İMAMƏT BƏHSLƏRİ NƏ VAXTDAN BAŞLANDI?

 

İslam peyğəmbərindən sonra canişinlik məsələsi ilə bağlı mübahisə yarananda bir qrup Peyğəmbərin (s) özünə canişin tə’yin etmədiyini və bu işi ümmətin öz öhdəsinə qoyduğunu iddia etdi. Dedilər ki, ümmət bir yerə toplaşıb, öz aralarından bir nəfəri rəhbər seçməlidir. Həmin şəxs hökuməti idarə etməli, xalqın nümayəndəsi olaraq rəhbərlik vəzifəsini yerinə yetirməlidir. Hərçənd, İslam tarixində belə bir seçki əsla baş vermədi. Xəlifəliklə bağlı ilk mərhələ yalnız səhabədən təşkil olunan kiçik bir dəstənin tə’yini, ikinci mərhələ səsvermə, üçüncü mərhələ isə altı nəfərdən ibarət bir şura vasitəsilə başa çatdı. Bu növ təfəkkür tərzinin tərəfdarları “əhli-sünnə” adlanırlar.

Bu fikrə müxalif qrupun əqidəsincə, Peyğəmbərin (s) canişini Allah tərəfindən tə’yin olunmalıdır. Çünki o, ümmətin maddi və mə’nəvi rəhbərliyini öhdəsinə götürmək, İslamın əsaslarını qorumaq, dini yaşatmaq, şər’i hökm və Qur’anın incəliklərini şərh etmək üçün Peyğəmbər (s) kimi yüksək elmə malik olmalı, günah və xətaya yol verməməlidir. Bu qrup “İmamiyyə”, yaxud “şiə” adlanır. Bu ad Peyğəmbərdən (s) nəql olunan hədislərdən götürülmüşdür. Belə ki, əhli-sünnənin məşhur mənbələrindən sayılan “Əd-durrul-mənsur” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql olunur:

“Biz Peyğəmbərin (s) yanında idik. Bu zaman Əlinin (ə) bizə tərəf gəldiyini gördük. Peyğəmbər (s) buyurdu:

…اِنَّ هذا وَ شِيعَتَهُ لَهُم الْفائِزُونَ يَوْمَ الْقِيامَةِ

“O və onun şiələri qiyamət günü nicat tapacaqlar.” Bu məqamda “İnnəl-ləzinə amənu və əmilus-salihati ulaikə hum xəyrul-bəriyyəh” («Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır») ayəsi nazil oldu.”

(“Əd-durrul-mənsur”, 6-cı cild, səh. 379. (“Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində)

Hicri-qəməri 5-ci əsrin məşhur əhli-sünnə alimi Hakim Nişapuri “Şəvahidut-tənzil” kitabında Peyğəmbəri-əkrəmdən (s) müxtəlif sənədlərlə bu məzmunu ifadə edən iyirmidən artıq rəvayət nəql etmişdir. O cümlədən, İbn Abbasdan belə nəql olunur:

“Həqiqətən, iman gətirib saleh iş görənlər yaradılmışların ən yaxşılarıdır!” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əliyə (ə) buyurdu:

هُوَ اَنْتَ وَ شيعَتَكَ…

“Bu ayədə məqsəd sən və sənin şiələrindir!”

(“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 357.)

Başqa bir hədisdə Əbu Bərzədən nəql olunur ki, Peyğəmbəri-əkrəm (s) bu ayəni tilavət etdikdən sonra buyurdu:

هُمْ اَنْتَ وَ شيعَتَكَ يا عَلِىّ

“Ya Əli! Onlar sən və şiələrindir!”

(“Şəvahidut-tənzil”, 2-ci cild, səh. 359)

Bu hədis əhli-sünnə İbn Həcərin “Əs-səvaiq” və Məhəmməd Şəbləncinin “Nurul-əbsar” kimi mö’təbər kitablarında da qeyd olunmuşdur.( “Əs-səvaiq”, səh. 96 və “Nurul-əbsar”, səh. 70 və 110. Bu hədisin raviləri və onu nəql edən kitablar barəsində əlavə mə’lumat əldə etmək istəyənlər “Ehqaqul-həqq” kitabının 3-cü cildinin 287-ci və 14-cü cildinin 258-ci səhifələrinə müraciət etsinlər)

 

Bu rəvayətlərə əsasən, İmam Əlinin (ə) tərəfdarları və ardıcıllarının adını Peyğəmbəri-əkrəmin (s) özü təyin etmişdir. Bəzilərinin bu ad və ünvandan narahat olub onu pis yad etməsi, “ş” hərfi ilə “şər”, eləcə də, “ş” hərfi ilə başlanan digər pis sözlər kimi nəzərdə tutması təəccüblü deyilmi?!Doğrusu, həmişə məntiqi dəlillər üzərində hərəkət etməyə cəhd göstərən bir tədqiqatçının belə sözlər deməsi maraqlıdır! Halbuki hər bir sözün hərflərini asanlıqla pis və ya yaxşı mənalarda yozmaq olar.

Ümumiyyətlə, şiəliyin yaranışı İslam peyğəmbərinin vəfatından sonraya yox, elə o həzrətin öz zamanına təsadüf edir. Peyğəmbər (s) bu adı İmam Əlinin (ə) dostları və ardıcıllarına aid etmişdir. İslam peyğəmbərini Allahın rəsulu kimi tanıyanlar yaxşı bilirlər ki, (Qur’an ayəsinə əsasən,) o həzrət nəfsani hisslər əsasında danışmır, bütün dedikləri vəhydən qaynaqlanır. Əgər o həzrət “Ya Əli, sən və ardıcılların qiyamət günü nicat tapanlardansınız”, – deyə buyurmuşsa, demək, bu əsl həqiqətdir.

http://sualcavab.ge


more post like this