İmam Hüseynin (ə) mübarək başının harada dəfn olunması haqqında müxtəlif fikirlər var. Kərbəla, Nəcəf, Kufə, Mədinə, Şam, Rəqqə, Misir həzrətin başının dəfn olunmasının ehtimal edildiyi yerlərdir.

Onun Kərbəlada dəfn olunması şiə alimlərinin nəzərincə ən düzgün fikirdir. Əllamə Məclisi bu baxışı təsdiq edən rəvayətlər nəql edir. Şeyx Səduq İmam Hüseynin (ə) bacısı Fatimənin dilindən nəql edir ki, İmamın başı Kərbəlada bədəni olan qəbirdə dəfn olundu. Seyyid ibn Tavus və bəzi başqa alimlər belə hesab edirlər ki, İmamın başının bədəni ilə dəfni ilahi möcüzə şəklində baş verdi. O, bu işin necə baş verməsi haqqında sorğuya icazə vermir.

Bəzi alimlərin fikrincə, İmamın qırxı günü (ərbəin) geri qayıdan İmam Səccad (ə) İmamın başını Kərbəlada onun bədəninin yanında dəfn etdi. Başın bədən olan qəbirdə və ya onun kənarında dəfn olunması məlum deyil.

Bəzi mənbələrdə bildirilir ki, kəsilmiş baş üç gün Dəməşq darvazasında asıldıqdan sonra onu endirib, Süleyman ibn Əbdülməlikin zamanınadək xüsusi bir yerdə saxladılar. Süleyman İmamın mübarək başını Dəməşq qəbiristanında dəfn etdi. Onun canişini Ömər ibn Əbdüləziz yenidən dəfn olunmuş başı qəbirdən çıxartdı. Şəriətə zahirən ehtiram göstərən Ömər ibn Əbdüləziz, güman ki, başı Kərbəlaya göndərmişdir. Sünni alimləri arasında da İmamın başının Kərbəlada dəfn olunduğunu söyləyənlər var.

http://sualcavab.ge

 

 

 

 


more post like this