“İctihad” sözünün lüğəvi mənası çətin və məşəqqətli bir işi icra etmək üçün ciddi-cəhd göstərmək deməkdir. Hədislərdə “ictihad” kəlməsi qazi və idarəçinin düzgün qərara gəlmək və hökm çıxarmaq üçün bütün gücünü sərf etməsi mənasında işlədilmişdir (Səhihül-Buxari Kitabül-Etisam; XXI bab; Səhihü Müslim, Kitabül-Əqziyə, XV bab).

“İctihad” kəlməsinə hədislərdə verilmiş bu məna daha sonrakı dövrlərdə sözün termin kimi formalaşmasına zəmin yaratmışdır. Fiqh üsulu (İslam hüquq metodologiyası) terminologiyasında ictihad – fəqihin zənnə əsaslanan dini praktik hökmləri cüzi dəlillər vasitəsilə əldə edə bilmək üçün ciddi-cəhd göstərməsidir. Dini dəlillərdən bu hökmləri əldə etmək qabiliyyətinə malik olan (yəni ictihad edə bilən) şəxsə “müctəhid” deyilir. “Müctəhid” sözü ilə “fəqih” və “müfti” sözləri eyni mənanı daşıyır.

İslam dinində hökmlərin əsl mənbəyi Quran və sünnədir. Amma bu iki mənbəyin məhdudluğu, bunun müqabilində qarşıya çıxan məsələ və hadisələrin isə sonsuz sayda olması ictihad etmək zərurətini yaradır. İctihad ənənəsi zamandan və mühitdən asılı olaraq, qarşıya çıxan yeni hadisələrə nəsslərin (Quran və sünnənin) tətbiqində, nəsslərin təfsir olunmasında mühüm rol oynayır. Nəsslərin qanunvericilik xüsusiyyətlərini araşdırmaq, adət və şəraiti müəyyən etmək, yeni hadisələr üçün nəsslərin ruhuna uyğun hökmlər vermək ictihad dairəsinə daxil olan məsələlərdir.

İctihadla əldə edilən hökm alimin öz çalışmaları sayəsində gəldiyi rəyə əsaslandığı üçün qətilik ifadə etmir. Məhz buna görə, həmin hökm hər zaman mübahisə mövzusuna çevrilib yoxlanıla və səhv cəhətləri aşkar edilə bilər. Hər bir ictihad öz dövrünə görə müəyyən şərtlər çərçivəsində doğru və etibarlı sayılır.

Fiqh sahəsində bacarıq sahibi olan, islami elmlərə mükəmməl yiyələnən səmimi və təəssübsüz şəxslərlə iqtisadiyyat, hüquq, sosiologiya, psixologiya, antropologiya, tibb kimi elm sahələrinin mütəxəssislərindən ibarət bir ictihad şurası təşkil olunması da mümkündür. Bu şura müasir problemlərə münasibət bildirərək həll yollarını axtarıb tapa və bəzi hökmlər verə bilər.

İctihadın şərtləri, yəni müctəhid olmaq üçün tələb olunan əsas şərtlər aşağıdakılardan ibarətdir:

1. Ərəb dilini mükəmməl bilmək. Çünki Quranın və sünnənin mətni ərəb dilindədir.

2. Qurani-kərimi bilmək. Müctəhid Qurani-kərimi həm lüğət və şəriət baxımından bilməli, həm də ayələrin növlərini (ümumi ya xüsusi, möhkəm ya mütəşabeh, nasix ya mənsux olduğunu) ayırd etməyi bacarmalıdır.

3. Sünnəni bilmək. Müctəhid sünnənin həm mətnini, həm də sənədini bilməlidir. Xüsusilə, ehkam hədislərinin növlərini (mütəvatir, məşhur, səhih, həsən və zəif kimi dərəcələrini), nasix ya mənsux olduğunu ayırd etməlidir.

4. İcmanı bilmək. Müctəhid qarşılaşdığı və ictihad etdiyi məsələlərdə icmaya zidd hökm verməmək üçün mövcud olan icmalardan və fikir ayrılıqlarından xəbərdar olmalıdır.

5. Qiyası bilmək. Müctəhid düzgün hökm verə bilmək üçün qiyasın bütün növlərini, ünsürlərini (rüknlərini), şərtlərini, məqbul və qeyri-məqbul növlərini, qiyas tətbiq etmə səbəblərini anlamalıdır.

6. Fiqh üsulu elmini (İslam hüquq metodologiyasını) bilmək. Müctəhid şəriət dəlillərini, bunlardan hökm çıxarma yollarını, sözlərlə əlaqədar qrammatik qaydaları, dəlillər arasındakı üstünlüyü seçə bilmə yollarını mükəmməl mənimsəməlidir ki, düzgün hökm verə bilsin.

7. Müctəhid dini hökmlərin məqsədini bilməli, İslam şəriətinin əsas qayəsini qavramalıdır.

8. Xoş niyyətli, sağlam əqidəli olmalıdır.

Müəllif: İslam.az


more post like this