Əmir əl-Möminin Əlinin (ə) topladığı müshəfin digər müshəflərdə olmayan xüsusiyyətləri var idi. Birincisi, bu müshəfdə ayə və surələrin nazil olduğu kimi dəqiq ardıcıllığına riayət olunmuş, Məkkə surələri, Mədinə surələrindən öncə verilmişdir. Burada ayələrin enişinin tarixi axarı və mərhələləri tam olaraq məlum idi. Beləcə şəriət hökmlərinin xronologiyası, xüsusilə Quranda nasix və mənsux məsələsi tam başa düşülürdü.

İkincisi, burada ayələrin oxu variant (qiraəti) ən orijinal variant, Peyğəmbər (s) qiraəti əsasında verilmişdi. Buna görə də ayələrin məzmununu başa düşmək, düzgün təfsir əldə etmək yolu açıq idi. Bu məsələ çox böyük əhəmiyyətə malik idi. Çünki bir çox hallarda qiraət ixtilafı təfsirçilərin yanılmasına gətirib çıxarır ki, bu müshəfdə bu növ yanılma amilləri yox idi.
Üçüncüsü, bu müshəf tənzil və təvili əks etdirirdi. Yəni müshəfin haşiyəsində ayə və surələrin nazil olmasına səbəb olan hadisələr haqqında məlumat verilirdi. Bu çıxarışlar Quranın mənalarını başa düşmək, bir çox anlaşılmazlıqların aradan qalxması üçün ən yaxşı yol idi. Haşiyələrdə nazilolma səbəblərindən başqa təvillər də verilmişdi. Bu təvillər ayələrdən ümumi və əhatəli çıxarışlar idi və ayələrin anlaşılmasına çox böyük göstərirdi. Həzrət Əli (ə) özü buyurur: “Sizə elə bir kitab gəlmişdir ki, həm tənzili, həm də təvili əhatə edir”.[1] Həmçinin buyurur: “Peyğəmbərə (s) elə bir ayə nazil olmadı ki, mənə oxumasın, mən onu öz xəttimlə yazmayım və hər ayənin təfsirini, təvilini, nasixini, mənsuxunu, möhkəmini, mütəşabihini mənə öyrətməsin. O, (s) mənim üçün dua etdi ki, Allah onu (Quranı) başa düşməyi, yadda saxlamağı mənə inayət etsin. O gündən bu günədək heç bir ayəni unutmamışam, mənə öyrətdiyi, yazdığım heç bir biliyi əldən verməmişəm”.[2] Demək, əgər Peyğəmbərdən (s) sonra ayələrin dəqiq izahını, təfsir və anlamını əks etdirən bu müshəf müsbət qarşılansaydı, bu gün bir çox Quranın anlaşılması problemləri aradan qalxmış olardı.

İMAM ƏLİ (Ə) MÜSHƏFİNİN AQİBƏTİ

Əmr əl-Möminin Əlinin (ə) xüsusi səhabələrindən olan Süleym ibn Qeys Hilali (vəfat-90) Salman Farsidən nəql edir: “Əli (ə) xalqın ona qarşı sevgisizliyini hiss etdi. Evdə oturdu və Quranı tam toplamayınca evdən qırağa çıxmadı. Həzrət (ə) Quranı toplamazdan öncə o, kağız parçaları, nazik taxtalar və vərəqələr üzərində dağınıq şəkildə yazılmışdı”. Yəqubinin rəvayətinə görə həzrət (ə) işi bitirdikdən sonra onu dəvəyə yükləyib məscidə gətirdi. Camaat Əbu Bəkrin başına toplaşmışdı. O, camaata dedi: “Peyğəmbərin (s) vəfatından indiyədək Quranı toplamaqla məşğul idim. Onu bu parça üzərində toplamışam. Peyğəmbərə (s) nazil olunanların hamısını toplamışam. Elə bir ayə yoxdur ki, Peyğəmbər (s) onu mənə oxumasın, təfsir və təvilini öyrətməsin. Məbada sabah deyəsiniz ki, ondan xəbərimiz olmayıb”. Bu zaman qəbilə başçılarından biri ayağa durub, Əlinin (ə) yazılarına baxıb dedi: “Gətirdiklərinə ehtiyac yoxdur. Bizdə olan bizə kifayətdir”. Əli (ə) dedi: “Artıq, heç bir zaman onu görməyəcəksiniz”. Sonra öz evinə daxil oldu və bundan sonra kimsə onu (müshəfi) görmədi.1
Osman dönəmində səhabələrin və tərəfdarlarının müshəfləri arasında ciddi ixtilaf baş verdi. Təlhə ibn Zübeyr Əmir əl-Mömininə (ə) dedi: “Yadındadı, bir gün müshəfini camaata verdin, qəbul etmədilər? Bu gün onu gətirsən nə olar? Bəlkə ixtilaf aradan qalxar”. Həzrət (ə) cavabdan yayındı. Təlhə öz sualını təkrar etdi. Həzrət (ə) buyurdu: “Bilərəkdən cavabdan yayındım. Bu gün camaatın əlindəki Quran bütöv Qurandırmı? Yoxsa Qurandan başqa bir mətn də daxil edilmişdir? Təlhə dedi: “Əlbəttə ki, bütöv Qurandır”. Həzrət (ə) buyurdu: “İndi ki, belədir, onu əsas götürsəniz, ona əməl etsəniz nicat tapacaqsınız”. Təlhə dedi: “Əgər belədirsə, demək, (hazırki Quran) bizə kifayətdir?” Və artıq bir şey demədi.2 Həzrət (ə) bu cavabla vəhdəti qorumaqdan əlavə Quranın mətinliyini, səbatını qorumağa çalışdı.

[1] Bəlaği, Məhəmməd Cavad, “Ali ər-Rəhman”, c. 1, səh. 257.

[2] “Təfsiri-Bürhan”, c. 1, səh. 16, say: 257.

1 “Əs-Səqifə”, səh. 82.

2 Yenə orada, səh. 124.

islammektebi.org


more post like this