Şeyx Nəsirəddin Tusi öz “Möhtəşəm əxlaq” əsərində belə nəql edir: “Təslimiyyət və ixlasın kamilliyi Allahın dostları ilə dostluqda, zöhdün və cihadın kamilliyi isə Onun düşmənləri ilə düşmənçilikdədir”. Bu bir cümlədə gizlidir Kərbəlanın mənzərəsi. Kərbəla vaqiəsi irfani, fəlsəfi, ictimai, tarixi və s. tərəfləri ilə bərabər həm də tək-tək insanları Haqqın ələyindən keçirən fərdi bir imtahan meydanı idi. Ələkdən keçənlər fəna qazanına düşüb eşq atəşində bişdilər. Keçməyənlər isə əbədi zillət və rəzalətə tuş gəldilər.

 

Kərbəla Allahın hərəmi idi. Allah öz hərəminə hər kəsi məhrəm etməz. Hərəmə girməzdən qabaq hazırlıq tələb olunar. Həmin hazırlıq Kərbəlaya girənlərin fitri istedadı idi. “İstedad” sözü ərəb dilində “istəəddə” (hazırlamaq) felindən olub “hazırlıq” deməkdir. Allah bəndələrini yazdığı qədərə hazırlayandır. Hazırlamaq müəyyən mətləbləri öyrətmək, təlim və tərbiyə etməkdən ibarətdir. Ən böyük tərbiyə edən rəbb Allahdır. Kərbəla çölünə daxil olanlar Allahın öz əli ilə seçdiyi kəslər idi. Seçim ayrıseçkiliyə, ayrıseçkilik isə ədalətsizliyə aparıb çıxarır. Amma Allah sonsuz hikmət və ədalət sahibidir. Bu seçimdəki birinci şərt insanların fitrətindəki qabiliyyətə əsaslanırdı. Hədisdə deyilir: “Hər doğulan fitrət üzərində doğular”. Fitrəti qoyan da Allah özüdür. Deməli, fitrətlərin fərqlənməsi və onun əsasında insanların fərqli olmasında Allahın bizə məlum etdiyi və etmədiyi öz hikmətləri vardır. Əgər Allah zülməti göstərməsəydi, nuru tanınmazdı. Nur sahibi olan insanlar dünyaya gəldiyi kimi, zülmət sahibləri də gəlməli idi. Məhz bu iki qarşı qüvvənin əyani sübutu Kərbəla vaqiəsi oldu.

 

İkincisi, Allahın ədaləti Kərbəlaya daxil olanları bəxş edəcəyi üxrəvi nemətlərin müqabilində dünyada iztirablara düçar etməsi idi ki, digərləri həmin iztirablara tab gətirə bilməzdi. Tab gətirə bilməyəckləri üçün də dünyada onlara əmin-amanlıq verib axirətdəki həmin zövqü onlardan almışdı. Eyni zamanda Kərbəlaya gəlməkdən çəkinənlər, yaxud oradan geri qayıdanların bir çoxunu peşmanlıq və xəcalət yükü ilə yükləyərək iztirab vermiş, sonradan şəhid olmaq, yaxud da ömrünün axırına qədər xəcalət pərdəsi altında yaşamaqla dünya iztirabını artırıb axirətdə öz müəyyən etdiyi neməti onlara bəxş etmişdir. Çünki dünya və axirət Allahın ədalət tərəzisinin iki qoludur. Birində olmayan digərində mütləq olar.

 

Beləliklə, Kərbəla çölündə bütün həqiqətlər üzə çıxdı. Batinlər zahir oldu, niyyətlər faş oldu. Həqiqətdə, Kərbəlada Hüseynə (ə) qoşulmayanların bu hərəkətinin səbəbi Allahın öz istəyi idi. Qeyd etdiyimiz kimi, Allah məhz Məhərrəm ayının onuncu günü Kərbəlada görmək istədiklərini o çöldə cəm etmiş, öz dostunun dostlarını özü onun yanında qərar vermişdi. Allahın bu seçiminə nail olmağın başlıca şərti və maneəsi niyyətdəki gizli “mən”dir. Kərbəlaya yetişdikdə kimlərsə özünü fikirləşdi, kimlərsə yarımçıq qalmış işini, ailəsini, övladını fikirləşdi. Hüseynin (ə) yanında axıra qədər qalanlar yalnız Haqqı fikirləşmişdilər. Haqq isə Hüseyndə (ə) idi. Odur ki, Kərbəla meydanının mərdləri Hüseynə (ə) iqtida edib eşq namazını qıldılar. Öz “mən”lərini Onun “mən”ində qərq edənlər ölməmişdən qabaq öldülər, vəhdət dəryasına baş vurdular. Kərbəla çölündə olan yetmiş iki nəfərdən hər biri eynilik məqamında çevrilib Hüseyn oldu. Hüseyn isə özü yox olub öz vücudunu Allahın tövhid dənizində itirdi.

 

Hüseynin (ə) yanında olanların şəhadət fəlsəfəsinin birinci və önəmli məqamı bu idi. Digər bir məqam isə məqalənin əvvəlində qeyd olunan təvəlla və təbərra məsələsidir. Şeyx Tusi nəql edir ki, hikmət sahiblərindən biri demişdir: “Din təvəlla və təbərradan ibarətdir”. Bu o deməkdir ki, haqla batil üz-üzə gələrkən üçüncü seçim olmur. Çünki dinin aradan getməsi təhlükəsi olduqda və ictihad sahibi əmr verdikdə mübarizə aparmaq vacibdir. Belə bir məqamda bitərəf mövqedə dayanmaq belə Haqq əhlini meydanda tək qoymaq anlamı ilə batilə dəstək vermək hesab olunur. Buna görədir ki, digər bir yerdə Şeyx buyurur: “Təslimiyyət və ixlasın kamilliyi Allahın dostları ilə dostluqda, zöhdün və cihadın kamilliyi isə Onun düşmənləri ilə düşmənçilikdədir”.

 

http://canderyasi.com


more post like this