh. 239). İmam Baqir (ə) axirəz-zamanda Həzrət Mehdinin (ə) zühuru üçün hazırlıq rolunu oynayacaq qiyamın Azərbaycanda başlayacağını bildirir və bu zaman bir qədər gözləməyi, Mehdinin (ə) zühur əlamətləri sübuta yetdikdən sonra mübarizəyə qoşulmağı tövsiyə edirdi. Qeyd edək ki, bəzi hədislərdə İmamın səhabələrinin hər birinin ayrı-ayrılıqda adı çəkilir və vətəni xatırlanır.

 

İmam Mehdinin (ə) silahdaşları sırasında Babül-əbvab Dərbəndə və Tiflisə mənsub şəxslərin də adına rast gəlirik. Rəvayətlərdə Ərməniyyə vilayətindən bir və ya iki nəfərin İmama qoşulacağı xəbər verilir. Məlum olduğu kimi, o zamanlar Ərməniyyə deyərkən Ermənistan, və ya ermənilər yaşayan ərazi olaraq nəzərdə tutulmurdu, bu adla müasir Azərbaycan torpaqlarının bir hissəsi və əlavə ərazilər (indiki Gürcüstan, Ermənistan, Dağıstan) nəzərdə tutulurdu. Ərməniyyə müsəlman xilafətinin iri inzibati əyalətlərindən biri idi. Bəzi mənbələrdə Dərbənddən Həmədana kimi uzanan torpaqlar Azərbaycan, Arran və Ərməniyyə adlı üç hissəyə bölünür, bəzən isə ümumiləşdirilərək ya hamısı Azərbaycan, ya da Ərməniyyə adlandırılırdı.

 

Seyyid ibn Tavusun “Əl-Məlahim vəl-fitən” kitabında (səh. 294) Əsbəğ ibn Nübatənin İmam Əli ibn Əbu Talibdən (ə) rəvayət etdiyi hədisdə İmam Mehdinin (ə) silahdaşlarından birinin də Şirvandan olacağı göstərilir. Həmçinin, bəzi mənbələr 313 nəfərdən birinin Bərdədən çıxacağına işarə edir. Qədim Azərbaycan şəhəri Bərdə (ərəb mənbələrində Bərzəə adlanır) Arran vilayətinin paytaxtı idi və bəzən bütün Arran (Şimali Azərbaycan) torpaqlarını Bərdə adlandırırdılar. İbn Cərir Təbərinin (onu məşhur tarix və təfsir müəllifi Təbəri ilə qarışdırmayın; bu, daha sonralar yaşamış alimdir) “Dəlailül-İmamə” kitabında İmam Mehdinin (ə) səhabələrindən birinin də Muğan bölgəsinə aid olacağı yazılıb (səh. 557). Həm Şimali, həm də Cənubi Azərbaycanda Muğan məntəqəsi olduğu üçün burada da hansının qəsd edildiyi tam aydın deyil.

 

http://sualcavab.ge

 


more post like this