Həzrət Süsən (ə) adlı-sanlı tayfada doğulmuş, çox hörmətli və savadlı bir xanım idi. O xanım Allahın izni ilə Mədinəyə gələrək imam Hadinin (ə) həyat yoldaşı olmaq şərəfinə layiq oldu. O, Süsən, (“Kəşful-ğəmmə”, c.3, səh.271; Əyanuş-şiə, c.2, səh.40) Səlil və Hüdeys (“Bihar”, c.50, səh.236) kimi müxtəlif adlarla tanınırdı. Onu imam Hadinin (ə) yanına gətirəndə və imam Hadinin (ə) həyat yoldaşı olanda, Həzrət (ə) onun şənində belə buyurdu: “Səlil pislikdən, nöqsandan, çirkin xüsusiyyətlərdən və napaklıqdan uzaqdır”. (“İsbatul-vəsiyyət”, “Rəyahinuş-şəriət”ə uyğun nəql olunubdur, c.3, səh.24)

Onu kiçik qeyb dövründə “Cəddə” (Qaim İmamın nənəsi) çağırırdılar. Bir gün imam Həsən Əsgəri (ə) anası Süsənə (ə) buyurdu: “260-cı ildə mənə müsibət üz verəcək. Həmin ildə mənim dünyadan getməyim ehtimal olunur”.

Həzrət Süsən (ə) narahat olub ağladı. İmam Həsən Əsgəri (ə) anasına dedi: “Narahat olma! Şübhəsiz İlahi təqdir baş verməlidir”.

İmam Həsən Əsgəri (ə) dövri diktatorun əmri ilə Samirra şəhərinə (İraq) sürgün olunmuşdu. 260-cı ildə Həzrət Süsən (ə) həcc əməllərini yerinə yetirmək üçün Mədinədən Məkkəyə getdi. Mədinəyə qayıdanda hər gün İraqdan gələn xəbərlərlə maraqlanırdı. Ona oğlu imam Həsən Əsgərinin (ə) Samirrada dünyadan getməsi xəbərini çatdırdılar. Samirraya gələndə Cəfər Kəzzabın (imam Hadinin oğlu, imam Həsən Əsgərinin qardaşı) yalandan imam Həsən Əsgərinin (ə) irsinə iddia etdiyini gördü. Ona etiraz edərək buyurdu: “İmam Həsənin (ə) vəsisi mənəm”.

Sonra Həzrət Süsən (ə) həmin dövrün qazisi Əbu Şəvaribin yanında oğlu imam Həsən (ə) tərəfindən özünün vəsi olmasını isbat etdi. (“İsbatul-vəsiyyət”, “Rəyahinuş-şəriət”ə uyğun nəql olunubdur, c.3, səh.25) Böyük alim Şeyx Səduq nəql edir ki, imam Zaman Həzrət Məhdi (ə) zahir oldu və öz cəddəsinin (nənəsinin) haqqını Cəfər Kəzzabın müqabilində müdafiə etdi. Cəfər mat-məəttəl qaldı. Daha sonra yazır: “İmam Həsən Əsgərinin (ə) anası (Həzrət Süsən) vəsiyyət etdi ki, dünyadan gedəndə məni ərim imam Hadinin (ə) və oğlum imam Həsən Əsgərinin (ə) qəbrinin yanında (Samirra şəhərində) torpağa tapşırarsınız”.

Xanım dünyadan getdikdən sonra, onu orada dəfn etmək istəyəndə, Cəfər Kəzzab mane olaraq dedi: “Bu mənim evimdir. Heç kəsin burada dəfn olunmağa icazəsi yoxdur”.
Bu zaman Həzrət imam Zaman (ə) zahir oldu və Cəfərə dedi: “Ey Cəfər! Bu sənin evindir, yoxsa mənim?”

Beləliklə, imam Zaman (ə) öz nənəsi Süsənin (ə) haqqını müdafiə etdi və sonra qeybə çəkildi. (“İkmaluddin”, Səduq, “Rəyahinuş-şəriət”ə uyğun nəql olunub, c.3, səh.24-25; Bütün İmamların (ə) analarının məzarları Mədinədə yerləşir, lakin Həzrət Süsənin qəbri Samirra şəhərində imam Həsən Əsgərinin (ə) qəbri kənarındadır.)

Həzrət Süsənin (ə) imam Zamanla (ə) camaat arasındakı vasitəçiliyi

Həzrət Süsənin (ə) yüksək məqamını bəyan edən faktlardan biri də budur ki, imam Həsən Əsgəri (ə) şəhid olanda imam Zamanın (ə) bibisi, imam Cavadın (ə) qızı Həkimə xanımdan (ə) soruşdular ki, “şiələr kimə pənah aparsınlar və kimə müraciət etsinlər?
O, cavabında dedi: “Cəddəyə (yəni Həzrət Süsənə), imam Həsən Əsgərinin (ə) anasına müraciət etsinlər”.

Şeyx Səduq bu mətləbi nəql etdikdən sonra yazır: “Bu cümlə onun (Süsənin) şərafətinin, kamal və məqamının əzəmətini sonsuz həddə bəyan edir. Bu qadın o ümmətlə sirlərini daşımaq ləyaqətini qazanmışdı”. (“İkmaluddin”, Səduq, “Rəyahinuş-şəriət”ə uyğun nəql olunub, c.3, səh.24-25)
Xülasə: Bu məqalə imam Həsən Əsgərinin (ə) anası Həzrət Süsənin (ə) şəni və məqamı barəsindədir.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir!


more post like this