İslamın mahiyyəti – insanlığın nicat və səadətidir. Hikmət sahibi olan Xaliq tərəfindən dini inanclar, əxlaqi və fiqhi hökmlərin də, insana yaradılışındakı hədəfi öyrətmək üçün nazil olmuş və bütün bu sadalananlar insanın ruhi və cismi, maddi və mənəvi, fərdi və ictimai ehtiyaclarını ödəməkdən ötrüdür. Qadının örtünməsinə aid olan İlahi hökm də, məhz bu hədəfə diqqət yönəltmə üçün göndərilmişdir. Hicab mövzusu çox qədim zamanlardan həm qərb, həm də şərq alimlərinin, ziyalılarının diqqətini özünə cəlb edərək, onların bu sahədə müzakirələr etmələrinə və araşdırmalar aparmalarına səbəb olmuşdur. Bu mövzu ətrafında aparılan təhlil və araşdırmalar nəticəsində bəzi alimlər hicabı «məhdudluq» göstəricisi və əmsalı sayaraq, onu İslami cəmiyyətdə qadının ictimai və fərdi yaşayışının zayedilmə amili kimi qiymətləndirmişlər. Bu səbəbdən onlar hicabın qadağan edilməsi və ya ən azı ixtiyari olması fikrini irəli sürmüşlər.
Həqiqətdə hicab nədir?

İslamda hicabın mahiyyəti

«Hicab» ərəb kəlməsi olub «örtmək», «örtük» mənasındadır və əksər hallarda «pərdə» mənasını da ifadə edir. Çünki pərdə özü də örtük vasitəsidir. Lakin bir çoxları hicabın «pərdə» mənasında olmasını yanlış başa düşdüyündən belə güman edirlər ki, İslam dini qadının həmişə pərdə arxasında, evdə məhbus olmasını və xarici mühitdən təcrid olmasını istəyir. Filosof Şəhid Mürtəza Mütəhhəri bu barədə belə buyurub: «İslamda qadın örtüyü bu mənadadır ki, qadın kişilərin yanında öz bədənini örtsün və öz bədən üzvlərini açıb başqalarına göstərməsin. Quran ayələri də, məhz bu mənanı çatdırır və fəqihlərin fətvaları bu mətləbi qüvvətləndirir».
Örtüyün vacibliyi, bədənin hansı miqdarda örtünməsi, habelə qadınların kişilərlə ünsiyyətdə olmasının həddi-hüdudu Qurani-Kərimin «Nur» və «Əhzab» surələrinin bəzi ayələrində bəyan olunmuşdur. Bunu da qeyd etməliyik ki, bu mənanın çatdırılmasında heç də «hicab» kəlməsindən istifadə edilməmişdir.
Qadın şəxsiyyətinə son dərəcə hörmətlə yanaşan dinimizin hicabı vacib etməkdə məqsədi budur ki, qadının vücudunda qeyri-insani, nifrət oyadan, onu cahil görünüşlü bir şeyə çevirən və kişilərdə ləzzət, təmənna, şəhvət hisslərini oyadan şeylər yox, onun əsl insani keyfiyyətləri görünsün. İslam qadını kamil bir insan kimi tərbiyə etmək istəyir.

WWW.KOVSER.AZ


more post like this