Hüseynsevərlər üçün xüsusi bir aydır şaban. Bu ayın 3-cü günü şəhidlər sərvəri İmam Hüseynin (ə) mövlud günüdür. Kərbəla qəhrəmanı Əbülfəzl Abbasın (ə) mövludu isə ayın 4-dür. Fədakarlığın, zülmə müqavimətin simvolu olan Həzrət Abbasın (ə) mövludu. Şabanın 5-i isə İmam Hüseyn (ə) yadigarı, Aşura şahidi, Kərbəla müsibətini dünyaya car çəkən, zalım yezid istibdadını titrədən İmam Zeynələbidinin (ə) – Hüseyn oğlu Əlinin (ə) mövlud günüdür. Bəndəlik simvolu olan, səcdə simvolu olan Səccadın (ə) mövludu.

Bütün dünyada azadələrin simvolu olan bir şəxsiyyətin mövludu olan bir aydır şaban ayı. Baxsaq, görərik ki, bir bu 3 gündə nə böyük mənəvi potensial vardır. Ayın ortasında isə – «Nimeyi-şaban» adı ilə məşhur olan 15-ci gündə Zəmanə Sahibi Həzrət Mehdinin (ə.f.) mövludu günüdür. Bəşəriyyətin gəlişinin intizarında olan bir kəsin mövlududur «Nimeyi-şaban»da. Haqq-ədalət simvolunun, bəşəriyyəti zülmdən qurtaracaq bir mübarək ismin mövlududur o gün…

Bütün öz misilsiz xüsusiyyətləri ilə yanaşı, şaban ayı bu 4 mübarək mövlud günləri sayəsində dərkedilməz bir yüksəkliyə qalxır. Mümkün deyil ki, insan istəsin Allahdan, çalışsın, səy etsin və bu böyüklükldə mənəvi potensialın müqabilində əliboş qalsın. Amma insan öz işlərini proqramlaşdırmasa, özünü hazırlamasa, qəlbi ilə məşğul olmasa, səy etməsə mənəviyyat süfrəsinin yanında əyləşməkdən özünü məhrum edə bilər. Allah Təala cəmi insanlara Öz nəzərini salsın və bu ayın bərəkətlərindən bəhrələnməyi nəsib etsin!

Ceferlier.com


more post like this