Məsələ 774: Altı halda namaz qılan şəxsin bədəni və ya libası murdar olarsa, bu halda namaz qıla bilər:
1. Libas və ya bədən yara, zədə və ya çiban vasitəsi ilə qana bulaşdıqda.
2. Libasdakı və ya bədəndəki qan bir dirhəm ölçüsündən az olduqda (bir dirhəm təqribən şəhadət barmağının bir bəndi ölçüsündədir).
3. Corab və araqçın kimi xırda geyimlər murdarlandıqda;
4. Namaz qılanın üstündə murdarlanmış bir şey olduqda;
5. Uşaq saxlayan dayənin libası;
6. İnsan murdar bədən və ya libasla namaz qılmağa məcbur olduqda, məsələn, murdarlanmış libası dəyişmək mümkün olmadıqda, onu paklamaq üçün vaxt dar olduqda. Bu hallarda zərurət səbəbi ilə həmin libasla namaz qılmaq olar.
Bu mövzular növbəti Məsələlərdə şərh ediləcək.
Məsələ 775: Birinci üzürlü hal: Namaz qılanın bədəni və libası yara, zədə və ya çiban qanına bulaşmışdır, onları suya çəkmək çətindir. Nə qədər ki, yara, zədə və ya çiban sağalmayıb, insan bu halda namaz qıla bilər. Qanlı çirk gələn zaman, yaranın üzərindəki dərman murdarlandığı vaxt bu halda namaz qılmaq olar. Amma əgər yara sağalmışsa və libasdakı, ya da bədəndəki qanı yumaq asandırsa, bu iş görülməlidir.
Məsələ 776: Əgər libas və ya bədənin yaradan kənarda qalan hissəsi murdarlanarsa, onu suya çəkmək lazımdır. Yaradan gələn qanın daim sirayat etdiyi istisnadır.
Məsələ 777: Əgər yaranı tibbi parça ilə örtmək asansa və bu yolla qanın libasa və ya bədənə sirayatinin qarşısını almaq mümkündürsə, bu iş görülməlidir.
Məsələ 778: Əgər yara burunun və ya ağızın içindədirsə, oradan axıb bədənə və ya libasa dəydiyi vaxt vacib ehtiyat budur ki, bu halda namaz qılınmasın. Bədənin daxilindəki babasil qanı da bu hökmdədir.
Məsələ 779: Bədəni yaralı şəxs libasında və ya bədənində qan görərsə və bu qanın hansı qan olduğunu bilməzsə, həmin halda namaz qılmasına irad var.
Məsələ 780: Əgər bədəndə bir neçə yara olarsa və bu yaralar bir yara sayılacaq həddə yaxındırlarsa, bütün yaralar sağalanadək həmin halda namaz qılmaq olar. Amma yaralar o qədər aralıdırsa ki, hərəsi bir yara sayılsın, hər yara sağaldıqdan sonra bədən və libas onun qanındn təmizlənməlidir.
Məsələ 781: İkinci üzürlü hal: Əgər namaz qılanın libasındakı və ya bədənindəki qan bir dirhəm ölçüsündən kiçikdirsə, həmin halda namaz qılmaq olar. Bir şərtlə ki, bu qan heyiz, nifas, istihazə, eləcə də it və donuz, ölü heyvan, əti haram olan heyvanın qanı olmasın. Vacib ehtiyata əsasən, kafirin də qanı bu qəbildəndir.
Məsələ 782: Əgər qan libas və bədənin bir neçə yerinə yayılmışsa, birlikdə bir dirhəm ölçüsündən az olduqda namaz qılmaq olar.
Məsələ 783: Əgər qan libasın astarına da sirayat etmişsə, libasdakı və astardakı qan ayrıca hesablanır. Amma parça qalın olmadıqda onun üzü və arxası bir sayılır.
Məsələ 784: Bir dirhəm ölçüsündən az olan qan libası yumadan gedərsə, onun yeri murdardır. Amma bu halda namaz qılmaq olar.
Məsələ 785: Əgər libasdakı qan bir dirhəm ölçüsündən kiçik olarsa və onun üzərinə sidik kimi başqa bir murdar tökülərsə, bu halda namaz qılmaq olmaz.
Məsələ 786: Üçüncü üzürlü hal: Namaz qılan şəxsin ayıb yeri örtməyə bəs etməyəcək həddə xırda geyimləri (Məsələn, araqçıq, corab) murdarlanarsa, onlarla namaz qılmaq olar. Murdarlanmış üzük və eynək də bu qəbildəndir.
Məsələ 787: Dördüncü üzürlü hal: Əgər namaz qılan şəxsin cibində ayıb yeri örtəcək ölçüdə murdar dəsmal və ya başqa bir şey olarsa, onunla namaz qıla bilər. Başqa murdar əşyalar da bu qəbildəndir. Amma müstəhəb ehtiyat budur ki, onlardan pəhriz edilsin.
Məsələ 788: Beşinci üzürlü hal: Körpə uşağa dayəlik edən və libasını namaz üçün asanlıqla paklaya bilməyən qadın gündə bir dəfə libasını paklayarsa onunla namaz qıla bilər. Onun libası uşaq sidiyi ilə murdarlansa da eyni hökmdədir. Amma ehtiyat budur ki, libasını qılacağı birinci namaz üçün suya çəksin.
Məsələ 789: Əgər adi geyim kimi vasitələrlə uşaqdakı murdarlığın sirayat etməsinin qarşısını ala bilərsə bunu etməlidir. Əgər bir neçə libası varsa pak libasdan istifadə etməlidir.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this