514. Hesab-kitab

1570. Allahın Peyğəmbəri (s) :«Agah olun! İndi siz elə bir gündə yaşayırsınız ki, əməl vaxtıdır və burada hesab-kitab yoxdur. Tezliklə elə bir günə çatacaqsınız ki, orada hər şeyin hesabı sorulacaq və əməl olmayacaq.» [1]

1571. İmam Əli (ə) :«Haqq-hesaba yetişmək cəzadan əvvəldir, mükafat isə haqq-hesabdan sonra.»[2]

 

515. Nəfsin sorğu-sualına həvəsləndirmək

Quran

«Ey iman gətirənlər! Allahdan qorxun və hər kəs öz sabahı üçün nə hazırladığına baxsın. Allahdan qorxun ki, Allah etdikləriniz əməllərdən agahdır.» [3]

Hədis

1572. Allahın Peyğəmbəri (s) :«Sizdən haqq-hesab soruşulmamış nəfsinizdən haqq-hesab çəkin, sizləri (əməllərinizi) ölçməmişdən əvvəl öz nəfsinizi tərəziyə qoyun və o böyük haqq-hesab gününə hazırlaşın.» [4]

1573. İmam Əli (ə) :«Öz nəfslərinizi hesab-kitabla (ipilə) bağlayın və ona (nəfsə) qarşı çıxmaqla cilovunu öz əlinizə keçirin.» [5]

1574. İmam Səccad (ə) :«Ey Adəm övladı! Özün-özünə vaiz olduğun və öz nəfsinin sorğu-sual etdiyin vaxta qədər həmişə xeyir-bərəkət içində yaşayacaqsan.»[6]

1575. İmam Kazim (ə) :«Hər gün öz nəfsinin hesabına yetişməyən kəs bizdən deyil. Hər kəs baxsın, əgər yaxşı bir əməl edibsə, ondan daha çoxunu əməl etmək üçün Allahdan uğur diləsin və buna görə Allaha şükr etsin. Əgər bir pis iş görübsə, Allahdan bağışlanmağını istəsin və tövbə etsin.»[7]

 

 

 

 

516. Nəfsi sorğu-sual etməyin səmərəsi

1576. İmam Əli (ə) :«Öz nəfsini sorğu-sual edən şəxs öz eyblərindən agah olar, günahlarını başa düşər, (yaxşılıq etməklə) onların əvəzini ödəyər və eyblərini aradan götürər.» [8]

1577. İmam Əli (ə) :«Öz nəfsinin hesabına yetişən şəxs mənfəət götürər, amma ondan (nəfsindən) qafil olan ziyana uğrayar və hər kəs qorxarsa, amanda qalar.» [9]

1578. İmam Əli (ə) :«Öz nəfsinin hesabına yetişən şəxs xoşbəxt olar.»[10]

 

517. İnsandan soruşulan ilk şey

1579. Allahın Peyğəmbəri (s):«Bəndədən soruşulacaq ilk şey biz Əhli-Beytin məhəbbəti olacaq.»[11]

1580. İmam Sadiq (ə) :«Bəndə Allah-taala qarşısında dayanan zaman ondan soruşulacaq birinci sual vacib namazlar, vacib zəkat, vacib oruc, vacib həcc və biz Əhli-Beytin vilayəti barədə olacaq. Əgər bizim vilayətimiz və məhəbbətimizi e‘tiraf edərək bu dünyadan gedərsə namazı, orucu, zəkatı və həcci qəbul olunacaq.»[12]

 

518. Barəsində sorğu-sual olmayacaq şey

1581. Allahın Peyğəmbəri (s):«Qiyamət günü, Allah yolunda sərf olunan nemətlərdən başqa hər bir nemət barədə sorğu-sual olacaq.»[13]

1582. İmam Əli (ə) :«Hər kəs, xörək yeyən vaxt Allahın adını çəkərsə, heç vaxt o təamın neməti barədə sorğu-sual olunmayacaq.» [14]

1583. İmam Baqir (ə) :«Bəndə üç şey barədə sorğu-suala çəkilməyəcək:  özünün örtünməyi üçün istifadə etdiyi bir tikə parça, aclığını aradan götürmək üçün yediyi bir tikə çörək və onu isti-soyuqdan qoruyan ev.» [15]

 

519. Barəsində sorğu-sual olunacaq şey

1584.  Allahın Peyğəmbəri (s) :«Qiyamət günü bəndə dörd şey barədə sorğu-sual olunmayınca öz yerindən bir addım belə tərpənməyəcək: ömrünü nəyə sərf etməyi barədə, cavanlığını hansı yolda başa vurması haqda, malını hansı yolla qazanması və hansı yolda xərclədiyi və biz Əhli-Beytin məhəbbəti barədə.» [16]

1585. İmam Sadiq (ə): – «O gün nemət barədə sorğu-sual ediləcəksiniz» ayəsi haqda- «Bu ümmət Allah-taalanın ona bəxş etdiyi Allahın Rəsulunun vücudu (s) və sonra onun Əhli-Beytinin (ə) vücudunun neməti barədə sorğu-sual olunacaq.»[17]

 

520. Qiyamət gününün hesabını asanlaşdıran şey

1586. Allahın Peyğəmbəri (s) :«Sənə verilən hər bir şeyə qənaət et ki, səninlə haqq-hesab olunanda işin asan olsun.»[18]

1587. Allahın Peyğəmbəri (s) :«Əxlaqını gözəl et ki, Allah-taala sənin hesabını yüngül etsin.»[19]

1588. İmam Sadiq (ə) :«Sileyi rəhm Qiyamət gününün hesabını asanlaşdırar.» Sonra bu ayəni oxudu:«O kəslər ki, Allah-taala birləşməyinə əmr verdiyi şeyləri birləşdirir, öz Rəbblərindən qorxur və (Qiyamət günündə) hesabın çətinliyindən ürəklərində xof vardır.» [20]

 

521. İnsan kütlələri haqq-hesab günündə

1589. İmam Əli (ə) :«Qiyamət günü camaat bir neçə dəstəyə bölünər:«Onların bəziləri qısa müddətdə haqq-hesab olunar və şad halda öz ailələrinin yanına qayıdarlar. Bəziləri (vücudlarında) dünyavi çirkabdan heç bir şey olmadığına görə haqq-hesab olunmadan Cənnətə daxil olar. Burda dünya çirkabına bulaşan orada haqq-hesaba çəkiləcək. Bəziləri də xurma çərdəyinin arxasının çalası və xurma ilə çərdəyi arasında olan nazik qabıq barədə (yəni, əməllərinin ən xırda cüziyyatı xüsusunda) sorğu-sual olunacaq və şö‘lələnən əzab alovuna düşəcəklər.»[21]

522. Haqq-hesabın çətin və sərt olması

1590. İmam Sadiq (ə) «Hesab gününün çətinliyindən qorxurlar» ayəsi barədə buyurub:«Yaxşılıq və pisliklərinin dəqiq, hərtərəfli hesabı aparılacaq.»[22]

 

523. Hesabları asan olan kəslər

Quran:

«Əməl naməsi sağ əlinə verilən kəsin hesabı asan olacaqdır.»[23]

Hədis:

1591. İmam Baqir (ə):«Allahın Rəsulu (s) buyurdu:«Haqq-hesabı aparılan şəxs əzab çəkəcək.» Bir nəfər o Həzrətə (s) ərz etdi:«Ey Allahın Rəsulu! Bəs, Allah-taalanın bu sözü necə olsun:«….haqq-hesabları asan olacaq.» Allahın Peyğəmbəri (s) buyurdu: «Bu təqdim etmək və vərəqləməkdir.» (Sorğu-sual deyil.)[24]

 

524. Sorğu-sual olunmadan Cənnətə gedənlər

Quran

«De! Ey iman gətirən bəndələr! Öz Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edən kəslər üçün yaxşı mükafat vardır. Allahın yeri genişdir. Səbr edənlərin mükafatı hesabsız və bütünlüklə veriləcək»[25]

Hədis

1592. Allahın Peyğəmbəri (s):«Allah-taala buyurur:«Ey Mənim yolumda vuruşan və Mənim yolumda öldürülən, əziyyət çəkən və Mənim yolumda cihad edən bəndələrim, Cənnətə daxil olun.» Sonra onlar əzab görmədən və sorğu-sualsız Cənnətə daxil olarlar.»[26]

1593. İmam Səccad (ə) :«Allah-taala Qiyamət günü bütün insanları toplayanda carçının səsi eşidiləcək:«Hanı səbr edənlər, sorğu-sualsız hamılıqla Cənnətə daxil olsunlar… «Mələklər onlara deyərlər:«Siz kimsiniz?» Deyərlər:«Səbr edənlərik.» Mələklər soruşarlar:«Siz nəyə səbr etmisiniz.» Cavab verərlər: «Allaha itaət yolunda və günahlardan çəkinməkdə səbr etmişik.»[27]

1594. İmam Səccad (ə):«Allah-taala Qiyamət günü bütün insanları birincidən axırıncı nəfərədək bir yerdə cəm etdiyi zaman carçı qalxıb hamının eşidə biləcəyi səslə qışqırar: «Hanı, Allaha xatir məhəbbət bəsləyənlər?» Bu vaxt camaatın içindən bir dəstə insan ayağa qalxar. Onlara deyilər:«Sorğu-sualsız Cənnətə daxil olun.»[28]

1595. İmam Sadiq (ə) :«Qiyamət günü xalqın içindən bir dəstə insan qalxıb Cənnətin qapısına gələcək və qapını döyəcək. Onlardan soruşacaqlar. «Siz kimsiniz?» Deyəcəklər:«Biz yoxsullarıq.» Deyiləcək:«Sorğu-sual olmamış cənnətə daxil olmaq istəyirsiniz?» Cavab verərlər:«Bizə bir şey vermişdiniz ki, onun barəsində də sorğu-sual edəsiniz?» Sonra Allah-taala buyurar:«Doğru deyirlər,  Cənnətə daxil olun.»[29]

1596. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) buyurdu:«Əməl namələri açılan və tərəzilər qurulan zaman bəla görənlər üçün tərəzilər qurulmaz və əməl namələri açılmaz.» Sonra bu ayəni oxudu:«Həqiqətən, səbr edənlərin mükafatı bütünlüklə veriləcək…»[30]

 

525. Sorğu-sual olunmadan Cəhənnəmə daxil olanlar

1597. Allahın Peyğəmbəri (s) :«Allah-taala yalnız Allaha şərik qoşanlardan bütün insanlarla hesab çəkəcək. Qiyamət günü onların sorğu-sual olunmadan Cəhənnəmə atılmaları əmr olunacaq.»[31]

1598. Allahın Peyğəmbəri (s):«Altı dəstə, altı xasiyyətə görə sorğu-sualsız Cəhənnəmə gedəcək.» Ərz olundu:«Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, onlar kimlərdir?» Buyurdu:«Əmirlər (rəhbərlər) zülm etdiklərinə görə, ərəblər (qəbilə və nəsil) təəssübkeşliyinə görə, mülkədarlar təkəbbürə görə, tacirlər xəyanətə görə, kəndlilər cahilliyə görə və alimlər paxıllıqlarına görə.»[32]

1599. İmam Sadiq (ə) :«Üç nəfəri Allah-taala sorğu-sualsız Cəhənnəmə aparacaq:Yolunu azmış və zalım rəhbəri, yalan danışan taciri və zinakar qocanı.»[33]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Əlaməd-Din, səh.345

[2] Ğurərul-Hikəm, hədis 380

[3] Həşr, ayə 18.

[4] Biharul-Ənvar, c70, səh.73, hədis 26

[5] Ğurərul-Hikəm, hədis 6794

[6] Tuhəful-Uqul, səh.280

[7] əl-Extesas, səh.26

[8] Ğurərul-Hikəm, hədis 8927

[9] Biharul-Ənvar, c70, səh.73, hədis 27

[10] Mustədrəkul-Vəsail, c12, səh.154, hədis 13761

[11] Uyunul əxbarul Reza (ə), c2, səh.62, hədis 258

[12] Əmali-Səduq, səh.212, hədis 10

[13] Biharul-Ənvar, c7, səh.261, hədis 10

[14] Əmali-Səduq, səh.246, hədis 13

[15] Nurəs-Səqəleyn, c5, səh.665, hədis 26

[16] əl-Xisal, səh.253, hədis 125

[17] Biharul-Ənvar, c7, səh.272, hədis 39

[18] Əlamud-Din, səh.344

[19] Biharul-Ənvar, c.71, səh.383, hədis 20

[20] Biharul-Ənvar, c.74, səh.102, hədis 54

[21] əl-İhticac, c.7, səh.572, hədis 137

[22] Biharul-Ənvar, c.7, səh.266, hədis 26

[23] İnşiqaq, ayə7-8

[24] Məani-Əxbar, səh.262, hədis 1

[25] Zümər, ayə 10

[26] Kənzul-Ummal, hədis 16635

[27] Biharul-Ənvar, c.82, səh.138, hədis 22

[28] Usuli Kafi, c.2, səh.126, hədis 8

[29] Usuli Kafi, c.2, səh.264, hədis 19

[30]  Nurus-Səqəleyn, c.4, səh.481, hədis 28

[31] Uyunul  Əxbari Reza(ə), c.2, səh.34, hədis 66

[32] Tənbihul-Xəvatir, c.1, səh.127

[33] əl-Xisal, səh.80, hədis 1


more post like this