Biz inanırıq ki, İmamət üsuli–dinin ayrılmaz bir hissəsidir və iman yalnız İmamətə etiqad bəsləyəndən sonra kamil olar. Bu barədə heç kəsə–nə qədər böyük şəxsiyyətli olsa da belə–ata-babalara, qohum-əqrəbaya, sair mö”minlərə təqlid etmək əsla caiz deyildir, əksinə, tovhid və nübüvvət bəhsində qeyd olunduğu kimi, şəxsi etiqada əsaslanmalıdır.
Əgər İmamət üsuli-dindən hesab olunmazsa, yenə də onda təqlid etmək caiz deyildir. Amma başqa bir cəhətdən–vacibi şərivəzifələrin yerinə yetirilməsində qəti yəqinlik tapmağın vacib olduğu üçün ona etiqad bəsləmək lazımdır.
Bizim hamımız bir tərəfdən Müqəddəs Şəriət Sahibi tərəfindən müəyyən vəzifələri, göstərişləri yerinə yetirməyə vəzifəliyik. Digər tərəfdən də, o vəzifələrin hamısı bizim üçün aydın deyildir. Belə olan halda elə bir kəsin ardınca getməliyik ki, onun dediklərinə əsasən, vəzifəmizin düzgün surətdə yerinə yetirildiyinə, şəriməs”uliyyətin boynumuzdan götürüldüyünə yəqinimiz olsun. Tabe olmalı olduğumuz belə bir şəxs İmamiyyə şiəsinin əqidəsinə görə, “İmam”, başqalarının əqidəsinə görə isə hər hansı başqa şəxslərdir.
Həmçinin, bizim əqidəmizə görə, İmamət də nübüvvət kimi ilahi lütfdür. Deməli, hər zamanda bir İmam olmalıdır ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in canişini olub insanları hidayət etsin, onları dünya və axirət səadətinə doğru istiqamətləndirsin. Bu İmam elə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in insanlar üzərində malik olduğu ümumi vilayətə malik olmalıdır ki, özünün son dərəcə idarəçiliyi ilə cəmiyyətin məsləhətini və ümumi işlərini lazımınca idarə etsin, onların arasında ədaləti bərqərar etsin, zülmü və haqsızlığı aradan qaldırıb kökünü kəssin.
Bu hesabla, İmamət nübüvvətin bir növ davamıdır. peyğəmbərlərin seçilib göndərilməsindəki dəlillər elə Peyğəmbərdən sonra İmamın təyin olunmasında da gətirilir.
Məhz buna görə bizim etiqadımız budur ki, İmamət mənsəbi və məqamı Allah tərəfindən və Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in, yaxud hər hansı (özündən öncə olan) İmamın dili ilə təyin olunmalıdır. Bu iş heç camaatın seçməsi ilə ola bilməz. Camaatın istədikləri şəxsi İmamətə seçmək, yaxud İmamətdən çıxarıb, nəticədə İmamsız keçinməyə haqqı yoxdur. Əksinə, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən gələn mö”təbər hədisdə buyurulur ki:
“Hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, cahiliyyət dövründə ölən adamlar kimi ölmüşdür.”
Deməli heç bir zamanda caiz deyildir ki, yer üzü itaəti vacib olan və Allah tərəfindən təyin edilən İmamdan xali qalsın–istər insanlar onun İmaməttini qəbul easinlər, istərsə də etməsinlər; istər (dini işlərdə) ona köömək etsinlər, istərsə də kömək etməsinlər; istər ona tabe olsunlar, istərsə də tabe olmasınlar; istər gözlərdən qeybdə olsun, istərsə də aşkarda.
Çünki, Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in “Sur” mağarasında, yaxud “Əbutalib” dərəsində gizlənməsi səhih olduğu kimi, İmamın da qeybdə olmasının heç bir eybi, iradı yoxdur. Əqlən İmamın uzun müddət, yaxud qısa müddət qeybdə olmasının heç bir fərqi yoxdur.
Allah-Taala Quranda buyurur:
“Hər bir qövm üçün bir hidayətçi, rəhbər (İmam) vardır.”
Yenə buyurur:
“Heç bir ümmət yoxdur ki, onlar üçün (günah əməllərin nəticələrindən və Haqqa itaət etməməyin nəticəsi olan ilahi əzabdan) bir qorxudan şəxs gəlməsin.”


more post like this