Həzrət Səmanə (ə) Məğrib əhlindən idi. O, Allahın izni ilə məğrib karvanıyla Mədinəyə gəlmiş, orada Muhəmməd ibn Fərəcin vasitəsi ilə imam Cavadın (ə) evinə gedərək o Həzrətin (ə) həyat yoldaşı olmuşdu. Bu qadın mənəvi fəzilətlər və kamal yolunda o qədər üstün idi ki, onu Seyyidə və Ummul-Fəzl (fəzilətlər anası) adlandırırdılar. Həzrət Səmanə (ə) öz dövründə zöhd və pəhrizkarlıqda misilsiz idi. O, ilin çox günlərini müstəhəb oruc tutardı.
İmam Cavad (ə) onun şəninə belə buyurub: “Onun adı Səmanədir. O, məni həqiqətən tanıyır. O, behişt qadınlarındandır. Tüğyankar şeytan ona yaxın gəlmir. İnadkar zalımların hiyləsi ondan uzaqdır. O, heç vaxt yatmayan Tanrının lütf və mərhəməti altındadır”.

Böyük alim Seyyid Murtəza “Uyunul-mucizat” kitabında Həzrət Səmanənin şənindən belə yazıb: “O, Allaha ibadət edərkən təvazökarlıq və acizliyin son həddində olardı və Allahla çox sıx bağlılığı vardı”. (“Rəyahinuş-şəriət”, c.3, səh.23; “Muntəxəbut-təvarix”, səh.789)

İman nuru cilvələnir bu canda,
Mustafa qanunu yaşayır onda.
Çöhrəsi günəşdir şərəf şəfəqli,
Qəlbi vaqif, Ummul-kitab hədəfli.
İmamət tacıyla başı ucalmış,
Önündə mələklər diz üstə qalmış.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this