Cavab: Bu nəzəriyyənin tərəfdarları öz baxışlarını belə əsaslandırırlar:
Şiə imamlarının hər biri öz ilahi vəzifələri ilə tanış olarkən vəzifələrinin şəhadətlə başa çatdığını görürlər. [4684]
İmam Hüseyn (ə) öz tarixçəsini açarkən belə bir vəzifə ilə üzləşdi: “Vuruş, öldur və bil ki, öldürüləcəksən. Bir dəstə ilə öz diyarından şəhadət üçün çıx və bil ki, onlar yalnız səninlə birgə şəhadətə çatacaqlar.” (“Üsule-kafi”, c2. s.28)
Buna görə də elə əvvəlcədən Allahın istəyi İmamın (ə) şəhadəti olub və imam Allahın iradəsindən çıxa bilməyib. İraqa üz tutmamışdan qabaq yuxuda həzrət Peyğəmbər (s) Allahın istəyini Hüseynə (ə) bildirir. Məhəmməd Hənəfiyyə imamdan Kufəyə hərəkətinin səbəbini soruşduqda imam gördüyü yuxunu ona danışır.
Bu nəzəriyyəyə görə, İmamın (ə) Kufəyə doğru hərəkətdə məqsədi şəhadətdir. Bu baxış İmamın (ə) nə üçün böyük şəxsiyyətlərin məsləhətlərinə qulaq asmadığını aydınlaşdırır. İmam Hüseyn (ə) Kufə əhlini hamıdan yaxşı tanıyırdı. İmam onlar tərəfindən şəhadətə yetiriləcəyini bilərək, öz qurbangahına doğru gedirdi.
Amma bu şəhadətin məqsədi haqqında uyğun nəzər sahibləri arasında fikir ayrılığı var. Bəziləri bu şəhadəti insanların hidayəti (əmr be məruf və nəhy əz münkər) yolunda atılmış addım, İslam ağacının qanla suvarılması kimi dəyərləndirirlər. Bu qan hesabına İslam möhkəmləndi, Yezid (Bəni Üməyyə) rüsvay oldu, yetmiş il sonra bu dövlət süquta uğradı.
Hissə qapılan digər bir qrup isə belə hesab edir ki, bu şəhadətin məqsədi bir növ Hüseyn (ə) ardıcıllarının günahlarının kəffarəsi, imamın öz şiələrinə şəfaətidir. Xristianlar da İsanın öldürülməsini eynən belə yozurlar.
İmamın Kufəyə üz tutmasında məqsədin şəhadət olması nəzərinə bəzi iradlar da var:
Belə bir məqsəd məsum imamların ideal olması ilə uyğun gəlmir. İmam Hüseyn (ə) buyurur: “Mən sizin üçün nümunəyəm”. [4685]
Həzrət Peyğəmbərin (s), əvvəlki imamların bu şəhadət barəsindəki sözlərini, eləcə də imamın öz şəhadətindən xəbərdarlığını qəbul etmək olar. Amma şəhadətin əvvəlcədən bilinməsi onun əsas məqsəd olması demək deyil. İmam Hüseyn (ə) qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətnaməsində deyir: “Mənim qiyamımda məqsəd babamın ümmətinin islahıdır. Əmr be məruf və nəhy əz münkər etmək qəsdindəyəm. İstəyirəm babam Peyğəmbərin (s) və atam Əli ibn Əbu-Talibin yoluna əməl edəm.” [4686] Vəsiyyətnamədə sadalanan hədəflər arasında şəhadətdən danışılmadığı göz qabağındadır.
Nur-az.com


more post like this