Həzrət Məsih təbliğ və hidayət məqsədi ilə Bəni-İsrailə doğru göndərildi. Amma Bəni-İsrail bu dəvətə münasibətdə iki dəstəyə bölündü: azlıq ona iman gətirdi, çoxluq küfrə uğradı. Qurani-kərim hər iki dəstə haqqında danışır, onların mövqeyini açıqlayır:

a) Məsihi inkar edənlər: Allah-taala buyurur: “Bəni-İsrailin sənə yönəlmiş zərərinin qarşısını aldığımız vaxt onlara aşkar dəlillər göstərdim. Amma kafirlərdən bir dəstəsi o birilərinə dedilər: “Bunlar yalnız aşkar bir sehrdir.”[1]

Digər bir ayədə oxuyuruq: “Bəni-İsrail kafirləri həzrət Davud və Məryəm oğlu İsanın dili ilə lənətləndi. Çünki, günaha yol verib, həddi aşırdılar. Onlar gördükləri pis işdən bir-birlərini çəkindirmirdilər. Necə də pis iş görürdülər! Onlardan çoxunun kafirləri dost tutduğunu görərsən. Nəfsləri (öncədən) belə pis əməllər göndərdi ki, nəticədə Allahın qəzəbi nazil oldu. Onlar əbədi əzabda qalacaq. Əgər Allaha, peyğəmbərə və ona nazil olana iman gətirsəydilər (kafirlərlə) dostluq yolunu seçməzdilər. Amma onların çoxu fasiqlərdir.”[2] Başqa bir ayədə oxuyuruq: “Ey iman gətirənlər! Alimlərin və rahiblərin çoxu xalqın malını haqsız olaraq yeyir və onları Allahın yolundan çıxarır. Qızıl və gümüşdən xəzinə toplayanlar və Allah yolunda infaq etməyənləri ağrılı əzabla müjdələ.”[3]

Quranda oxuyuruq: “Vay olsun öz əlləri ilə yazıb sonra “Bu Allah tərəfindəndir.”-deyib onu ucuz satanlara. Vay olsun öz əlləri ilə yazdıqlarına görə. Vay olsun bu yolla əldə etdiklərinə görə.”[4]

b) Həzrət Məsihə iman gətirənlər (həvariyyun)

Allah-taala buyurur: “İsa onların kafirliyini hiss edib dedi: “Allaha doğru mənə yardımçı kimdir? Həvarilər dedilər: “Biz Allahın yardımçılarıyıq, Ona iman gətirdik. Sən şahid ol ki, biz təslim olmuşuq.”[5] Başqa bir ayədə buyurulur: “Ey iman gətirənlər! Allaha yardımçı olun. Necə ki, İsa ibn Məryəm həvarilərə “Allah yolunda kimdir mənə yardımçı” dediyi vaxt həvarilər cavab verdilər: “Biz Allahın yardımçılarıyıq.” Bu məqamda Bəni-İsraildən bir dəstəsi iman gətirdi, bir dəstəsi kafir oldu. İman gətirənləri onların düşmənləri qarşısında möhkəmləndirdik, sonda onlar qalib oldu.”[6]

Ayələrdə oxuyuruq: “(Xatırla) Bir zaman həvarilərə vəhy etdik ki, Mənə və Mənim elçimə iman gətirin. Onlar dedilər: “İman gətirdik, şahid ol ki, biz təslim olanlardanıq.”[7]

Səmavi süfrənin nazil olması ilə bağlı istək haqqında bildirilir: “Həmin vaxt həvarilər dedilər: “Ey Məryəm oğlu İsa! Sənin Rəbbin bizə səmadan süfrə nazil edə bilərmi?” O dedi: “Əgər imanlısınızsa Ondan qorxun.” Dedilər: “(Bizim pis fikrimiz yoxdur) Həmin süfrədən yemək istəyirik. Qəlblərimiz isə (sənin peyğəmbərliyinə əmindir. Bilək ki, bizə doğru deyirsən və ona şahid olaq.” İsa ibn Məryəm ərz etdi: “Pərvərdigara! Bizə səmadan süfrə endir, əvvəlimiz və axırımız üçün bir bayram, Səndən nişanə olsun. Bizə ruzi ver, Sən ən üstün ruzi verənsən.” Allah-taala buyurdu: “Mən sizin üçün onu nazil edərəm. Amma hansınız bu işdən sonra kafir olsa onu elə cəzalandıraram ki, cəhənnəm əhlindən bir nəfərini onun kimi cəzalandırmamış olam!” Həzrəti Məsihin ardıcılları haqqında buyurulur: “Heç şübhəsiz, yəhudi və müşrikləri möminlərə ən qatı düşmən görəcəksən; möminlərə “biz məsihiyik” deyənləri ən yaxın dostlar görəcəksən. Çünki onların arasında alimlər, dünyanı tərk edənlər var. Onlar təkəbbür göstərmirlər.”[8]

Əliəsğər Rizvani

[1] Maidə surəsi, ayə 110.

[2] Maidə surəsi, ayə 78-81.

[3] Tövbə surəsi, ayə 34.

[4] Bəqərə surəsi, ayə 79.

[5] Ali İmran surəsi, ayə 52.

[6] Səff surəsi, ayə 14.

[7] Maidə surəsi, ayə 111.

[8] Maidə surəsi, ayə 82.
islammektebi.org


more post like this