Bismillahir Rəhmanir Rəhim…
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə…

Görəsən etibarlı (mötəbər) bir hədis vardırmı ki, İmam Əlinin (ə) Kəbə evində anadan olmasını sübut etsin?
Şiələrin nəzərində İmam Əlinin (ə) Kəbə evində anadan olması məsələsi qəti və mütəvatirdir. Eyni zamanda bütün İslam alimləri ittifaq və icma etmişlər ki, Kəbə evində İmam Əlidən (ə) başqa heç kəs doğulmamışdır. Məşhur şiə alimlərindən olan Şeyx Müfid bu haqda belə yazır: “İmam Əli (ə) Məkkədə Kəbə evinin içərisində Rəcəb ayının 13-də Cümə günü Fil ilindən 30 il keçəndən sonra doğulmuşdur. Ondan əvvəl və ondan sonra da heç kim onun kimi Allah evində doğulmamışdır. Bu hadisə Allah tərəfindən onun üçün bir hədiyyədir. Doğuş yerinin hörmətli bir yer olması isə İmam (ə) üçün bir əzəmətdir”. (Şeyx Müfid “İrşad” c. 1, səh. 5)

Əhli-sünnə alimləri arasında da həmçinin bu məsələ qətidir və bəziləri bu barədə gələn hədisləri təvatür həddində bilmişlər. Bu alimlərdən bəzilərinin adlarını və bu hadisə barədə onların əqidələrini qeyd edirik:
1) Hakim Nişapuri (hicri 405-ci ildə vəfat etmişdir) adlı alim belə yazır: “Mütəvatir hədislərdə rəvayət olunmuşdur ki, Fatimə binti Əsəd Əmirul-muminin Əli ibni Əbu-Talibi-kərrəməllahu vəchəhu-Kəbənin içində dünyaya gətirmişdir”. (Hakim Nişapuri “Müstədrək aləs-səhiheyn” c. 3, səh. 550.Beyrut, 1990-cu il).
Zəhəbi, Süyuti, Əbu-İshaq Şirazi, İbn Xəlkan, Əbul-Fida kimi əhli-sünnənin məşhur və böyük alimləri Hakim Nişapurinin adını hörmətlə yad etmiş və onu hədis alimlərinin böyüyü hesab etmişlər. Bircə Hakim Nişapurinin sözü bu hadisənin həqiqət olmasına kifayət edir, amma biz başqa alimlərin də nəzərinin qeyd edirik ki, mövzu oxuculara daha da aydın olsun.

2) Şah Vəliyyullah Dehləvi (hicri 1176-cı ildə vəfat etemişdir) adlı alim özünün “İzalətul- xəfa ən xilafətil-xuləfa” adlı kitabında İmam Əlinin (ə) fəziləti haqqında belə yazır: “Onun (ə) fəzilərlərindən biri də budur ki, əzəmətli Kəbənin içərisində doğulmuşdur”.
Dehləvi adlı bu alim Mühəddis Hind adı ilə məşhurdur. “İzalətul-xəfa c. 4
Bu alim Hindistanın ən üstün etibarlı və böyük alimlərindən olmuşdur.

3) Səbt ibni Couzi (hicri 654-cü ilində vəfat etmişdir) adlı alim özünün “Təzkiratul-xəvvas” kitabında belə yazır: “Rəvayət edilmişdir ki, Fatimə binti Əsəd hamilə olduğu halda Allahın evini təvaf edirdi. Bu vaxt onun doğuş sancısı tutur və Kəbənin qapısı onun üzünə açılır və ora daxil olub həmlini yerə qoyur (yəni doğur)”.
Səbt ibni Couzi Əl-Hənəfi əl-Bağdadi “Təzkiratul-xəvvas”: səh.20.Beyrut, 1981-ci il. Bu alim Əhli-sünnənin sayılan və böyük alimlərindən olmuşdur.

4) Məsudi (hicri 346-cı ildə vəfat etmişdir) adlı alim özünün “Muruvvəcuz-zəhəb” adlı məşhur kitabında İmam Əlinin (ə) Kəbə evində doğulması haqqında belə yazır: “Onun doğulması Kəbə evinin içərisində baş vermişdir”.
Məsudi Əli ibnul-Hüseyn Şafei “Muruvvəcuz-zəhəb” c. 1, səh. 313.
Bu alim Reyğəmbərin (s.a.a.) məşhur səhabələrindən oaln Abdullah ibni Məsudun nəvələrindən hesab olunur.Eyni zamanda əhli-sünnənin məşhur, hörmətli hesab olunan böyük tarix alimi olmuşdur. Özü də Misir sakinidir.

5) Məhəmməd ibni Yusif Gənci Şafei (hicri 658-ci ildə vəfat etmişdir) adlı alim özünün məşhur “Kifayətut-talib” əsərində belə yazılır: “Əmirul-muminin Əli ibni Əbu-Talib (ə) Məkkədə Allahın hərəmi olan evdə – Kəbə evində – Cümə gecəsi Rəcəb ayının 13-cü gecəsi Fil ilindən 30 il keçəndən sonra doğuldu. Ondan başqa heç kəs nə əvvəl, nə də ki, sonra Allahın hərəmi olan evdə doğulmamışdır. Bu hadisə Allah tərəfindən onun üçün bir hədiyyədir və doğuş yerinin hörmətli bir yer olması isə (İmam (ə) üçün) bir əzəmətdir”.
Məhəmməd ibni Yusif Gənci Şafei “Kifayətut-talib fi Mənaqibi Əli ibni Əbi-Talib” səh. 407. Tehran, hicri-qəməri 1404-cü il.
Bu alim əhli-sünnənin böyük alimlərindən, ədiblərindən, mühəddislərindən və şairlərindəndir. Özü də Dəməşq (keçmiş Şam şəhəri) əhlindəndir.

6) İbni Səbbağ Maliki (hicri 855-ci ildə vəfat etmişdir) adlı alim özünün “Əl-fusulul-muhimmə” adlı məşhur əsərində belə yazır: “Əli (ə) şərəfli Məkkədə, Beytul-həramda (Kəbədə) Allahın ayı olan Rəcəb ayının 13-də Cümə günü Fil ilindən 30 il sonra, hicrətdən 23 il qabaq doğulmuşdur. Bəziləri deyib ki, Peyğəmbərimizə (s.a.a.) peyğəmbərlik veriləndən (məbəsdən və ya besətdən) 12 il qabaq və ya 10 il qabaq doğulmuşdur və ondan qabaq heç kəs Beytul-həaramda (Kəbədə) doğulmamışdır. Bu uca Allahın ona aid etdiyi məxsusi bir fəzilətdir ki, onun mərtəbəsini və dərəcəsini uca edərkən hamıya göstərmşdir”.
İbn Səbbağ Maliki “Əl-Füsulu-muhimmə fi mərifətil-əimmə” c. 1, səh. 171.Qum, hicri-qəməri 1422-ci il.
Bu alim Maliki məzhəbinin böyük, hörmətli və məşhur alimlərindən hesab olunur.Özü də Məkkə əhlindəndir.

7) Hələbi (hicri 1044-cü ildə vəfat edib) adlı alim özünün “Sirətu-Hələbi” adlı məşhur əsərində belə yazır: “Həqiqətən o (yəni İmam Əli (ə)) Kəbə evinin içərisində doğulmuşdur. Bu zaman Peyğəmbər (s.a.a.) 30 yaşında idi”.
Əl-Hələbi Əli ibni Burhanud-din “Əs-siratul-Hələbiyyə fi sirətil-əminil-məmun” c. 1, səh. 226. Beyrut, hicri-qəməri 1400-cü il.
Bu alim əhli-sünnənin böyük və hörmərli alimlərindən hesab olunur.

Əziz oxucular! Çox təəssüf ki, bu qədər dəlillərdən sonra İmam Əlinin (ə) düşmənləri öz xüsusiyyətlərinə uyğun olaraq İmam Əliyə (ə) məxsus olan bu fəziləti də təmamilə inkar etmiş ya da ki, kimisə ona şərik qoşmuşlar. Onlar belə rəvayət uydurublar ki, Həkim ibni Hizam adlı birisi də Kəbədə doğulmuşdur. Bu rəvayəti ilk dəfə hicrətin 256-cı ilində vəfat etmiş Zubeyr ibni Bikar nəql etmişdir. Bu rəvayət bu tarixdən başqa heç bir əhli-sünnə kitablarında nəql olunmamışdır. Ondan sonra da kim bu rəvayəti nəql etmişdirsə bu rəvayəti elə Zubeyrin özündən nəql etmişlər. Zubeyr ibni Bikar özünün “Cəmhərətu nəsəb Qurəyş və əxbariha” kitabının c. 1, səh. 77-də belə nəql edir ki, Həkim ibni Hizamın anası Qureyş qəbiləsinin qadınları ilə birlikdə Kəbə evinə daxil oldular. O hamilə idi və birdən sancısı tutdu və həmlini yerə qoydu (yəni doğdu). Zubeyr ibni Bikar ibni Abdullah bu rəvayəti Musəb ibni Osman ibni Musəb ibni Ur və İbni Zubeyr ibni Əvamdan nəql etmişdir ki, bu rəvayətin sənədində bəzi nöqsanlar var. Bu nöqsanlar aşağıdakılardır:
1) Musəb ibni Osman məçhuldur (yəni tanınmayan bir şəxsdir) və Rical kitablarının heç birində onun adı yoxdur.
2) Hədis mürsəldir (yəzi zəifdir), çünki Musəb ibni Osman bu hadisədən 10 il sonra doğulmuşdur. Bəs necə ola bilər ki, bu hadisədən xəbər verə bilsin?
3) Bu rəvayət Zubeyrin övladlarının və xüsusilə də Zubeyr ibni Bikarın quraşdırdığı və qondardığı yalanlardan və uydurmalardandır ki, bunu da Əhli-Beytə (ə) bəslədikləri kin, nifrət, düşmənçilik və həsədə görə bu cür etmişlər ki, İmam Əmirul-muminin Əli ibni Əbi-Talibin (ə) məxsus olduğu fəzilətlərə kölgə salıb bu fəzilətləri sual altında qoysunlar. Başqa bir tərəfdən də Həkim ibni Hizam Zubeyrin övladları ilə əmi oğludur. Belə ki Həkim ibni Hizam ibni Xuveylid ibni Əsəd ibni Əbdul-Üzzadır və Zubeyrin nəsəbi də Əsəd ibni Əbdül-Üzzaya çatır. Belə ehtimal olunur ki, Zubeyr övladları əmi oğlanları ilə olan dostluğa görə bu mövzunu quraşdırmışlar.

Islamadogru.biz


more post like this