İslamın başlanğıc dövründəki müsəlmanlar vəhy mənbəyinin təsir sayəsində qəza-qədər məsələsini düzgün anlamışdılar və onu insanın istək və iradəsinə zidd bilmirdilər. Qeyd olunur ki, fəthlər dövründə ikinci xəlifə Şam sərhəddinə çatdığı vaxt məlum olur ki, Şamda vəba xəstəliyi yayılmışdır. Xəlifənin yaxın adamları ona məsləhət görürlər ki, gəldiyimiz yolla da qayıdaq. Xəlifə də belə düşünürdü. Oradakılardan biri etiraz edərək deyir ki, Allahın təqdirindən qaçırsınızmı?! Xəlifə bu etiraza belə cavab verir: “Mən Allahın hökmü ilə bir taledən o biri taleyə qaçıram.” İştirakçılardan biri xəlifənin dediklərini təsdiqləyərək bildirir: “Peyğəmbər (s) buyurdu: Əgər bir yerdə taun görünsə və siz kənarda olsanız, həmin yerə getməyin; əgər bu xəstəlik sizin olduğunuz yerdə görünsə, həmin yeri tərk etməyin.” (Yəni xəstəlik ərazisini tərk edən şəxs başqalarını da bu xəstəliyə yoluxdura bilər.)
Deyilənlərdən aydın olur ki, qəza-qədərə inanmaq iradə azadığını inkar etmək deyil. Qəza-qədər məsələsi ilə cəbr məsələsi arasında yerlə göy arası fərq var. Əgər bir qrup şərqşünas qəza-qədər etiqadını cəbriliklə (insanın bütün işlərə məcbur olmasını iddia edən məzhəb) eyni tutmuşlarsa, bunun səbəbi onların dərin İslam maarifindən xəbərsizliyidir. İslami inanclar haqqında mühakimə səlahiyyəti yetərli dini biliyə malik olanlara məxsusdur. Alber Male deyir: “İslam ilkin günlərdə yalnız Allahın birliyinə və Məhəmmədin (s) risalətinə inanmaqdan ibarət idi. Sonra İslam filosofları bildirdilər ki, Allah hər kəsin taleyini müəyyənləşdirmişdir və Onun təqdiri dəyişməzdir. Belə bir yol cəbr adlanır.
Qustav Lebon İslamda qəza-qədər və onun cəbr əqidəsi ilə nəticələnməsi haqqında müəyyən söhbətlərdən sonra deyir: “Quranda qəza-qədər haqqında nazil olmuş ayələr bizim müqəddəs kitabda həmin mövzuda dərc olunmuş ayələrdən çox deyil.”
Belə yanlış nəticələrin avropalılar arasında yayılması mərhum Seyyid Cəmaləddin Əsədabadini Parisdə olduğu vaxt xüsusi bir risalə yazmağa vadar etmişdi. Böyük filosof bu risalədə qəza-qədər məsələsinin həqiqi mahiyyətini açıqlamış və onu “Əl-ürvətul-vüsqa” həftəliyində çap etdirmişdir. O bu risalədə yazır: “Bir qrup avropalı elə güman edir ki, qəza-qədərlə cəbrilik etiqadı arasında heç bir fərq yoxdur və insan təqdirə inamı sayəsində havadan asılmış bir lələk kimidir. Bu lələk küləyin əsməsi ilə o yan-bu yana yellənir. Taleyə inam səbəb olur ki, insan öz əməl və rəftarında sükut və danışığında özünü ixtiyar sahibi bilmir. O öz taleyinin sükanını qəzəbli bir qüvvənin əlində bilir. Belə bir etiqada malik olan millət öz təbii qüvvələrindən faydalanmır və öz təlaş mühərrikini düşüncəsindən kənarda görür. Elə bu vəziyyətdə də varlıq aləmindən yoxluğa qədəm qoyur…”


more post like this