Cavab: Aşura gününün birinci yarısında köməkçiləri, ailəsi və özü susuzluqdan əzab çəkən İmamın (ə) düşməndən su istəməsi haqqında mö`təbər mənbələrdə heç bir mə`lumat yoxdur. Susuzluq mövzusu məddahların təsvir etdiyi səviyyədə heç bir mənbə`də göstərilməyib. İmamın (ə) Aşura günü oxuduğu şe`rlər, dilindən qopan sözlər misilsiz izzət və şərəfi təcəssüm etdirir. İmamın (ə) məşhur bir bəyanına nəzər salmaqla hər şey aydın olur: “Agah olun ki, zinazadə oğlu zinazadə (İbn Ziyad) bizi iki yol arasında qoydu. Ya siyrilmiş qılıncla döyüşə girməli, ya da Yezidə bey`ət etməklə zillət libasına bürünməliyik. Amma zillət bizdən çox uzaqdır. Allah, Onun rəsulu, mö`minlər, pak ağuşda böyüyənlər və qeyrətli kişilər rəva bilməzlər ki, biz alçaq adamlara itaəti izzətli ölümdən üstün tutaq”.

Bə`zi əzadarlıq məclislərində İmam Hüseyn (ə) inqilabının izzət və şərafəti sönük təsvir olunur. Sanki insanlarda İmamın halına acımaq hissi təlqin edilir. İnsanları həyəcanlandırmaq üçün həqiqətə uyğun olmayan səhnələr canlandırılır.

Bu sayaq əsassız və yalan mə`lumatlara bir misal çəkək: “İmam (ə) ibn Sə`din yanına gedib üç şey istədi. Onun ikinci istəyi bu oldu: “Mənə bir az su verin, ciyərim susuzluqdan yanır” İbn Sə`d İmamın istəyini alçaqcasına rədd etdi.”

Bəli, belə sözlər daşı da ağlatmağa qadir olsa, İmamın izzət və şərəfinə zərbə vurur.

http://sualcavab.ge


more post like this